“Cerecyan Ermənistanda soyuq qarşılanır” Siyasət

“Cerecyan Ermənistanda soyuq qarşılanır”

Mübariz Əhmədoğlu: "Görünür, Ermənistan rəhbərliyini ayıltmağa gəlib"

"Ermənilərin ümummilli məsələlərdə həmrəy olması mifi puç oldu". Bunu bu gün Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, ermənilərin ümummilli məsələlərdə həmrəy olması mifi puç oldu: "Birincisi, bunu "erməni soyqırımının" 101-ci il dönümü ərəfəsində Şarl Aznavura Ermənistanda göstərilən münasibət sübut etdi. Şarl Aznavuru "Avrora" müsabiqəsinə yekun vurmaq üçün dəvət edən Ermənistan rəhbərliyi həm də Hollivud aktyoru C. Klunini dəvət etmişdi. C.Kluni "erməni soyqırımına" həsr olunmuş beynəlxalq konfransda prezident S.Sərkisyanla Xİ naziri E.Nalbandyanın arasında oturmuşdu. Həmin ərəfədə Şarl Aznavuru "erməni soyqırımı" barədə çəkilmiş filmin qapalı təqdimatına göndərblər. Bu təqdimatda filmin rejissoru Şarl Aznavurun qızı və özündən başqa heç kim yox idi. Filmin geniş təqdimatı isə iyun ayında keçiriləcək. S.Sərkisyan Ş.Aznavurun beynəlxalq konfrans iştirakçıları qarşısında müxalif fikirlər səsləndirməsindən qorxduğu üçün görünür, bu addımı atır. Ş.Aznavur və qızı Seda Aznavur prezident S.Sərkisyandan onun korrupsionerliyindən və ədalətsizliyindən narazıdırlar. "Erməni soyqırımı" abidəsinin ziyarəti zamanı da C.Kluni Ş.Aznavura nisbətən daha ön planda idi. Ş.Aznavur Ermənistana gəlməzdən öncə Fransada prezident F.Olandla görüşüb, Dağlıq Qarabağdakı müharibəni müzakirə etmişdi. Ermənistan prezidentinin Ş.Aznavura belə münasibəti ümumerməni maraqları baxımından qəbuledilməzdir.
İkincisi, yüksək Kilikiya evinin başçısı I Aram "erməni soyqırımının" 101-ci ildönümünə dair tədbirlərdə iştirak etmədi. Dörd günlük müharibədən sonra dərhal Ermənistana və oradan da Qarabağa gələn I Aram görünür gördüklərindən aldığı nəticə onu digər tədbirdə iştirakına imkan verməyib.
Üçüncüsü, Edvard Cerecyan Ermənistana gəldi. Onu yalnız Xİ naziri E.Nalbandyan qəbul etdi. E.Cerecyan bütün ermənilər içərisində ən yüksək vəzifəyə çatmış şəxslərdən biridir. ABŞ prezidenti C.Buşun Müsəlman dünyası üzrə köməkçisi vəzifəsində işləmişdi. E.Cerecyan Dağlıq Qarabağ ətrafındakı əraziləri Azərbaycana qaytarmağı məsləhət bilmişdi. Onun fikrincə, 2014-cü ilədək ermənilər Dağlıq Qarabağ məsələsində Azərbaycanla uğurlu mübadiləyə gedə bilər. Lakin sonra Azərbaycan özü təkbaşına hər şeyi həll edəcəkdir. Onun bu proqnozu ermənilərin xoşuna gəlməmişdi. İndi E.Cerecyan Ermənistanda soyuq qarşılanır. Görünür, Ermənistan rəhbərliyini ayıltmağa gəlib. Lakin S.Sərkisyanın onunla görüşməməsi onun özünün və rəhbərlik etdiyi ölkənin dünya erməniliyi içərisində nüfuzunu xeyli zəiflədəcək".