Növbəti görüş nə vəd edir? Siyasət

Növbəti görüş nə vəd edir?

Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə prosesə hazırlıq işləri görülür

Cavid

Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşü və iyulda növbəti görüşün planlaşdırılmasının Dağlıq Qarabağ münaqişəsinin həllinə böyük təkan verəcəyi iddia edilir. Bu məsələ ilə bağlı ekspertlər tərəfindən müxtəlif proqnozlar söylənilir. Qeyd edək ki, mayın 16-da Vyanada ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sərkisyan arasında baş tutan görüşdə iyunda növbəti danışıqlar barədə razılığa gəlinib.

Millət vəkili, politoloq Rasim Musabəyov Vyana görüşündən sonrakı mərhələnin bəzi detallarını açıqlayıb. "Hesab edirəm ki, Vyana görüşündən sonrakı mərhələ Ermənistana vaxt verilməsindən daha çox, Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə prosesə hazırlıq işləri ilə əlaqəlidir. Hazırda həmsədrlər və sözügedən ölkələrin xarici işlər nazirləri yeni bir mətn üzərində işləyir, bəzi məqamlarla bağlı yaxınlaşdırmalar aparırlar ki, prezidentlərin məlum görüşündən müəyyən nəticələr əldə etsinlər. Çünki bu istiqamətdə xeyli hazırlıq işlərinə ehtiyac var. İyun görüşü də məhz buna hesablanıb. Sərkisyan kimdir ki, Azərbaycana şərt irəli sürsün! Ermənistan rəhbərliyinin hazırda 7 rayonun qaytarılması üzrə mərhələli həll planı ilə razılaşmaqdan başqa çarəsi yoxdur. Bir sözlə, yeri və vaxtı hələ dəqiqləşməsə də, növbəti görüş sırf hazırlıq mərhələsidir. Sülh sazişi əldə olunan kimi Ermənistan dərhal öz qoşunlarını işğal etdiyi Azərbaycan torpaqlarından çıxaracaq".
Bəzi ekspertlər iyunda mərhələli həll paketinin işə düşəcəyini proqnozlaşdırır. Politoloq İlqar Vəlizadə isə bildirib ki, iyunda danışıqlar prosesinin növbəti mərhələsi və orada konkret məsələlərin müzakirəsi ilə bağlı razılığa gəlinəcək.
Ekspert Vyana görüşünün yekununda əldə edilmiş razılaşmalarla bağlı tərəflərin dayandığı əsas istiqamətləri müəyyənləşdirib: "Azərbaycan tərəfi qəti şəkildə rayonların boşaldılması və qaçqınların qayıtmasını tələb edir. Ermənistan isə növbəti mərhələdə atəşkəsə riayət və nəzarət mexanizmlərinin tətbiqini gündəmdə saxlamağa çalışacaq. İndidən bu istiqamətdə hazırlıqlara da başlayıblar. Rəsmi Bakı birinci mərhələni yalnız rayonların boşaldılması və qaçqınların qayıtması ilə tamamlamaqda israrlıdır. Bu mərhələdə Ermənistana təzyiqlərin artacağı ehtimal edilir. Yəni razılaşmalar hazırda bu istiqamətdədir. Konkret olaraq hansı nəticələrə gəlinəcək, bunu zaman göstərəcək".

Qeyd edək ki, Rusiya XİN başçısı iyunda təkliflərin yekun tamamlanma mərhələsinə daxil olacağı anonsunu verib.