“Rusiya Ermənistanı kompromisə hazırlayır” Siyasət

“Rusiya Ermənistanı kompromisə hazırlayır”

Hikmət Babaoğlu: "Unutmayaq ki, sonsuz danışıqlar milli maraqlarımıza cavab vermir"

"Ermənistan Azərbaycanın gücünü gördükdən sonra anlayıb ki, status-kvonu saxlamaq mümkün deyil".
Bu fikirləri Milli Məclisn deputatı, siyasi şərhçi Hikmət Babaoğlu AzVision.az-a müsahibəsində bildirib. Deputat prezidentlərin Vyana görüşü və Qarabağ danışıqlarındakı növbəti prosesləri şərh edib.

- Aprel döyüşlərindən sonra Azərbaycan və Ermənistan prezidentləri ilk dəfə Vyanada görüşdülər. Görüşün nəticələrini necə qiymətləndirirsiniz?

- Vyana görüşü Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində keyfiyyətcə yeni bir mərhələ kimi qiymətləndirilməlidir. Ermənistanın təxribatına cavab olaraq ordumuz yüksək döyüş qabiliyyəti nümayiş etdirərək təmas xəttində və bütövlükdə münaqişədə yeni status-kvo yaratdı. Vyana görüşü də məhz bundan sonra ortaya çıxdı. Azərbaycan ordusu bütün dünyaya göstərdi ki, əgər beynəlxalq təşkilatlar, ATƏT-in Minsk Qrupu problemi həll etməsə, Azərbaycan ordusu öz ərazi bütövlüyünü bərpa etməyə qadirdir. Beləliklə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində yeni hərbi-siyasi şərtlər meydana gəldi. Yeni şərtlər beynəlxalq münasibətlərdə formalaşan mərhələ Azərbaycanın lehinədir. Ötən 22 ildə Azərbaycan həm hərbi, həm diplomatik, həm də informasiya müstəvisində ciddi uğurlar əldə edib. Vyana görüşü bu şərtlər daxilində baş tutub.
Əlbəttə ki, heç kim düşünməsin ki, bir görüşlə problem həll oluna bilər. Çünki, Ermənistanı himayə edən çox güclü lobbi, imperialist, islamafob mərkəzlər, hegomon dövlətlər var. Onlar Ermənistanı açıq və ya gizli şəkildə müdafiə edirlər. Hazırda Azərbaycanın qarşısında ciddi istehkam var. Biz bunu keçməliyik. Bu prosesdə Azərbaycanın özünə güvənməsi və ordusunun gücü ilə torpaqlarını azad edəcəyini isbat etməsi həmin mərkəzləri Cənubi Qafqaz siyasətlərində müəyyən korrektələr etməyə, bəlkə də koordinat dəyişiklikləri etməyə gətirib çıxaracaq. Ona görə də danışıqlar prosesinin başlaması müsbət bir haldır və münaqişənin həlli ilə bağlı yeni bir mexanizm yaranıb.
Vyana görüşündən dərhal sonra prezidentlər səviyyəsində yeni görüşün müəyyənləşdiirlməsi ona işarədir ki, problemin həlli məsələsi yerindən tərpəndirilməlidir. Bunun özü ümidevericidir. Ona görə düşünürəm ki, proses daha da irəliyə gedə bilər.

- Görüşdən sonra ATƏT-in Minsk qrupunun bəyanatında ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mövcud ofisinin səlahiyyətlərinin genişləndirməsi qeyd olunurdu. Sizcə, buna ehtiyac varmı? Yaxud səlahiyyətlərin artırılması münaqişənin həlli prosesinə necə təsir edə bilər.

- ATƏT-in Minsk qrupunun həmsədrlərinin və Anjey Kasperşikin səlahiyyətləri BMT Təhlükəsizlik Şurasının mandatı ilə müəyyənləşib və onların vəzifəsi problemi həll etməkdir. Ona görə də bəzi hallarda çox təəssüf ki, danışıqlarda manipulyasiyaların şahidi oluruq. Bunlardan biri həmsədrlərin səlahiyyətlərinin artırılmasıdırsa, digəri təmas xəttində monitorinq qurğularının quraşdırılması, insidentlərin araşdırılması məsələləridir. Bu məsələlər qeyri-ciddidir və inandırıcı deyil ki, hansıa formada kiminsə səlahiyyətini artırmaqla problemi həll etmək mümkün olsun. Məsələ ondadır ki, təmas xətti kimi adlandırılan ərazi Azərbaycan torpaqlarıdır və Azərbaycan mövcud status-kvo ilə barışmayacaq. Hər hansı bir şəxsin səlahiyyətinin artırılması, texniki müşahidə qurğularının tətbiqi təmas xəttində birinci atəşkəsin pozulmasına qədər mükün ola bilər. Atəşkəsin ilk pozulmasında bu qurğular dərhal sıradan çıxacaq. Rusiyanın xarici işlər naziri Sergey Lavrov dedi ki, kompromislər mümkün ola bilər və Rusiya buna şərait yaradacaq. Hesab edirəm ki, bu fikirlər əslində problemin həlli istiqamətinə doğru atılan addımdır.
Azərbaycanın kompromis imkanları tükənib, torpaqlarımız işğal olunub. Kompromis odur ki, Azərbaycan bu vəziyyətdə danışıqlara gedir, hərbi yolla problemi həll etmək istəmir. Kompromisə gedəcək tərəf Ermənistandır, işğal etdiyi ərazilərdən çıxmalıdır. Ermənistanı kompromisə hazırlayacaq ən real güc Rusiyadır. Eyni zamanda Lavrov qeyd edib ki, Vyana görüşü mərhələli həll planı üçün yaxşı zəmin yaradıb. Bu, müəyyən nikbinlik yaradır. Azərbaycan mərhələli həll planının tərəfdarıdır. Hazırda yeni intensiv danışıqlar prosesinin başlanğıcındayıq. Ümid edirik ki, bundan sonra nəticə verəcək danışıqlar olacaq.
- Azərbaycan və Ermənistan prezidentlərinin iyunda növbəti görüşünün vaxtı bilinəcək. Yeni görüşlərdən gözləntiləriniz nədən ibarətdir? Danışıqlar uğurlu olmasa yenidən hərbi əməliyyatların başlama ehtimalı mümkündürmü?
- Azərbaycan hansı yolla olur-olsun öz ərazi bütövlüyünü təmin edəcək. Heç kim torpaqlarımızı işğal altında saxlaya bilməz. Beynəlxalq hüquq da Azərbaycanın mövqeyini müdafiə edir. Dünyada hər kəs bilir ki, Azərbaycan istədiyi vaxt ərazi bütövlüyünü bərpa edə bilər. Ona görə də Ermənistan prezidenti Serj Sarkisyan Vyana görüşündən dərhal sonra verdiyi müsahibəsində qeyd etdi ki, status-kvonun saxlanılmasını və əbədi müharibə istəmir. Bu, Sarkisyanın dili ilə Ermənistanın işğalçı olduğunun etirafı idi. Ermənistan Azərbaycanın gücünü gördükdən sonra anlayıb ki, status-kvonu indiki kimi saxlamaq olmaz.
Əgər danışıqların növbəti intensiv mərhələsi üçün atəşkəs lazım idisə, Azərbaycan bunu etdi. Azərbaycan dəfələrlə bəyan edib ki, nəticəsi olan danışıqlar üçün addım atmağa hazırdır. Unutmayaq ki, sonsuz danışıqlar milli maraqlarımıza cavab vermir.
Mövzu ətrafında kim hansı spekulyasiyanı edirsə, hansı ictimai rəyi formalaşdırmağa çalışırsa, bu, onun öz işiidir və doğru deyil. Azərbaycanın mövqeyi qətidir və nəticə verə biləcək danışıqlar üçün görüşlərə gedir. Bu olmasa, ərazi bütövlüyünü bərpa etmə hüququnu hansı yolla olursa-olsun özündə saxlayır. Bunu etməyə isə qadirdir.
- Ermənistan prezidenti Serj Sarkisyan dördgünlük müharibə zamanı Azərbaycanın 800 hektar torpaq sahəsini işğaldan azad etdiyini açıqlamaqla kimə və hansı mesajı vermək istəyirdi? Hansı ki, onun bu etirafı ölkədə birmənalı qarşılanmadı, sosial şəbəkələrdə hələ də etirazlar səslənir.
- Danışıqlar prosesində hər bir tərəf ictimai rəy üçün müəyyən impulslar ötürür. Bunların hər biri mümkündür. Əslində bu etiraf hərbi xunta rəhbərinin Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunun etirafı idi. Əgər ATƏT-in Minsk qrupunun həmsədrləri, problemi həll etməyə qadir olan güclər səmimidirlərsə, münaqişənin həlli üçün bu fikirin özü kifayət edir. Təəssüf ki, biz ikili standartlar dünyasında yaşayırıq, çoxsaylı manipulyasiyalarla rastlaşırıq. Amma, bütün bunlara son qoyacaq yeganə faktor Azərbaycan ordusudur. Diplomatik leksikonda ifadə olunan spekulyasiyalar, informasiyalar bu və ya digər məqsədə xidmət edir.