Milli Məclis cərimələri və cəzaları ağırlaşdırdı Siyasət

Milli Məclis cərimələri və cəzaları ağırlaşdırdı

Azərbaycanda aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə əmlaka ziyan vuranlar cərimələnəcək və ya həbs olunacaqlar. İnzibati Xətalar Məcəlləsinə yeni əlavənin edilməsini nəzərdə tutan layihəyə əsasən, aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə mülkiyyətçinin və ya sair sahibin əmlakına talama əlamətləri olmadan az miqdarda ziyan vurmaya görə 500 manatdan 1000 manatadək cərimə tətbiq ediləcək və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda iki ayadək müddətə inzibati həbsin tətbiq olunması təklif edilir.
Qeyd edək ki, burada "az miqdarda" dedikdə, 3000 manatdan yuxarı olmayan məbləğ başa düşülür. İnzibati Xətalar Məcəlləsinə edilən yeni dəyişikliklər layihəsinə əsasən, xırda talamaya görə də cərimələrin məbləği artırılır. Yeni layihəyə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə cərimələrin məbləğinin 200 manatdan 250 manatadək olması (hazırda yüz manatdan yüz əlli manatadəkdir) və ya bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiqi təklif edilir.
Hazırda talanmış əmlakın dəyəri 30 manatdan yuxarı olmadıqda, bu, xırda talama hesab edilir. Yeni layihədə isə talanmış əmlakın dəyərinin 100 manatdan yuxarı olmadıqda, bunun xırda talama hesab edilməsi təklif edilir. Eyni zamanda Azərbaycanda döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə cərimələrin məbləği 2 dəfəyədək azaldılır.
İnzibati Xətalar Məcəlləsinə yeni dəyişikliklərin edilməsini nəzərdə tutan layihəyə əsasən, sadalanan hallara görə cərimələrin məbləğinin 300 manatdan 500 manatadək olması və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbsin tətbiq olunması təklif edilir.
Məcəllənin hazırkı variantına görə isə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur.
Məcəllədə Azərbaycanda qanunsuz olaraq lotereyaların və idman mərc oyunlarının təşkili və keçirilməsinə görə cərimələr sərtləşdirilir.

Təklif edilən dəyişikliyə əsasən, lotereyaların (stimullaşdırıcı lotereyalar istisna olmaqla) buna hüququ olmayan şəxs tərəfindən təşkilinə və ya keçirilməsinə görə cərimələr üç min manatdan dörd min manatadək müəyyən edilir. Qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan idman mərc oyunlarının təşkili və ya keçirilməsinə görə cərimələr də üç min manatdan dörd min manatadək müəyyən edilir.
Qeyd edək ki, Məcəllənin hazırkı maddələrinə əsasən, yuxarıda qeyd olunan hallara görə cərimələr min beş yüz manatdan iki min manatadək məbləğdə nəzərdə tutulur.
Dəyişikliklər səsverməyə çıxarılaraq qəbul edilib.
Həmçinin Azərbaycanda oğurluğa görə cəzalar ağırlaşdırılıb, eyni zamanda mütəşəkkil dəstə oğurluğunun minimum həbs müddəti uzadılıb. Parlamentdə qəbul edilən Cinayət Məcəlləsinə əlavə və dəyişikliklərdə bu məsələ öz əksini tapıb.
Maddənin 1-ci bəndinə edilən dəyişikliyə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama 500 manatdan 1000 manata qədər cərimə və ya 180 saatdan 240 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Hazırda isə bu cəza yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə və ya yüz səksən saatdan iki yüz qırx saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Maddənin 2-ci bəndinə əlavə edilən beşinci hissəyə görə, oğurluq zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə, 3 min manatdan 5 min manatadək miqdarda cərimə və ya 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Maddənin 3-cü bəndinə edilən dəyişikliyə görə, eyni əməllər: mütəşəkkil dəstə tərəfindən törədildikdə, külli miqdarda ziyan vurmaqla törədildikdə, əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə, 7 ildən 12 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Hazırda isə bu cəza 6 ildən 12 ilə qədərdir.