Artur Rasizadə Gürcüstan prezidenti ilə görüşüb Siyasət

Artur Rasizadə Gürcüstan prezidenti ilə görüşüb

Gürcüstanda səfərdə olan Azərbaycanın baş naziri Artur Rasizadə bu ölkənin prezidenti Giorgi Margvelaşvili ilə görüşüb. Geniş formatda keçirilən görüşdə tərəflər ikitərəfli münasibətləri müzakirə ediblər. Qərb-Şərq enerji dəhlizindən danışan Margvelaşvili və Rasizadə qeyd ediblər ki, 20 il əvvəl Azərbaycan və Gürcüstan arasında Bakı-Supsa kəmərinin çəkilişi hər iki ölkənin inkişafına xidmət edib. Görüşdə Azərbaycan tərəfdən SOCAR prezidenti Rövnəq Abdullayev, energetika naziri Natiq Əliyev, Gürcüstan tərəfdən bu ölkənin Milli Təhlükəsizlik Katibi İrina İmerlişvili, iqtisadi məsələlər üzrə müşavir Maya Melikidze, gürcü prezidentinin beynəlxalq münasibətlər üzrə müşaviri Tengiz Pxaladze iştirak ediblər.
Xatırladaq ki, Azərbaycanın baş naziri Bakı-Tbilisi-Qars layihəsi ilə bağlı vəziyyətə də aydınlıq gətirib. Artur Rasizadə qeyd edib ki, Azərbaycan ərazisindən keçən layihələr beynəlxalq xarakter daşıyan və əhalinin rifah halını yüksəldən vacib layihələrdir.
Baş nazir buna misal olaraq Bakı-Supsa, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və ən böyük neft kəməri olan Bakı-Tbilisi-Ceyhan layihələrini göstərib:
"İndi isə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi həyata keçirilir və bu layihənin bu il açılışı olacaq. Sadalanan layihələr strateji əhəmiyyət daşıyır, Gürcüstan və Azərbaycanda yaşayan əhalinin rifahının yaxşılaşmağına xidmət edir. Bu layihələr praktiki olaraq beynəlxalq xarakter daşıyır", - deyə baş nazir bildirib.