Hərbi attaşelərin cəbhə bölgəsinə səfəri təşkil olunub Siyasət

Hərbi attaşelərin cəbhə bölgəsinə səfəri təşkil olunub

Dünən Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi tərəfindən Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərin cəbhə bölgəsinə səfəri təşkil olunub.
Bu barədə XİN-nin mətbuat katibi Hikmət Hacıyev bildirib. H. Hacıyev deyib ki, Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Tərtər rayonunun Əskipara kəndində Ermənistan Silahı Qüvvələri tərəfindən fosfor təyinatlı silahın istifadə olunması müəyyən edilib: "Bu da beynəlxalq konvensiyalarla qadağan olunmuş silahdır. Kifayət qədər təhlükəli xarakter daşıyır. Bu faktla əlaqədar olaraq XİN və Müdafiə Nazirliyi tərəfindən Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərin hadisə yerinə səfəri təşkil olunub. Onlar yerindəcə ermənilər tərəfindən fosforlu silahın istifadəsi ilə tanış olacaqlar. ANAMA mütəxəssisləri tərəfindən də mərminin təfərrüatları izah olunacaq".
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.
1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.