“Sühlməramlılar barədə danışmaq tezdir” Siyasət

“Sühlməramlılar barədə danışmaq tezdir”

"Qarabağ münaqişəsi ilə bağlı razılıq əldə edilən zaman ilkin mərhələdə sülhməramlı qüvvələr bölgədə yerləşdirilə bilər. Bu məsələdə qabağa qaçmağa ehtiyac yoxdur, ona aktuallıq səviyyəsinə uyğun olaraq qayıtmaq lazımdır".
Bunu Moskvada erməni jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə IV Departamentinin direktoru Aleksey Pavlovskiy deyib.
Sülhməramlı qüvvələrin Dağlıq Qarabağda yerləşdirilməsi ehtimalına gəldikdə isə Aleksey Pavlovskiy qeyd edib ki, məsələ Madrid prinsiplərindən başlayaraq danışıqlar masası üzərində olan nizamlanma sxemlərində yer alıb. "Qarabağ münaqişəsinin hərbi yolla həllinin olmaması haqqında fundamental ideyanın dəstəklənməsi ən əsas məsələdir. Bu ideya bəzən ritorik, bəzən isə təcrübədə şübhə altına alınır. Rusiya və digər həmsədr ölkələr birmənalı olaraq kağız üzərində öz mövqeyini təsdiqləməlidir ki, 1994-1995-ci illərdə əldə olunan razılaşmalar atəşkəs və sülh prosesinin davam etdirilməsi üçün fundament olaraq qalır".
Dağlıq Qarabağ separatçılarının tərəf kimi danışıqlar prosesinə qayıtması məsələsinə toxunan rusiyalı diplomat Ermənistanın "DQR"in danışıqlar prosesində tərəf kimi təmsilçiliyi haqqında rəsmi bəyanat vermədiyinin vurğulayıb. "Heç kim rəsmən bu cür təklif irəli sürməyib", - deyə o qeyd edib.
Aleksey Pavlovski deyib ki, Rusiya və Ermənistanın müttəfiqlik münasibətləri var: "Lakin Azərbaycanla münasibətlər müttəfiqlik yox, strateji tərəfdaşlıq münasibətləridir".
O bildirib ki, hər iki sözün mənası kifayət qədər aydındır: "Tərəfdaşlıq o deməkdir ki, biz qarşılıqlı əlaqədəyik. Strateji tərəfdaşlıq isə o deməkdir ki, bu əlaqələr uzunmüddətli perspektiv üçün nəzərdə tutulub. Rusiya-Azərbaycan münasibətlərinin əsasında dayanan obyektiv faktorlar aydındır: coğrafi yaxınlıq, iqtisadi əlaqələr, Rusiyada böyük Azərbaycan diasporunun mövcudluğu. Biz bunu strateji tərəfdaşlıq adlandırırıq. Azərbaycan Ermənistandan fərqli olaraq, Rusiyanın müttəfiqi deyil. Ermənistanla bizim hərbi-siyasi müttəfiqliyimiz, qarşlıqlı yardım, o cümlədən, hərbi yardım barədə razılaşmalarımız var".
Diplomatın sözlərinə görə, fərq məhz burdadır. "Ermənistan və Azərbaycanla münasibətlərə bərabər səviyyədə yanaşıldığını söyləmək doğru deyil. Əlbəttə, çox az adam bu vacib detallara diqqət yetirir", - deyə diplomat vurğulayıb.