“Ermənistan qadağan olunmuş kimyəvi silahlardan istifadə etməklə...” Siyasət

“Ermənistan qadağan olunmuş kimyəvi silahlardan istifadə etməklə...”

Musa Qasımlı: "Bəşəriyyətə və sivilizasiyaya qarşı cinayət törədib"


"Ermənistanın qadağan olunmuş kimyəvi silahlardan istifadə etməsi beynəlxalq konvensiyaları kobud surətdə pozmasının, beynəlxalq birliyin iradəsini saya salmamasının göstəricisidir". Bunu millət vəkili, professor Musa Qasımlı deyib. Onun sözlərinə görə, Ermənistan qadağan olunmuş kimyəvi silahlardan istifadə etməklə bəşəriyyətə və sivilizasiyaya qarşı cinayət törədib: "Beynəlxalq təşkilatlar və böyük dövlətlər Ermənistanın bu cinayətkar hərəkətlərinə qəti qiymət verməlidirlər".
Qeyd edək ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinə və mülki əhalisinə qarşı törədilən təxribatlar zamanı beynəlxalq konvensiyalarla istifadəsi qadağan edilmiş hərbi sursatlardan istifadə olunur. Bunu Müdafiə Nazirliyinin kimya xidmətinin zabiti Müstəcab Niyarov Ermənistan hərbi birləşmələrinin qadağan olunmuş mərmilərdən istifadə etməsi faktı ilə bağlı açıqlamasında bildirib.
Nazirliyin kimya xidmətinin zabiti qeyd edib ki, ağ fosfor bərk, mumşəkilli, zəhərli maddədir (onun 0,1 mq-ı insan üçün öldürücü dozadır). Fosfor havada öz-özünə alışır və böyük miqdarda kəskin zəhərli ağ tüstü buraxaraq yanır. Fosforun alışma temperaturu 34 dərəcədir, yanan zaman isə 900-1200 dərəcəyədək istilik verir.
Plastitləşdirilmiş ağ fosfor sintetik kauçukdan və ağ fosfor zərrəciklərindən ibarət kütlə şəklindədir, saxlama zamanı çox dayanıqlıdır, partlayış baş verərkən tədricən yanan böyük hissələrə parçalanır. Yanan fosfor insan bədəninə düşən zaman ağır, ağrılı, uzun müddət sağalmayan yanıqlar əmələ gətirir. Plastitləşdirilmiş ağ fosfor artilleriya mərmilərində, minalarda, aviabombalarda, əl qumbaralarında istifadə olunur.
Erməni silahlı bölmələri bu tip mərmilərdən təkcə Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutduqları zaman deyil, həmçinin yaşayış məntəqələrinə və mülki əhaliyə qarşı da istifadə edirlər.