“Heydər Əliyev Əli Kərimliyə vəzifə təklif etməyib” Siyasət

“Heydər Əliyev Əli Kərimliyə vəzifə təklif etməyib”

Niyaməddin Orduxanlı: "Əksinə onun səfir təyin olunması xahişini rədd edib"

"Əli Kərimli ya ağlını tamam itirib, ya da statusşünaslığın lətifə mərhələsini yaşayır"

Son vaxtlar siyasi səhnədə maraqlı tendensiya müşahidə edilir. Belə ki, hansı partiya digərinə zərbə vurmaq istəyirsə, onu ya Rusiya, ya da Qərbə işləməkdə ittiham edir. Rusiya meyilli olmaqda günahlandırılan siyasi qurumlardan biri də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır. Partiyanın sədr müavini Niyaməddin Orduxanlı BayMedia-ya bununla bağlı müsahibə verib. Müsahibəni ocucularımıza təqdim edirik.

-Niyaməddin bəy, son vaxtlar bəzi müxalif partiyalar və onların funksionerləri tərəfindən BAXCP-yə olan hücumlar, partiyanızın Rusiya meyilli olması barədə deyilənlər nə dərəcədə həqiqətə uyğundur?

- Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasına qarşı aparılan kampaniyanı doğru qeyd edirsiniz. Konkret olaraq bunu aparan və ona rəhbərlik edən Əli Kərimli və onun dəstəsinin üzvüləridir. BAXCP kimi milli partiyanı "Rusiya meyilli" olmaqda ittiham etmək böhtançılığın, qərəzin, simasızlığın son həddidir.
Əslində BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Rusiyanın "Milli Şura" layihəsində iştirak edən bu böhtançılardan fərqli olaraq, Moskvanın Dağlıq Qarabağ münaqişəsində tərəf olduğunu demişdi və bildirmişdi ki, bu səbəbdən də danışıqları Rusiya ilə aparmaq lazımdır. Əli Kərimli və "Milli Şura" üzvüləri bunu "əsas" kimi tutaraq şər, böhtan maşınını həm mətbuatda , həm də sosial şəbəkələrdə işə saldılar. 2013-cü ildə Rusiyanın birbaşa layihəsi olan və heç kimin də şübhəsi olmayan Milli Şura üzvüləri utanmadan Qüdrət Həsənquliyevi Rusiya yönümlü siyasət aparmaqda ittiham etdilər. Necə deyərlər, adımı sənə qoyum, səni də yana-yana qoyum. Ancaq unudublar ki, Qüdrət Həsənquliyev Rusiyanın adamı olsaydı, "Milli Şura" yarananda həmin quruma ilk qoşulanlardan olardı. Neçə ki, Rüstəm İbrahimbəyov, Cəmil Həsənli, Əli Kərimli və digərləri Rusiyaya dəstək verib bu qurumu yaratmışdılar. BAXCP lideri Milli Şura üzvülərindən fərqli olaraq Putinə şanlı məktub yazmayıb və onu "ən böyük demokrat" adlandırmayıb. Bütün bunları edən və Rusiyanın layihəsində baş rolda oynayan adamlar indi BAXCP liderinə qarşı qarayaxma kampaniyası aparırlar. Milli Şuranın və Əli Kərimlinin fəxri lideri Rüstəm İbrahimbəyov hazırda Rusiyaya sığınıb və onların tapşırıqlarını icra edir. Rüstəm İbrahimbəyovun Rusiyanın agenti olmağına heç kim şübhə etmir. 75 yaşlı bir adamın təsirinə düşən bu adamlar düşünürlər ki, xalqın yaddaşı zəifləyib. Qüdrət bəy yeganə siyasətçidir ki, açıq şəkildə Qarabağın işğalının Rusiya tərəfindən həyata keçirildiyini deyir və bütün danışıqların da Rusiya ilə aparılmalı olduğunu bildirir. Hansının cəsarəti çatıb deyə bilər ki, Qarabağı Rusiya işğal edib? Nə Əli Kərimli, nə də digərləri bu fikirləri deyə bilməz! 2013-cü il prezident seçkilərində Əli Kərimli başda olmaqla Milli Şura üzvüləri imza atdılar ki, Azərbaycan xalqı referendum yolu ilə özünün beynəlxalq siyasətini müəyyənləşdirəcək. Yəni, biz Qərb siyasəti deyil, Rusiya yönümlü siyasət apara bilərik. Belə adamların irəli sürdüyü fikirlər qərəz və axmaqlıqdan başqa bir şey deyil. Qüdrət bəy mətbuatda deyib ki, Rusiya ilə acıq danışıqlara getməliyik. Əmin olmalıyıq ki, Rusiyanın Cənubi Qafqazda maraqları nədir və biz bunun hansını edə bilərik. Rusiya hər iki tərəfin mövqeyini tərəzinin gözünə qoyub, kimin yanında yer tutacağı ilə bağlı qərar verməlidir. Əgər Rusiya bizim torpaq bütövlüyümüzü bərpa etmək haqqımızla razılaşmasa, Azərbaycan höküməti xalqa acıq müraciət edib müharibə variantı seçməlidir. Qüdrət Həsənquliyev bunları deyib.
- Sizcə, bu hücumlar haradan qaynaqlanır və əsas məqsəd nədir?
-Bir daha deyirəm ki, bütün bunlara rəhbərlik edən Əli Kərimlidir. Bütün günü evdə kompüterin arxasında oturan Əli Kərimlinin başqa işi yoxdur. Hara getsin? Nə işlə məşğul olsun? Bekar adam ancaq fecabook-da oturub "siyasətlə" məşğul olur. Statusları, "Azadlıq" qəzetində gedən anonim yazıları da birbaşa Əli Kərimlinin özü yazır. "Akif" , "Azad", "İlham" və s. kimi müxtəlif adlarla status və yazı yazan da Əli Kərimlidir. Əli Kərimlinin BAXCP-yə o qədər nifrəti var ki, bu səbəbdən də bu yazıları yayır. Düşünür ki, Qüdrət bəyin bu fikirlərinə görə, ona zərbə vurmuş olacaq.
- Sizcə, 2013-cü ildə Rusiyanın Milli Şura layihəsində iştirak edən birisinin BAXCP-ni Rusiyaya meyilli olmaqda ittiham etməsi nə dərəcədə doğrudur?
- Bu adamın apardığı siyasət heç vaxt əxlaq çərçivəsində olmayıb. Özünüz düşünün, prezident olduğu dövrdə Əli Kərimliyə yüksək vəzifə verən, etimad göstərən Əbülfəz Elçibəyə xəyanət edən adamdan nə desən gözləmək olar. Bu illər ərzində ən yaxın dostlarına, silahdaşlarına, qohumlarına xəyanət edən Əli Kərimlini indiki hakmiyyət də etdiyi xəyanətə görə qovub. Hər kəs çox yaxşı bilir ki, istənilən vəziyyətdə Əli Kərimli ona xəyanət edə bilər.
- Sizcə, Milli Şura adlı qurum hansı səbəblərdən ölü bir təşkilata çevrildi?
-Milli Şura ona görə ölü quruma çevrildi ki, Rusiya bunlardan çox səmərəli şəkildə istifadə etdi. İstifadə olunandan sonra kimə lazım idi bunlar? 2013-cü il prezident seçkilərində Rüstəm İbrahimbəyov bu adamları uşaq kimi aldatdı. bir sözlə şirəyə çəkdi. Və onları da inandırmışdılar ki, Putin Azərbaycanda hakimiyyət çevrilişi edəcək və onlar da hakimiyyətə gələcəklər. Hətta Milli Şura üzvləri öz aralarında vəzifə bölgüsü də etmişdilər. Ancaq çox sonralar başa düşdülər ki, heç vaxt siyasətlə məşğul olmayan bir qoca kişinin-Rüstəm İbrahimbəyovun tələsinə düşüblər. Bunda sonra da həmin təşkilatı tərk etdilər.
- Əli Kərimli həm də mətbuatda özünün piar kampaniyasını həyata keçirir.
Uzun illər onu tanıyan biri kimi, bu barədə nə deyə bilərsiniz?
- Tam məsuliyyətlə deyirəm ki, Əli Kərimli Qənimət Zahidov, Natiq Ədilov, Gözəl Bayramova kimi adamlardan qul kimi istifadə edir. Əli Kərimli bu adamlara nökər kimi baxır. Onun icazəsi olmadan kimsə bir cümlə belə yaza bilməz. Bu adamların mətbuatda, sosial şəbəkədə yaydıqları bütün yazıları dediyim kimi, Əli Kərimlinin özü yazır. Kimsənin ixtiyarı yoxdur ki, müstəqil şəkildə Əli Kərimli haqqında bir yazı yazsın. Hər hansı bir fikir mütləq Əli Kərimli ilə razılaşdırılmalıdır. Bir məqama diqqətinizi çəkmək istəyirəm: Bu yaxınlarda mətbuatda Əli Kərimli belə bir xəbər yaydırdı ki, 1993-cü ildə mərhum Heydər Əliyev hakimiyyətə qayıdandan sonra həmin dövrdə dövlət katibi olan Əli Kərimliyə 4 dəfə zəng edib və ondan vəzifəsində qalmağı, bir yerdə işləməyi xahiş edib. Bu adam ya ağlını tamam itirib, ya da statusşünaslığın lətifə mərhələsini yaşayır. AXCP-də hamı çox yaxşı bilirdı ki, Heydər Əliyev hakimiyyətə qayıdandan sonra Əli Kərimlinin xahişi ilə onu qəbul edib. Əli Kərimli Heydər Əliyevdən təkidlə xahiş edib ki, onu Avropa ölkələrinin birinə səfir təyin etsin. Ancaq mərhum Heydər Əliyev Əli Kərimlinin bu təklifini rədd edib. Bundan sonra Əli Kərimli də dövlət katibi vəzifəsindən uzaqlaşıb. Axı bütün bunların canlı şahidləri var. Və bu gün mətbuata çıxıb özünü kimə reklam etdirirsən? Mərhum Heydər Əliyev dünyasını dəyişib, bu gün bunun şahidi olan insanlar var. Göründüyü kimi, bu adam yalanla uydurmalarla da öz reklamını təşkil edir.
-"Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid sosial şəbəkədə sizin MSK-ya müxalifətin əvəzedici üzv təyin olunmağınızıb əleyhinə kampaniya aparırdı. Bu qısqanclıq nədən irəli gəlir?
- Xalq Cəbhəsi Partiyasında Əbülfəz Elçibəy başda olmaqla hamı yaxşı bilirdi ki, Qənimət Zahid o vaxt baş prokuror vəzifəsində işləyən Eldar Həsənovun agenti olub. Eldar Həsənovun agentinin yazdıqlarını çox da ciddiyə almayın.