“Banklar haqqında” qanun dəyişdi Siyasət

“Banklar haqqında” qanun dəyişdi

Oqtay Əsədov: "Artıq dollarla kredit məsələsi bağlanıb"

"Banklar haqqında" qanunda əlavə və dəyişikliklər Milli Məclisin plenar iclasında müzakirə olunaraq təsdiq olunub. Qanunda səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətlərində edilən yenilik öz əksini tapıb. Banka aiddiyatı olan şəxslə dəyəri bankın aktivlərinin 5%-ni və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar məsələsi də yenilikdir.
Bundan sonra bank tərəfindən cəlb edilmiş müstəqil auditorun rəyi və səsvermədə iştirak etmək hüquq olan səhmdarların ümumi yığıncağının sadə səs çoxluğu ilə qəbul ediləcək.
Həmçinin Müşahidə Şurasının səlahiyyətlərinə də eyni məzmunda əlavə edilir. Belə ki, səhmdarların ümumi yığıncağının səlahiyyətinə aid olan hallar istisna olmaqla, aiddiyəti şəxslərlə dəyəri bankın aktivlərinin 5 %-dək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək Müşahidə Şurasının səlahiyyətində qalıb.
Digər dəyişiklik isə banklara aidiyyəti şəxslərlə əməliyyatların aparılması ilə əlaqədardır. 40-cı maddədə edilən dəyişikliyə əsasən aidiyyəti olan şəxslərə verilən kreditin məbləği bankın aktivlərinin 5%-ni və daha çox hissəsini təşkil etdiyi halda, müstəqil auditorun rəyi və səsvermədə iştirak etmək hüququ olan səhmdarların ümumi yığıncağının qərarı olmadıqda banklar aidiyyəti şəxslərə kredit verə bilməyəcəklər.
Həmçinin aidiyyəti olan şəxslərə verilən kreditin məbləği bankın aktivlərinin 5%-dək hissəsini təşkil etdiyi halda, həmin şəxslərə kreditlərin verilməsi barədə qərarın qəbul edilməsi səlahiyyətinin səhmdarların ümumi yığıncağına həvalə edildiyi hallar istisna olmaqla, bankın Müşahidə Şurasının qərarı olmadıqda banklar aiddiyyəti şəxslərə kreditlər verə bilməyəcəklər.
Qeyd edək ki, hazırda isə 40-cı maddəyə əsasən kreditin verilməsinə və onun şərtlərinə dair Bankın Müşahidə Şurasının razılığı olmadıqda və bankın İdarə Heyətinin bu barədə yekdilliklə qəbul edilmiş qərarı olmadıqda banklar aiddiyəti şəxslərə və aidiyyəti şəxs adından hərəkət edən şəxslərə kredit verə bilmirlər.
Deputat İlham Əliyev deyib ki, bu yaxınlarda Banklar Asosiyasiyasının təşkil etdiyi görüşdə olub: "Çox müsbət hal idi ki, orada bankların çoxunun rəhbəri də iştirak edirdi. Mən orada iradlarımı bildirdim. Bizə çoxlu sayda seçicilərimiz müraciət etdilər. Onlar əsasən xırda sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar.
Təsəvvür edin ki, kredit müqavilələri elə kiçik şriftlərlə yazılır ki, onları eynəklə oxumaq da mümkün deyil. Banka kredit almağa gələn insanı müqavilə ilə ilk tanış edən şəxs krediti verən mütəxəssis olmalıdır. Amma pul-maliyyə münasibətləri ilə yaxından tanış olmayan insanlar müqaviləni oxumadan imzalayırlar.
Müqavilə dollar ekvivalenti olsa da, manatla krediti verirlər. Sonra isə devalvasiya olur və bəlli olur ki, sahibkar daha çox pul ödəməlidir. Mən görüşdə açıq dedim ki, insanları yükləmək olmaz. Öz risklərini sığortalamaq üçün böyük faizlə kredit verirlər. Özü də, çox zaman müqavilədə faizi qeyd etmirlər. Mən sizdən xahiş edirəm ki, bu məsələyə ciddi yanaşmaq lazımdır, insanları fəlakətə sürükləmək olmaz".
Spiker Oqtay Əsədov qeyd edib ki, kredit götürən insan faizi bilməlidir:
"Artıq dollarla kredit məsələsi bağlanıb. Ancaq düz deyirsiniz ki, müqavilələr kiçik şriftlərlə yazılır. Yəqin banklar kağız tapmırlar. Ziyad müəllim, xahiş edirəm Banklar Asosiyasiyasına məktub yazıb bu iradları bildirəsiniz".
Qanun layihəsi səsə qoyularaq qəbul edilib