“Rəsmi İrəvan qərbyönlü qüvvələrlə vahid cəbhə yaradıb” Siyasət

“Rəsmi İrəvan qərbyönlü qüvvələrlə vahid cəbhə yaradıb”

Tofiq Abbasov: "Məqsəd Moskvanı Bakıya qarşı çevirməkdir"

"Rəsmi Bakı İrəvana təhdid törətmir. Lakin Rusiya rəhbərliyi müvəqqəti sülhü bərpa etməklə Ermənistanı daha ağır zərbədən sığortaladı". Bu barədə politoloq Tofiq Abbasov danışıb. Politoloq bildirib ki, Ermənistan rəhbərliyi Moskvaya qarşı qərbyönlü qüvvələrlə çalışmaqla, Kremlin siyasətinə təsir etməyə can atır: "Eyni zamanda, Rusiyanın planı o zaman bəlli ola bilər ki, rəsmi İrəvan Qarabağ problemi ətrafında sülh danışıqlarına hazır olmasını təsdiqləsin. Kreml Ermənistanla yaranmış soyuqluğun aradan qaldırılması ilə, Sərkisyan hakimiyyəti isə ölkədə Rusiya fobiyasını qızışdırmaqla məşğuldur. Hazırda rəsmi İrəvan faktiki olaraq qərbyönlü qüvvələrlə vahid cəbhə yaradıb ki, Rusiyaya təsir göstərsin. Məqsəd Moskvanı Bakıya qarşı çevirməkdir. Dördgünlük müharibədən sonra İrəvan gizlədə bilmədi ki, prosesdə Rusiyanın hərbi-siyasi dəstəyinə, KTMT-nin isə birbaşa iştirakına ümidli idi. Lakin Moskva birmənalı şəkildə bildirdi ki, Azərbaycana heç bir təsir göstərmək niyyətində deyil. Rəsmi Bakı İrəvana təhdid törətmir. Lakin əslində, Moskva İrəvana dəstək göstərdi. Rusiya rəhbərliyi müvəqqəti sülhü bərpa etməklə Ermənistanı daha ağır zərbədən sığortaladı". T.Abbasovun sözlərinə görə, Ermənistanın hazırda sərgilədiyi şıltaqlıq əsil vassal subyektin davranışını xatırladır: "Əgər Moskva İrəvana təsir göstərib, onu danışıqlar masasına oturdarsa, onda Rusiyanın planı üzə çıxacaq. Bütün hallarda hər hansı planın işlənilməsi üçün münaqişə tərəflərinin iştirakı lazımdır. Ermənistan nə qədər ki, qeyri-müəyyənlik nümayiş etdirir, heç bir plan üzə çıxmayacaq".