60 ölkənin Qlobal Forumu keçirilib Siyasət

60 ölkənin Qlobal Forumu keçirilib

Qənira Paşayeva Qarabağ çağırışı edib

İordaniyada keçirilən qadın parlament üzvlərinin Qlobal Forumunda iştirak edən millət vəkili Qənirə Paşayeva forumdakı çıxışında dünyanın 60 ölkəsindən gəlmiş prezident, baş nazir, spiker, senator, deputat qadınlara Qarabağla bağlı çağırış edib. O, işğalçı Ermənistanın cinayətlərinə biganə qalmamağa çağırıb. BMT, NATO, Avropa Parlamentinin yüksək səviyyəli təmsilçilərinin qatıldığı Qlobal Forumdakı çıxışında Q.Paşayeva Azərbaycanın müstəqilliyini yenidən bərpa etməyə başladığı illərdə üzləşdiyi problemlərdən danışıb.
O bildirib ki, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti yeridərək, Azərbaycanın 20 faiz torpağını işğal edib və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün 20 ildən artıqdır ki, öz yurd-yuvasına dönə bilmir. Millət vəkili vurğulayıb ki, Ermənistan BMT Təhlükəsizlik Şurası da daxil olmaqla, Beynəlxalq Təşkilatların qətnamələrinə məhəl qoymur.
Q.Paşayeva ön cəbhədə baş verən son hadisələr, Ermənistanın mülki azərbaycanlılara qarşı törətdiyi cinayətlər barədə də geniş məlumat verib və dünyanın 60 ölkəsindən gəlmiş prezident, baş nazir, spiker, senator, millət vəkili qadınları Qarabağ probleminə geniş diqqət ayırmağa çağırıb:
"Əziz həmkarlarım. Mənim seçki dairəm ön cəbhə bölgəsidir. Ermənistanın Azərbaycan torpaqlarının 20 faizin işğal edən zaman müharibədən ən çox əziyyət çəkən bölgələrdən biridir. Uşaqlığım və gəncliyim müharibənin dəhşətləri, onun ağır nəticələri arasında keçib. Ermənistanın ölkəmin torpaqlarının 20 faizini işğalı zamanı 1 milyon insanımız qaçqın və məcburi köçkün düşüb və 20 ildən artıqdır ki, öz evlərinə dönə bilmirlər. BMT-nin 4 qətnaməsi 20 ildən artıqdır ki, kağız üzərində qalıb və icra olunmur. Əziz dostlar! Dünyanın 60 ölkəsindən gəlmiş siyasətçilər, hökumət və parlament üzvləri! Öz evinə dönə bilməyən 100 minlərlə azərbaycanlı köçkün qadın sizdən dəstək gözləyir və onlar dünyanın hər yerində sizin kimi fəal qadınların onları evlərindən köçkünə salan səbəblərlə daha fəal mübarizəyə çağırırlar. Biz dünyanın hər yerində insanları köçkün salan səbəblərlə fəal müzarizə aparmasaq köçkünlərin sayı və problemlər daha da artacaq. Ona görə işğallara, insanların evinə dönə bilməsinə mane olan səbəblərə qarşı mübarizə kəskin və sərt olmalıdır. Belə ölkələrə qarşı ciddi təzyiqlər göstərmək lazımdır və evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün sizdən məhz bunu gözləyir".
Qənirə Paşayeva Qlobal Forum iştirakçılarına Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən materiallar, ingiliscə sənədli filmlərin olduğu "Azərbaycan həqiqətləri" filmləri kataloqunu da hədiyyə edib. Forumun açılışında Azərbaycanın İordaniyadakı fövqəladə və səlahiyyətli səfiri Sabir Ağabəyov da iştirak edib.