“Çox təəssüf ki, hələ də ikili standartlar davam edir” Siyasət

“Çox təəssüf ki, hələ də ikili standartlar davam edir”

Emin Həsənli: "Ermənistanda cinayətkar, terrorçu bir rejim hakimiyyətdədir"

"Çox təəssüf ki, hələ də ikili standartlar davam edir. Ermənistanda cinayətkar, terrorçu bir rejim hakimiyyətdədir. Bu rejimlə bağlı nə qədər konkret addımlar atılmayacaqsa, cəzasızlıq mühiti də mövcud olacaq. Bu rejimin rəhbərlərinin (Koçaryanın, Sarkisyanın, Ohanyanın) əlləri Xocalıda Azərbaycanlı uşaqların qanına batıb. Ermənistan ABŞ, Rusiya və Fransanın qərarlarına hörmət etmir". Bunu Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, hərbi eskpert Emin Həsənli deyib.
Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi hələ də yerinə yetirilmir: "Bundan əlavə kimyəvi silahlara qarşı konvensiya var ki, 1992-ci ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilib. 1993-cü ilin mayın 13-də Fransa prezidentinin təşəbbüsü ilə 160-dən artıq dövlət bu konvensiyanı imzalayıb. 1995-ci ilin yanvar ayında Ermənistan konvensiyaya qoşulub, 1997-ci ilin aprelində isə məlum konvensiya qüvvəyə minib. Amma çox təəssüflər olsun ki, Ermənistan beynəlxalq hüquqa əməl etmir. Ermənistanın cəzalandırılması ancaq Azərbaycan əsgərinin haqqıdır. Əslində bunu dünya etməlidir amma biz edəcəyik. Bunun başqa yolu yoxdur".
E.Həsənli əlavə edib ki, son dövrlər Ermənistan uğradığı ağır məğlubiyyətdən sonra işğalçı ölkənin azğın rejimi çıxılmaz durumda qalıb: "Bildiyiniz kimi, Ermənistanın dövlət kimi müstəqil dövləti, ordusu yoxdur, iqtisadiyyatı çox pis vəziyyətdədir. Bununla belə ölkə müstəqil xarici siyasət apara bilmir. Hətta Rusiyadan başqa heç kimdən silah ala bilmir. Onlar xalqı inandırmışdılar ki, güclü orduları var, Azərbaycan Qarabağı unudublar, Azərbaycan Qarabağ uğrunda müharibə aparmayacaq və s. Aprel ayında onlar əməliyyatlara başladı ancaq Azərbaycan ordusu onları alt-üst etdi".