“Bu görüşdən ciddi dönüş gözləmək əbəsdir” Siyasət

“Bu görüşdən ciddi dönüş gözləmək əbəsdir”

Tifiq Abbasov: "Çünki problemin kökündə Azərbaycanın ərazi bütövlüyünün bərpası durur"

Bu görüşdən ciddi dönüş gözləmək əbəsdir. Çünki problemin kökündə Azərbaycanın ərazi bütövlüyünün bərpası durur və indiyə qədər gedən danışıqlarda, demək olar, hər şeydən danışılır, lakin Ermənistan rəhbərləri təcavüz amilinə bəraət qazandırmaqdan ötrü müxtəlif gedişlərdən istifadə edirlər. Bu fikri Azadinform-a politoloq Tofiq Abbasov Azərbaycan və Ermənistan prezidentlərinin iyunda baş tutacaq görüşünü şərh edərkən deyib.
Politoloq hesab edir ki, Ermənistan rəhbərliyi əsas predmetdən yayınıb siyasi oyunbazlığa qol qoyur: "Belə danışıqların heç bir səmərəsi olmayıb və olmayacaq da. Hətta Azərbaycan ordusunun aprel döyüşlərində qarşı tərəfə endirdiyi təsirli zərbədən sonra da İrəvan hiylə fəndlərə əl atır".
Tofiq Abbasov əlavə edib ki, belə getsə aprel ssenarisinin təkrarı qaçılmaz olacaq: "Çünki rəsmi Bakı artıq öz xəbərdarlığını lazımi formada edib".
Politoloq hesab edir ki, iyuna nəzərdə tutulmuş görüş hətta olmaya da bilər, ya da təxirə salına bilər: "Əgər Ermənistan verdiyi vədlərə əməl edib atəşkəs rejimini pozmasa, onda əmin omaq olar ki, danışıqlar formal tərzdən qurtulub ciddi məcraya yönələcək. Bu prosesdə Azərbaycan öz sözünü deyib və indi İrəvan gərək hədə və təhdidlərdənsə sülh məramına sadiq olmasını təsdiqləsin".