Ermənilər Qarabağdan qaçır, Ohanyan yalvarır.. Siyasət

Ermənilər Qarabağdan qaçır, Ohanyan yalvarır..

Bu ilin aprel ayının əvvəllərində Azərbaycanın cəbhə xəttində əldə etdiyi uğurlar həm Ermənistanda, həm də Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərindəki ermənilər arasında böyük çaşqınlıq yaradıb. Ermənistan prezidenti Serj Sarkisyanın uğursuzluqlardan dolayı Müdafiə Nazirliyinin 4 generalı işdən qovması, üstəgəl erməni siyasi dairələrində yaranmış Azərbaycan xofu düşmən ölkənin özü haqqında yaratdığı mifik obrazı darmadağın etdi. Çıxılmaz durumda qalan Sarkisyan orduda demək olar ki, əksər komandir heyətini dəyişir. Ötən gün isə Ermənistanın müdafiə naziri Seyran Ohanyan mülki ermənilərə müraciət edib.
O, erməniləri Qarabağın Talış kəndinə çağırıb. Nazir qeyd edib ki, hazırda Talışda vəziyyət təhlükəsizdir.
Göründüyü kimi Sarkisyan rejimi işğal etdikləri Azərbaycan ərazilərindən qaçmış ermənilərə geri dönmələri üçün yalvarır. Hətta qeyd edilən bölgədə məskunlaşacaq ermənilərə yüksək məbləğdə pul təklif edirlər. Çıxılmaz vəziyyətdə qalan Ermənistan rəhbərliyi artıq o qədər isterikadadır ki, bu özünü beynəlxalq hüquq normalarına və aktlarına münasibətdə də büruzə verir.
Məhz bu səbəbdəndir ki, Ermənistan cəbhədə vəziyyətin yenidən gərginləşəcəyi və müharibə olacağı təqdirdə Dağlıq Qarabağdakı separatçı rejimin "müstəqilliyini" tanıyacağını bəyan edir. Təbii ki, bu, Azərbaycanın qəti mövqeyinin və işğal olunmuş torpaqların azad edilməsi ilə bağlı prinsipial addımlarının qarşısında baryer ola bilməyəcək.
Ermənistan rəhbərliyi gözəl anlayır ki, Qarabağdakı erməni seperatçılarını tanımaq bumeranq effekti verəcək. Siyasi çaşqınlıq, ordudakı ciddi problemlər, bu azmış kimi demoqrafik böhran Yerevanı çox narahat edir. Bu proseslər fonunda Azərbaycan ordusunun strateji məntəqələri ələ keçirdikdən sonra Dağlıq Qarabağ və ona bitişik rayonlarda yaşayan ermənilərin yaşadığı yerlərdən köçü də başlayıb.
Dağlıq Qarabağdakı demoqrafik böhran fonunda isə Ermənistan prezidenti Serj Sarkisyan Vyanada Azərbaycan Prezidenti ilə görüşdən sonra sensasion etirafla çıxış etdi. Sarkisyan bəyan etdi ki, aprel döyüşlərində erməni mövqeləri 800 hektar (gerçəkdə isə azad edilən ərazi bundan dəfələrlə çoxdur –Red) ərazi itirib.
Prezident səviyyəsində belə açıqlama təbii ki, Qarabağda ermənilərin qorxusunu ikiqat artırır. Buna görə də, onlar hər an Azərbaycan ordusunun daha da irəliləyəcəyindən ehtiyat edir, həyatlarını riskə atmaq istəmir. Qarabağda vahimə məngənəsində boğulan ermənilər kütləvi şəkildə yaşadığı yerləri tərk edib.
Onların ən çox köç etdiyi yer isə Rusiyadır. Belə ki, ermənilərin Şimali Qafqaz regionuna kütləvi axını müşahidə edilir. Qarabağ ermənilərinin Dağıstana, İnquşetiyaya, Stavrapol və Krasnodar diyarlarına köç edərək burada iş axtarırlar. Bu barədə saytımıza Şimalı Qafqazda yaşayan azərbaycanlılar məlumat verib. Onların Gürcüstan vasitəsi ilə Rusiya ərazisinə daxil olduğu və bir daha Ermənistana və ya Dağlıq Qarabağa qayıtmaq istəmədikləri bəllidir.
Hətta Ermənistan rəhbərliyinin ciddi təhdid və şirnikdirici üsulları da erməniləri geri döndərə bilmir. Suriya, Livan və s. kimi ölkələrdən qaçqın ermənilər də Azərbaycanın işğal edilmiş ərazilərində məskunlaşmaqdan imtina ediblər.