“Əldə edilmiş razılaşmasına riayət edilməsə, müharibə variantı yenidən gündəmə gələcək” Siyasət

“Əldə edilmiş razılaşmasına riayət edilməsə, müharibə variantı yenidən gündəmə gələcək”

"Ermənistan ordumuzun sarsıdıcı zərbəsini alacaq"

"Azərbaycan ordusunun aprel zəfəri diplomatiyamızın əlini xeyli gücləndirib. İndi danışıqlar stolu ətrafında daha inamlı və daha haqlı mövqedən çıxış edirik".
Bunu politoloq Qabil Hüseynli deyib. O qeyd edib ki, Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin iştirakı ilə keçirilən görüşlərdə ABŞ və Fransanın yaxından iştirak etməsi Cənubi Qafqazdakı Rusiya inhisarının müəyyən qədər məhdudlaşdırılması deməkdir: "Amerika hələ birinci dəfədir ki, Dağlıq Qarabağ probleminə bu qədər israrla müdaxilə edir. Con Kerrinin Lavrovla 7 dəfə telefon danışığı məhz Vyana görüşünün baş tutmasına səbəb oldu. Moskvaya qalsa idi, yenə də yarımçıq görüş keçiriləcək, başdansovdu qərarlar qəbul ediləcəkdi. Bu dəfəki görüş isə əvvəlkilərdən həm hazırlıq səviyyəsinə, həm də məsələlərin müzakirəsinin sərtliyinə görə xeyli fərqlənir".
Politoloq bildirib ki, Vyana görüşündə danışıqlar prosesinin başlamasına bir ay vaxt verilib: "İyunda prezidentlər yenidən görüşəcək. Onadək isə ekspertlər və xarici işlər nazirləri sülh danışıqlarının ümumi yol xəritəsini hazırlamalıdır. Gündəmdə işğal edilmiş rayonların mərhələ-mərhələ azad edilməsi məsələsidir. Doğrudur, ermənilər həmişə dəbbələməyə öyrəniblər. Ancaq bu dəfə dəbbələməyə yol yoxdur. Əgər danışıqların ümumi əldə edilmiş razılaşmasına riayət edilməsə, müharibə variantı yenidən gündəmə gələcək və Ermənistan Azərbaycan ordusunun sarsıdıcı zərbəsini alacaq. Güman edirəm ki, ermənilər də, onların ağaları da əvvəlki dövrlərə nisbətən diplomatik oyunlardan əl çəkməyə məcbur olacaqlar".