Prezidentlər mayın 16-da görüşə bilər Siyasət

Prezidentlər mayın 16-da görüşə bilər

Rusiya XİN: Vyana görüşündə əsas məqsəd təmas xəttində hərbi riskləri azaltmaqdan ibarətdir

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan mayın 16-ı Avstriyanın paytaxtı Vyanada görüşə bilər.
Bunu "İnterfax" agentliyinə İrəvanda olan diplomatik mənbə bildirib.
"Prezidentlərin görüşünün mayın 16-ı Vyanada keçirilə bilər", - deyə agentliyin mənbəsi bildirib.
Qeyd edək ki, Rusiyanın başqa bir agentliyinin – TASS-ın Moskvadakı diplomatik mənbəyə istinadən yaydığı məlumata görə, Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan gələn həftə Avstriyanın paytaxtı Vyanada görüşəcək.
"Bəli, biz belə bir görüşün mümkünlüyünü təsdiqləyirik. Görüş iki ölkə prezidenti və Rusiya, ABŞ, Fransa xarici işlər nazirlərinin iştirakı ilə planlaşdırılır", - deyə mənbə söyləyib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov görüşlə bağlı məlumata malik olmadığını bildirib.
"Bu barədə hələlik heç nə deyə bilmərəm. Şübhəsiz, Moskva münaqişə zonasında gərginliyin azadılmasına yönələn və münaqişənin siyasi yolla həllinə hesablanan istənilən addımı alqışlayır", - deyə Peskov vurğulayıb.
Rusiya prezidentinin mətbuat katibi deyib ki, Rəsmi Moskva Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin azadılmasına yönələn, Bakı və İrəvanın kompromis axtarışı üçün dialoq qaytaracaq istənilən addımını alqışlayır.
Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadənin qənaətinə görə isə prezidentlərin görüşü baş tutmaya bilər.
YAP funksioneri deyib ki, buna səbəb Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan bəyanatlarıdır:
"ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan prezidentlərinin bu görüşünü təşkil etməyə çalışır. Amma Azərbaycan görüşə məsuliyyətlə yanaşır. Ona görə də əgər görüşdən konkret bir nəticə olmayacaqsa, Ermənistan yenə süni konstruktivlik yaradacaqsa, Azərbaycan bununla razılaşmayacaq.
Son bir ay ərzində Ermənistan dəfələrlə öz mövqeyini dəyişib. Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan bəyanatlar verib. Bütün bunlardan sonra görüşə getmək sual altındadır. Hər halda təklif nəzərdən keçiriləcək. Əgər görüşdən nə isə gözləməyə dəyərsə, razılıq veriləcək. Görüş xatirinə görüşdən isə Azərbaycan imtina edəcək".
Aydın Mirzəzadə vurğulayıb ki, bundan sonra Azərbaycan görüşün nəticəsinə uyğun addımlar atacaq: "Görüşə razılığın verilməsinin özü hələ hər şey demək deyil. İstənilən halda, əgər görüş baş tutacaqsa, görüşün baş tutamasına görə yox, nəticəsinə görə qiymət veriləcək".
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə görüş barədə yayılan məlumatları təsdiqləyib.
O deyib ki, prezidentlərin görüşündə Rusiya, ABŞ və Fransa xarici işlər nazirlərinin də iştirakı gözlənilir: "Görüşdə əsas məqsəd məsləhətləşmələr aparmaq, təmas xəttində hərbi riskləri azaltmaqdan ibarətdir. Görüşün vaxtı və formatı dəqiqləşən kimi, əlavə məlumat veriləcək".
Zaxarovanın sözlərinə görə, Moskva hesab edir ki, belə görüşlər danışıqlar prosesinin bərpa olunmasına kömək edəcək.