“Status kvo” qəbuledilməzdir Siyasət

“Status kvo” qəbuledilməzdir

Elmar Məmədyarov: "Mövcud vəziyyət zorakılıq və ciddi hərbi toqquşmalara gətirib çıxara bilər"

"Cəhbə xəttində baş vermiş son gərginlik həyəcan təbili çaldı ki, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasındakı "status-kvo" zorakılıq və ciddi hərbi toqquşmalara gətirib çıxara bilər. Hər bir kəs qəbul edir ki, "status kvo" etibarsız, davamsız və qəbuledilməzdir. Hərbsizləşdirilmə və qoşunların çıxarılması təmin olunmalıdır".
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Şərq Tərəfdaşlığı ölkələrinin XİN rəhbərlərinin görüşündə çıxışı zamanı deyib.
O qeyd edib ki, konstruktiv danışıqlar yolu ilə bu vəziyyətdən çıxış regiona arzu olunan sülh və sabitliyi gətirə bilər. "Buna baxmayaraq, Azərbaycanı "çirkli bombalar"la hədələyən bəyanatlar Ermənistanın bu istiqamətdə niyyətinin olmamasından xəbər verir. Bu baxımdan, biz beynəlxalq ictimaiyyəti Ermənistanın kütləvi qırğın silahlarının yayılmamasına dair beynəlxalq konvensiyalara müvafiq olaraq üzərinə götürdüyü öhdəliklərə əməl etməməsini diqqətlə gözdən keçirməyə çağırırıq. Bu xüsusilə Ermənistan tərəfindən radioaktiv materialların potensial olaraq üçüncü ölkələrə qeyri-qanuni dövriyyəsi ilə bağlı əvvəllər və bu yaxınlarda aşkar olunmuş bədnam cinayət halları baxımından çox vacibdir".
Elmar Məmmədyarov bildirib ki, yenilənmiş Avropa Qonşuluq Siyasəti sabitliyi Avropa Qonşuluğunun bir çox tərəflərində ən təcili çağırış kimi irəli sürüb: "Sözün əsl mənasında - əsl sabitləşməni təcili təhlükəsizlik çağırışlarına müraciət etmədən, daha dəqiqi, Şərq Tərəfdaşlığı coğrafiyasında sabitlik və əməkdaşlığı təhdid edən həlli uzadılmış hərbi münaqişələrin nizamlanmasına nail olmadan təsəvvür etmək mümkün deyil".
Nazir həmçinin qeyd edib ki, multikulturalizm və fərqlilik radikallaşma, ekstremizm və terrorizm kimi artan hədələri dəf etmək üçün geniş təşviq olunmalıdır: "Azərbaycan öz fəal multikultural cəmiyyəti ilə bu sahədə öz təcrübəsini bölüşməyə hazırdır. Yeri gəlmişkən, biz Aİ-nın xarici fəaliyyətindəki Mədəniyyət Strategiyasına bu sahədə bizimlə praktiki əməkdaşlığın formalarının müəyyən edilməsi vasitəsi kimi baxırıq".
Elmar Məmmədyarov öz çıxışında Avropa Qonşuluq Siyasətinin yeni sənədindən də danışıb: "Biz fərqləndirmə, mütəhərriklik, hədəfləmə və təşəbbüsün əldə olması prinsiplərinin yeni Avropa Qonşuluq Siyasətinin yeni sənədinin əsas xüsusiyyətləri olması faktını alqışlayırıq. Bu sənəd Avropa İttifaqının Şərq Avropa İttifaqının Şərq istiqamətində olan siyasətinin mövcud reallıqlara və tərəfdaşların tələbatlarına uyğunlaşdırılması üçün addım olacaq".
O bildirib ki, Azərbaycan həmişə bərabər tərəfdaşlıq və qarşılıqlı faydalılıq prinsipləri əsasında Aİ ilə münasibətləri inkişaf etdirmək üçün güclü siyasi iradə nümayiş etdirib: "Bir il əvvəl Azərbaycan Riqa Sammiti çərçivəsində Aİ-yə Strateji Tərəfdaşlıq Sazişinin layihəsini təqdim edib. Bu saziş ikitərəfli əlaqələrimizi keyfiyyətcə yeni səviyyəyə qaldırmaq və birgə maraqlarımızı daha yaxşı təmin etmək üçün möhkəm zəmin yaradacaq. Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Federika Mogerininin Azərbaycana səfəri Aİ-Azərbaycan münasibətlərinin gələcək istiqamətlərini nəzərdən keçirmək və müzakirə etmək üçün yaxşı fürsət olub. Biz birgə maraq kəsb edən bir çox sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinə və Strateji Tərəfdaşlıq Sazişinin əhatə dairəsi üzrə birgə məsləhətləşmələrin bu yaxınlarda yekunlaşdırılmasına böyük əhəmiyyət verərək başa düşürük ki, Aİ tezliklə danışıqlara başlamaq üçün rəsmi mandat əldə edəcək. Hazırda, biz ikitərəfli əməkdaşlığımızın yenidən gücləndirilməsinə istiqamətlənmiş mövcud siyasi dialoq mexanizminin bərpa edilməsi üzərində işləyirik. Həmçinin, biz Aİ ilə Birgə Aviasiya Sazişinə dair danışıqları bərpa etməyə hazırıq".
Məmməduarov deyib ki, yenilənmiş AQS pan-Avropa enerji təhlükəsizliyinə nail olmaq üçün Cənub Qaz Dəhlizinin (CQD) tamamlanmasının əhəmiyyətini bir daha təsdiq edib: "Bu möhtəşəm layihənin vaxtında və müvəffəqiyyətlə yekunlaşdırılması Avropaya alternativ qaz gətirilməsi üçün çox vacibdir. Azərbaycan enerji təhlükəsizliyi sahəsində birgə strateji maraqlara cavab vermək üçün etibarlı tərəfdaşdır və belə də qalacaq".
Nəqliyyat sahəsində istifadə olunmamış böyük potensialın olduğunu deyən nazir qeyd edib ki, Azərbaycan regionda tranzit nəqliyyat dəhlizlərinin, xüsusilə Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin inkişaf etdirilməsinə daha çox töhfə vermək üçün bütün səylərini səfərbər etməkdə davam edir: "Bu ilin sonuna qədər istifadəyə verilməsi gözlənilən Bakı-Tiflis-Qars dəmiryolu layihəsi Çinin İpək Yolu İqtisadi Kəməri konsepsiyasının tam reallığa çevrilməsi ilə regionun ən əhəmiyyətli infrastrukturu sıralarına qoşulacaq. Bu layihələr sırf iqtisadi-ticarət mənfəətləri ilə yanaşı daha çox təsirlərə malikdir. Onlar Aİ və Azərbaycan arasında birgə maraq kəsb edən daha geniş sahələrdə əməkdaşlıq etmək üçün effektiv alət rolunu oynayacaq".