Metsamor AES-in bağlanması məsələsi BMT-də gündəmə gətirilməlidir Siyasət

Metsamor AES-in bağlanması məsələsi BMT-də gündəmə gətirilməlidir

"Azərbaycan Metsamor Atom Elektrik Stansiyasının (AES) bağlanması ilə bağlı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə müraciət etməlidir".
Bunu bir qrup bloqgerin "change.org" saytında Metsamor AES-in bağlanmasını tələb edən "Stop Metsamor!" petisiyası üzrə imza toplanması kampaniyasına start verməsinə münasibət bildirən millət vəkili Fazil Mustafa deyib.
Fazil Mustafa bildirib ki, Metsamor AES region üçün ciddi təhlükə yaradır: "Ermənistan özünü idarə edə bilməyən dövlətdir. Belə bir dövlətin AES kimi təhlükəli, həm də istismar vaxtı keçən AES-i nəzarətdə saxlamaq imkanı yoxdur. Azərbaycan bu məsələni ciddi şəkildə gündəmə gətirməli və Metsamor AES-in bağlanmasına nail olmalı, həm ekoloji təhlükəsizlik, həm də məsələnin siyasi təxribat vasitəsi kimi istifadə olunması baxımından bunuBMT-nin nəzdində gündəmə gətirməlidir. Rəsmi Bakı diplomatik müstəvidə məsələnin aktuallaşmasına çalışmalıdır".
Fazil Mustafa "Stop Metsamor!" petisiyası üzrə imza toplanması kampaniyasını müsbət qiymətləndirib.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc Metsamor AES-in sovet dövründə inşa edildiyini xatırladıb: "Böyük totalitar dövlətin ucqarlarında belə bir təhlükəli obyektin istismara verməsi başadüşülən idi. Lakin Ermənistan müstəqillik qazandıqdan sonra Metsamor AES-i bir silah kimi istifadə etməyə başladı. Aydındır ki, Ermənistanın neft və qazı yoxdur, buna görə alternativ enerji mənbəyinə ehtiyac duyur. Lakin burada iki mühüm məqam var. Birincisi, sovet dövründə tikilən o qurğuların istismar dövrü başa çatır. İkincisi, Metsamor AES seysmik zonada yerləşir. Bu AES sanki yeraltı bombadır, istənilən an bu təhlükə ortaya çıxa bilər. 1986-cı ildə Çernobıl AES-in 4-cü blokunda sızma böyük bir ərazini viranəyə çevirib. Metsamor AES Ermənistanda da analoji faciəyə yol aça bilər".
Zahid Oruc qeyd edib ki, Ermənistan üçün apreldə 4 günlük uğursuz müharibə zamanı bu ölkənin baş naziri, ayrı-ayrı siyasətçiləri AES-in radioaktiv tullantılarından istifadə oluna biləcəyindən danışıb: "Belə görünür ki, Ermənistanın niyyəti enerji tələbatı ilə bağlı deyil. Onsuz da Ermənistan elektrik enerjisinin 75 faizinə qədərini Rusiyadan alır, qaza tələbatını isə Rusiya və İran hesabına ödəyir. Ermənistan belə vəziyyətdə Metsamor AES-lə bağlı məsələni Avropada alver predmetinə çevirir. Avropa İttifaqı təklif etmişdi ki, 100 milyon avro müqabilində enerji təchizatı ilə bağlı başqa yollar aransın, amma Ermənistan bununla razılaşmamışdı. Ermənistan Robert Köçəryanın prezident olduğu dövrdə Metsamor AES-in istismarının dayandırılması üçün 1 milyard dollara qədər vəsait istəmişdi. Sanki Metsamor AES-i auksiona çıxarmışdı".
Millət vəkilinin sözlərinə görə, Metsamor AES nüvə silahı olmasa da, nüvə elementləri ilə zəngindir: "Gürcüstanda son vaxtlar bir neçə erməni radioaktiv maddə qaçaqmalçılığı ilə məşğul olan cinayətkar dəstənin üzvü kimi yaxalandı. Bu fonda ortaya çıxan faktlardan biri budur ki, Ermənistan hakimiyyət dairələri Metsamor AES üzərindən "qara bazar"da radioaktiv maddə qaçaqmalçılığı və tranziti ilə məşğul olur. Azərbaycan Metsamor AES-lə bağlı məsələni dəfələrlə qaldırıb. O cümlədən, Azərbaycan prezidenti 4 dəfə iştirak etdiyi nüvə sammitlərində bu məsələyə geniş yer verib, bunun bölgə üçün böyük təhlükə mənbəyi olduğunu nəzərə çatdırıb. Təəssüf ki, ilk dövr müəyyən reaksiyalara baxmayaraq, bu məsələdə irəliləyiş əldə olunmayıb. Bu baxımdan Metsamor AES-in bağlanmasını tələb edən "Stop Metsamor!" petisiyası üzrə imza toplanması kampaniyası önəmlidir. Ancaq birmənalı qəbul etməliyik ki, hazırkı dövrdə Azərbaycan tərəfindən real təşəbbüsə baxmayaraq, regionda nə İran, nə Türkiyə, nə də Rusiyadan hər hansı cəhd yoxdur. Azərbaycanla bərabər İran, Türkiyə və Rusiyanın Metsamor AES-in istismarının dayandırılması barədə təşəbbüsünə ehtiyac var. Çünki təhlükə tək Azərbaycana qarşı yönəlməyib".