“Beynəlxalq birliyin atəşkəs təkidi olmasaydı, daha çox torpaq azad ediləcəkdi” Siyasət

“Beynəlxalq birliyin atəşkəs təkidi olmasaydı, daha çox torpaq azad ediləcəkdi”

Aydın Mirzəzadə: "Azərbaycan torpaqlarının işğalına dözmək fikirində deyil"

"Girovlarımızla bağlı məsələ bizim ağrılı yerimizdir. Həm cəmiyyətin, həm hökumətin çox ciddi nəzarətində olan məsələdir. Bu məsələ vaxtaşırı beynəlxalq təşkilatlarda, insan hüquqları təşkilatları və eyni zamanda girovlarla məşğul olan təşkilatlar qarşısında qaldırılır". Bu fikirləri millət vəkili, politoloq Aydın Mirzəzadə deyib. Onun fikrincə, məsələnin incəliyi ondan ibarətdir ki, onlar Ermənistanın işğal etdiyi ərazidəki rejimin girovluğundadır: "Ermənistan həmin rejimin ona aid olmadığını iddia edir. Həmin rejim isə əslində Ermənistanın yaratdığı işğalçı rejimdir. Və həmin işğalçı rejim dünya tərəfindən tanınmır, onlarla kontakta girməyin özü düzgün deyil. Eyni zamanda girovlardan biri Rusiya vətəndaşıdır. Təəssüf ki, biz Rusiyanın öz vətəndaşını girovdan azad etmək üçün səylərini görmürük. Və bizim bu barədə müraciətlərimiz hələ ki, səmərə vermir. Ancaq bununla belə daima tələb edilir, daima onlarla əlaqə yaradılması üçün cəhd edilir".
Millət vəkili deyib ki, bizim Ermənistandan başqa bütün dövlətlərlə münasibətimiz yaxşıdır: "Müəyyən təzyiqləri həmin dövlətlərin yox, dövlətlərin daxilindəki müəyyən siyasi dairələrin təzyiqləri kimi başa düşürük. O dairələr ki, transmilli şirkətlərə bağlıdır, o dairələr ki, Azərbaycanda xüsusi maraqları var və onlar bu yolla Azərbaycanı özlərinə tabe etdirməyə çalışırlar. Azərbaycan birinci çox əlverişli geosiyasi mövqedə yerləşir. İkincisi Azərbaycanın təbii sərvətləri, nüfuzu həmin dairələri narahat edir.
Onlar müəyyən səbəblərlə bizə təzyiq göstərməyə, Azərbaycanda hakimiyyəti formalaşdırmağın hüququnu öz əllərinə ötürməyə çalışırlar. Bütün bunların kökündə ancaq bu durur. Onların ayrı-ayrı ölkələrə təqdim etdikləri və həyata keçirdiklərinin heç biri hələ həmin ölkələrə nə inkişaf, nə stabillik gətirib. Hesab edirəm ki, belə təzyiqlər vaxtaşırı olacaq. Görünür Azərbaycanın müstəqil daxili-xarici siyasəti, Azərbaycanın sərvətlərinə özü sahib olması hələ bir müddət həmin dairələri razı salmayacaq".
Azərbaycanın Ermənistanın işğalçı siyasəti ilə bağlı hansı addımı atacağına gəlincə o diqqətə çatdırıb ki, ortada 3 variant var: "1-ci müharibə variantıdır, 2-ci danışıqlar, 3-cü variant isə gözümüzün qarşısında hələ o sistemə salınmayıb. Bu, Ermənistana təzyiq variantıdır. Yəni, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün hərbi variantdan həmişə istifadə edə bilər. Biz buna daima hazırlaşırıq. Amma beynəlxalq birliyin, beynəlxalq təşkilatların təkidli xahişləri ilə Azərbaycan bu gün hələ ki, danışıqları davam etdirir. Danışıqlar da təəssüf ki, nəticə vermir. Və buna diplomatik məsuliyyət daşıyan ATƏT-in Minsk Qrupunun həmsədrləri fəaliyyətlərini ancaq vaxtaşırı səfərlər etməklə görürlər. Amma 3-cü variant bu gün Azərbaycan tərəfindən həyata keçirilir.
Bu, hər tərəfdən Ermənistana təzyiqdir. Ermənistanın blokada saxlanmasının, hər hansı bir əlaqənin inkar edilməsi, hərbi, iqtisadi, siyasi, mənəvi təzyiqin edilməsi, bütün bunların hamısı əlbəttə öz nəticəsini verir. Sosioloji sorğuda müəyyən edilib ki, Ermənistanda hər 4 nəfərdən 3-ü imkan olan kimi buradan köçmək istədiyini bildirir. Yəni, bunun özü göstərir ki, sadə Ermənistan vətəndaşı Serj Sarkisyanın apardığı işğalçılıq siyasətinin qurbanına çevrilmək istəmir. Əhalisi və dəstəksiz siyasətin sonu isə ümumilikdə Ermənistanın dövlətçiliyini itirməsidir".
O bildirib ki, 2-5 aprel tarixində cəbhə xəttində baş verənlər Ermənistanın işğalçılıq siyasətinə son qoymağın zamanı yetişdiyini bir daha sübut edir: "Azərbaycan torpaqlarının işğalına dözmək fikirində deyil. Ötən illərdə ölkəmiz bütün sahələrdə problemlərinin həllinə uğurla nail ola bilib, silahlı qüvvələrini inkişaf etdirib. Cəmiyyətimizdə hərbi-vətənpərvərlik hissi çox yüksəkdir. Məhz bu səbəblərdir ki, ordumuz düşmənə ciddi zərbə vura bildi, beynəlxalq birliyin atəşkəs təkidi olmasaydı, daha çox torpaq azad ediləcəkdi. Bu gün Azərbaycan yenə də danışıqlara üstünlük verir, ancaq Ermənistan yenə də qeyri-konstruktiv mövqe nümayiş etdirərsə, o, işğal edilmiş torpaqlarda daha ağır zərbələr alacaq".