Milli Məclisin növbəti plenar iclası keçirilib Siyasət

Milli Məclisin növbəti plenar iclası keçirilib

Dünən Milli Məclisin növbəti plenar iclası keçirilib. İclasın gündəliyində 16 məsələ - Ali Məhkəmə hakimlərinin təyin edilməsi, Rəşadət Ağayevin Şirvan apellyasiya məhkəməsinin hakimi təyin edilməsi haqqında qərar layihələri, "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında diplomatik nümayəndəlik və konsulluqların əməkdaşlarının ailə üzvlərinin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları haqqında" sazişin təsdiq edilməsi barədə", "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında texniki əməkdaşlıq haqqında" Protokolun təsdiq edilməsi barədə", "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında" sazişin təsdiq edilməsi barədə", "Azərbaycan Respublikası Hökuməti ilə Rumıniya Hökuməti arasında xidməti pasportlara malik olan şəxslərin vizadan azad edilməsi haqqında" sazişin təsdiq edilməsi barədə", Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında, "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə", "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə", Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında", "Banklar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə", "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə", "Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında","İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" və "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" qanun layihələri daxil edilib. Qanun layihələri müzakirələrdən sonra qəbul edilib.
Əsas müzakirə "Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsinə edilən dəyişiklik zamanı olub. Dəyişiklikdə damazlıq heyvanların, toxum və tinglərinin, mineral gübrələrin, pestisidlərin, toxumların yetişdirilməsi, quşçuluq və arıçılıq üçün avadanlıqların, o cümlədən laboratoriya avadanlıqlarının, toxum, taxıl və quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınların idxalı və satışı, kənd təsərrüfatı heyvanlarının və quşların profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan baytarlıq preparatlarının idxalı, bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların idxalı və satışından 1 aprel 2016-cı ildən əlavə dəyər vergisinin (ƏDV) tutulmaması göstərilib .
Digər dəyişiklik kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi torpaq sahəsinin hər 100 kvadratmetrinə görə 10 manat müəyyən edilməsini və dövlət büdcəsinə ödənilməsini, eyni zamanda təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən edilməsini və yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilməsini nəzərdə tutur.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov pay torpaqları ilə bağlı çıxış edib. O bildirib ki, bu bir tərəfdən inkişaf üçün şərait yaradılır: "Lakin bu bir tərəf üçün yaxşı olsa da, digər tərəf üçün yaxşı olmur. Torpaq islahatı MDB məkanında ilk dəfə Azərbaycanda həyata keçirilib, torpaqlar insanlar arasında paylanılıb. Ancaq ondan istifadə vətəndaşların özlərinə həvalə olunub. Ancaq bir çox insanlar tənbəllik edib kənd təsərrüfatı ilə məşğul olmaq istəmir. Digər bir qism isə iş görür, ümumi tədarükü bazara çıxarda bilmir. Düzdür, burada müəyyən obyektiv və subyektiv səbəblər var. Elə şəxslər var ki, emal müəssisəsi yaradıb, qapısına açar vurub gözləyir ki, nə vaxt vergi dərəcələri aşağı düşəcək. Ona görə də bu məsələlərə kompleks yanaşmaq lazımdır".
Deputat deyib ki, biz bu məsələlərin ya zəlzədən, ya vəlvələdən olmasını araşdırmalıyıq: "Ölkə başçısı göstəriş verib ki, istifadə olunmayan torpaqlar istifadə olunmalıdır. İstifadə olunmadığına görə cərimə tətbiq olunmalıdır. Axı məhsul əkib onu istehsal edən əkinci istehsal etdiyi məhsulunu bazar çıxarda bilmir. Məsələn, SSRİ dövründə müəyyən emal və tədarük müəssisələri var idi ki, kəndçi məhsulunu ora təqdim edirdi. Bu gün o müəssisələr yoxdur. Gərək bu kəndçiyə əkdiyi məhsulu bazara çıxartmaq üçün yol göstərək, sonra ondan nəyisə tələb edək".
Siyavuş Novruzov həmçinin Türkiyə və Azərbaycan arasında viza rejiminin ləğv edilməsi və ya uzadılması təklifi ilə çıxış edib. O bildirib ki, Türkiyə son hadisələrdə hərbi və digər sahələrdə Azərbaycana dəstəyini göstərib: "Ümumilli liderimizin qeyd etdiyi kimi bir millət iki dövlətik. Bu arada belə sisteminin indiki şəraitdə ləğv olunması və ya müddətinin uzadılması vacib olan amillərdədnir. Xüsusilə Naxçıvan Muxtar Respublikasını qeyd etmək istəyirəm.
Oradan Türkiyəyə işləməyə gedənlər var. Naxçıvan blokadada olan ərazidir. Onda Naxçıvandan Türkiyəyə işləməyə gedənlər məcburdular ki 3 aydan bir sərhədi keçsinlər. O zaman onların qazandıqları yol puluna gedəcək. Gürcüstan Türkiyə ilə viza sistemini ləğv etdi. Azərbaycanın bütün ərazisində olmasa da Naxçıvanda viza ya ləğv olunmalı, ya da bir il müddətinə uzadılmalıdır. Türkiyədən iş adamları Azərbaycana gəlib iş görür və ya əksinə. Müəllimlər var ki, Türkiyədə dərs deyir. Onların işlərinin yüngülləşdirilməsi üçün bu addımları atmalıyıq".
Spiker Oqtay Əsədov bildirib ki, bunun üzərində iş gedir.
Deputat Adil Əliyev isə manatın devalvasiyasından sonra bağlanan kiçik mağaza sahiblərinə güzəşt olunması təklifi ilə çıxış edib. Deputat həmin mağaza sahiblərinin vergidən azad edilməsini deyib: "Manatın devalvasiyasından sonra bir çox yerlərdə və təmsil olunduğum Nərimanov rayonunda kiçik mağaza sahibləri fəaliyyətlərini dayandırıblar. Bizə məlumdur ki, onlar banklardan kredit alıb bu işi qurublar. Amma bu gün fəaliyyətlərini davam etdirə və borclarını verə bilmirlər. Təklif edirəm ki, monitorinqlər aparılsın və həmin mağaza sahibləri müəyyən müddətə vergidən azad edilsin ki, onlar işə başlasınlar. Dükanların bağlı qalmasının heç kəsə xeyri yoxdur, amma onlar işləsə xeyli adam işlə təmin olunar və banklara borclar dövlət hesabına bağlana bilər".
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deputatların səsləndirdiyi fikirlərə münasibət bildirib. O qeyd edib ki, bu günlərdə Vergi Məcəlləsinin təkmilləşdirilməsi ilə əlaqədar müzakirə olacaq və ortaq qərara gəlinəcək: "Deputatların fikirlərini dinlədim. Qeyd etmək istəyirəm ki, burada qaldırılan məsələlər diqqət mərkəzindədir".
Azərbaycan Dəmir Yolları QSC-nin sədri, deputat Cavid Qurbanov deyib ki, Azərbaycana idxal olunan bütün məhsullara 18 faizlik əlavə dəyər vergisinin (ƏDV) tətbiq edilməsi düzgün deyil". Onun sözlərinə görə, idxal olunan elə məhsullar var ki, onlara daha artıq 20 və ya 30 faiz ƏDV tətbiq etmək olar: "Amma ucdantutma bütün idxal məhsullarına 18 faiz ƏDV-nin tətbiqi iqtisadiyyatın, xüsusən də qeyri-neft sektorunun inkişafına maneçilik yaradır. Ona görə də biz ölkəyə idxal olunan bir sıra vacib məhsullara və avadanlıqlara tətbiq edilən ƏDV-nin həcmini azaltmalıyıq və ya onları ƏDV-dən azad etməliyik. Məsələn, biz dəmiryolunun inkişafı üçün xaricdən elə avadanlıqlar alırıq ki, onlar nə Azərbaycanda istehsal olunur, nə də təmir olunur. Amma biz bundan ötrü çox böyük miqdarda ƏDV ödəyirik. Biz bilmirik ki, kredit alıb avadanlığı ölkəyə gətirək və ya hansısa formada böyük həcmli ƏDV ödəyək. Bu məsələyə diqqətlə yanaşıb, problemin çözməyə çalışmalıyıq".
Cavid Qurbanov təklif edib ki, bu məsələlərin Nazirlər Kabinetinə tapşırılması mümkün olar.
Deputat Elmira Axundova bildirib ki, kənd təsərrüfatının inkişafına təkan verəcək, onu stimullaşdıracaq addımların atılmasının zəruriliyi barədə dəfələrlə çıxışlar edilib: "Çünki qeyri-neft sektorunun inkişafı labüddür və günümüzün tələbidir, eləcə də kənd təsərrüfatının inkişafı bizim qida təhlükəsizliyimiz deməkdir. Bu baxımdan Vergilər Məcəlləsinə təklif edilən ƏDV güzəştlərini dəstəkləyir və alqışlayıram. Bu yaxınlarda Hesablama Palatasının 2015-ci il fəaliyyəti barədə hesabatı zamanı çıxışımda da vurğulamışdım ki, Vergilər Nazirliyi nağdsiz ödənişlərə 18 faiz yox, 9 faiz ƏDV təklif edir. Bü təkliflər təqdirəlayiqdir və bizə müraciət edən kiçik və orta sahibkarlar xahiş edirlər ki, differensial ƏDV məsələsi tezliklə öz həllini tapsın. Çünki bir çox kiçik və orta ticarət obyektləri 18 faiz ƏDV ödəməkdə çətinlik çəkirlər. Bundan başqa bilirsiniz ki, ticarət obyektlərindən dövlət qurumları haqlı olaraq tələb edirlər ki, bir çox maliyyə əməliyyatları nağdsız aparılsın. Bu da keçid dövrü tələb edir, obyektiv səbəbdən bir çox çətinliklər yaradır. Ödəniş şərtlərinin dəyişməsi, banklarla müxtəlif problemlər yaranması, əsasən də manat və dolların qeyri-stabil olması fonunda əsasən orta və kiçik sahibkarlar, ticarət obyektləri mürəkkəb dövr yaşayırlar, bir çox hallarda bağlanmaq məcburiyyətində qalırlar. Bu isə sahibkarlığın zəifləməsi və nəticədə iş yerlərinin bağlanması deməkdir. Bildiyiniz kimi bu yaxınlarda bir qrup iri supermarketlər şəbəkəsi rəhbərləri İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevə müraciət ediblər və danışıqlar aparıblar. İstərdim ki, Vergilər Nazirliyinin iştirakı ilə bu proses itkisiz başa çatdırılsın, ticarət obyektləri öz işini davam etdirə, işçi qüvvəsini saxlaya bilsinlər, qida məhsullarının qiymət artımına yol verməsinlər. Bu da tək onlardan asılı deyil, onlara edilən güzəştlərdən, kompromislərdən çox şey asılıdır. Prezidentimiz demişkən, biznes mühitinə əlverişli şərait yaradılmalıdır. Necə ki, bu gün Vergilər Məcəlləsinə edilən dəyişikliklə bunu yaratmış olursunuz".
Vergi Məcəlləsinə dəyişikliklər müzakirə edilərkən deputat Vahid Əhmədov deyib ki, bizim qəbul etdiyimiz dəyişikliklər Azərbaycan iqtisadiyyatı üçün önəm daşıyır". Onun fikrincə, qanunda vergidən azad edilmə sənaye parkları ilə yanaşı onlarla müqavilə bağlayan podratçı və subpodratçı qurumlara da aid edilir: "Ancaq podratçı təşkilatların vergidən azad edilməsi sonradan problem yarada bilər. Buna ciddi diqqət edilməlidir. Odur ki, diqqətlə nəzarət etmək lazımdır və ancaq sənaye parkları üçün gətirilən avadanlıqlara şamil olunmalıdır". Deputat qeyd edib ki, bəzi məhsullar üçün 18% əlavə dəyər vergisinin tətbiqi problem yaradır. O, qeyd edib ki, ərzaq və bəzi məhsullara tətbiq edilən 18% əlavə dəyər vergisi azaldılmalı və ya ləğv edilməlidir.
Deputat Arzaz Əlizadə isə bildirib ki mətbuata tətbiq olunan ƏDV ləğv olunmalıdır. Araz Əlizadə hesab edir ki, mətbuata tətbiq olunan ƏDV ləğv olunmalıdır. Deputat hesab edir ki, bu təklifi mütləq reallaşdırmaq lazımdır: "Bu təklifə qarşı çıxanlar medianı hökumətə qarşı qaldırmaq istəyənlərdir".

Əli Zülfüqaroğlu