Azərbaycan Cənubi Qafqazda öz liderdir Siyasət

Azərbaycan Cənubi Qafqazda öz liderdir

Azərbaycanla Ermənistanın iqtisadi müqayisəsi

Cavid

2015-ci ildə Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 63,98 milyon dollara çatıb ki, bu, Ermənistanla müqayisədə 6 dəfə çoxdur.
Bu sözləri açıqlamasında iqtisadçı Nicat Hacızadə Azərbaycan və Ermənistanın iqtisadi durumunu müqayisə edərkən deyib.
Ekspert bildirib ki, Azərbaycan Cənubi Qafqazda öz lider mövqeyini makroiqtisadi göstəricilərdə qoruyur:"2015-ci ildə Azərbaycan iqtisadiyyatı 1,1% artaraq 54,4 milyard manat olub. Adambaşına düşən ÜDM-nin həcmi dollar ifadəsində 5558,7 ABŞ dolları təşkil edir. Bundan əlavə, qeyri-neft sektorunda 37,7 milyard manat əlavə dəyər istehsal olunub ki, bunun ÜDM-də xüsusi çəkisi 69,3%-ə yüksəlib".
İqtisadçı Ermənistanın Cənubi Qafqazda indiqatorlara əsasən ən zəif göstəricilərə sahib olduğunu bildirib:
"Səbəblər müxtəlifdir. Ümumiyyətlə, Ermənistanın əsas iki açıq ticarət tərəfdaşı var: İran və Gürcüstan. 1991 və 1993-cü illərdən Azərbaycan və Türkiyə ilə müvafiq olaraq sərhədlərin bağlı olması Ermənistan iqtisadiyyatına çox ciddi ziyan vurub.
Ermənistanda 2015-ci ildə ÜDM 10 milyard 65 milyon dollar olub. Azərbaycanda adambaşına düşən ÜDM də Ermənistanla müqayisədə 55% çoxdur".
N.Hacızadənin sözlərinə görə, neft qiymətlərinin indiki aşağı məzənnəsində belə büdcələr arasında böyük fərq var:
"2015-ci il üçün Azərbaycan dövlət büdcəsinin gəlirləri 17.153,2 milyon manat, xərcləri isə 17.786 milyon manat olub. Nəzərə alsaq ki, 2015-ci il ərzində Azərbaycan manatı iki dəfə devalvasiya olub, sonuncu valyuta məzənnəsi ilə gəlirlər 11066, milyon, xərcləri isə 11474,8 milyon dollar olub. Ermənistan dövlət büdcəsinin gəlirləri 2 milyard 169 milyon 42 min, xərcləri isə 2 milyard 551 milyon 934 min dollar təşkil edib".
İqtisadçı Ermənistanın adam başına düşən ÜDM-dəki payının əhəmiyyətli hissəsinin borc hesabına olduğunu açıqlayıb:
"Ermənistanın ümumi borcu 5 milyard 78 milyon dollar təşkil edir ki, bu da ÜDM-ə nisbətdə 50%-dən yuxarıdır. Bu çox kritik göstəricidir".