Putini Bakıya gətirəcək səbəblər var Siyasət

Putini Bakıya gətirəcək səbəblər var

Putinin regiona səfəri baş tutarsa, bu, Azərbaycandan fərqli olaraq, Ermənistanda çox mürəkkəb keçəcək.
Bu barədə politoloq İlqar Vəlizadə danışıb. Ekspertin sözlərinə görə, Lavrovun Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı təkliflərini Azərbaycan və Ermənistan götür-qoy etməkdədir:"Azərbaycan öz qəti mövqeyini ortaya qoyub. Söhbət köhnə təkliflərin yeni formada müzakirəsindən gedir. Yəni Azərbaycan danışıqlar masasına yalnız torpaqlarının qeyd-şərtsiz boşaldılması müqabilində gedəcək. Ermənistan hazırda bundan boyun qaçırır. Belə bir mənzərə yaranıb ki, İrəvanın bu yanaşması Moskvanı da qane etmir. Məhz bu nöqtədə ortaq məxrəcə gəlmək üçün Putin bölgəyə səfər edə bilər. Diplomatik dillə desək, əgər baş tutarsa, Putinin bu səfəri "ağır artilleriya" rolunu oynayacaq. Putini Bakıya gətirəcək səbəblər çoxdur. Burada yalnız Qarabağ məsələsi deyil, regional problemlər, Azərbaycan-Rusiya-İran üçtərəfli formatı, Xəzəryanı məsələlər müzakirə mövzusudur. Azərbaycan Rusiyanın mövqeyini bilir və baş tutarsa, bu səfərə soyuqqanlı yanaşacaq. Çünki Putinin səfəri Ermənistan üçün bir növ təzyiq kimidir. Hətta o da istisna deyil ki, İrəvan rayonların qaytarılması ilə bağlı Moskvadan gələcək təzyiqlərə özünü indidən hazırlayır.
Azərbaycandan fərqli olaraq, sözügedən səfər Ermənistanda çox mürəkkəb şəraitdə keçəcək".
Politoloq bu əsasda Almaniya xarici işlər nazirinin Bakıya gözlənilən səfərini də şərh edib:
"Ştaynmayer Bakıya çox güman ki, yeddi rayonun qaytarılması ilə bağlı təkliflər paketi ilə gələcək. Almaniya hazırkı gərgin vəziyyəti danışıqlar mərhələsinə yönəltməyə çalışır. Bu, Azərbaycan üçün yeni bir hadisə deyil və vəziyyəti dəyişmir. Almaniyanın təklifləri, əslində, yalnız üzdə olan problemləri lokallaşdırır".