Dağlıq Qarabağ həqiqətləri xarici mətbuatda Siyasət

Dağlıq Qarabağ həqiqətləri xarici mətbuatda

Argentinalı professor Ermənistanı işğalçı dövlət adlandırıb

Argentinanın aparıcı beyin institutlarından biri olan Argentina Beynəlxalq Əlaqələr Şurasının (CARİ) rəsmi internet səhifəsində "Ermənistan və Azərbaycan arasında yeni toqquşmalar" başlıqlı məqalə dərc olunub.
Argentinanın La Plata Dövlət Universtitetinin Beynəlxalq Əlaqələr İnstitutunun professoru, Azərbaycanşünaslıq kafedrasının koordinatoru Paulo Botta tərəfindən yazılmış məqalədə Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, münaqişənin regionda yaratdığı nəticələr, region ölkələrinin və digər beynəlxalq güclərin münaqişənin həllində oynadığı rol, münaqişənin həlli istiqamətində aparılan danışıqlar, habelə təmas xəttində baş vermiş son gərginliklər barədə məlumat verilir.
Məqalədə Azərbaycanın ərazi bütövlüyünün vacibliyi, işğal olunmuş ərazilərin Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, bunun beynəlxalq təşkilatların sənədlərində, o cümlədən BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının qətnamələrində öz təsdiqini tapdığı vurğulanır.
Habelə Ermənistan tərəfinin əsassız iddiaları, sülh danışıqlarını pozmaq və işğalı davam etdirmək niyyəti, bu siyasət nəticəsində Ermənistanın regionda təcrid olunduğu qeyd olunur.
Məqalədə Ermənistanın yalnız mübahisə etdikləri ərazini deyil, heç vaxt iddia etmədikləri, lakin Ermənistan Respublikası ilə Azərbaycanın Dağlıq Qarabağ zonası arasında birbaşa hərbi dəhliz kimi ehtiyac duyduqları digər Azərbaycan ərazilərini də işğal etdiyi yazılır.
Məqalədə qeyd olunur ki, "DQR" adlı qurum dünya birliyinin heç bir üzvü tərəfindən, o cümlədən Ermənistan rəsmiləri tərəfindən müstəqil dövlət kimi tanınmır, Dağlıq Qarabağın əhalisi pul vahidi kimi Ermənistan dramından, Ermənistan pasportundan istifadə edirlər.
Daha sonra Minsk Qrupunun fəaliyyətinin səmərəsizliyinə də toxunan müəllif, Rusiya, ABŞ, İran, Gürcüstan, Türkiyə kimi dövlətlərin də bu münaqişə ilə bağlı mövqe və fəaliyyətlərini də təhlil edib. Ermənistanın üzv olduğu Avrasiya İttifaqının və Kollektiv Təhlükəsizlik Təşkilatının digər üzvləri tərəfindən gözlədiyi dəstəyi almadığı vurğulanır.