BMT-nin işçi qrupu Bakıda mətbuat konfransı keçirib Siyasət

BMT-nin işçi qrupu Bakıda mətbuat konfransı keçirib

BMT-nin Özbaşına Saxlanma üzrə İşçi Qrupu əlilliyi, xüsusən psixo-sosial və əqli əlilliyi olan şəxslərin müvafiq müəssisələrə yerləşdirilməsindən və Azərbaycandakı cinayət mühakimə sistemindən narahatlığını ifadə edib.
Qrupun sədri Setondci Rolan Adcovi bildirib ki, bəzi inzibati xətaların qeyri-müəyyən olması, həmin xətalar üzrə tətbiq edilən qeyri-mütənasib cəzalar narahatlıq doğurur. O deyib ki, səfər çərçivəsində 25 saxlanma yeri və müəssisələrinə baş çəkib, həbsdə olan və saxlanılan 80-dən çox şəxslə müsahibələr aparıb.
İşçi qrupu qanuna zidd davranan uşaqlarla rəftardan da narahatlıq ifadə edib. Bununla yanaşı, bəzi müsbət məqamların da müşahidə olunduğu diqqətə çatdırılıb. "Bəzi saxlanma mərkəzləri yenidən qurulub. Gənc və yeniyetmələrin saxlanma mərkəzləri və miqrantların saxlanma mərkəzləri də yaxşı qurulub. Belə müsbət əlamətləri gördük", - deyə Adcovi söyləyib.
Qonaqlar həmçinin Xədicə İsmayılovanın azadlığa çıxaraq fəaliyyətini davam etdirəcəyi üçün şad olduqlarının bildiriblər.
Qrupun sədri Adcovi Qiyas İbrahimov və Bayram Məmmədov adlı tələbələrlə görüşdüklərini və onların ayaqlarında yara əlamətləri gördüklərini söyləyiblər.
Yekunda bildirilib ki, qrup özünün Azərbaycana səfərə dəvət olunması təşəbbüsünü hökumətin nəzərdə tutduğu islahatların başlanğıc nöqtəsi olduğunun fərqindədir: "Belə bir təqdirəlayiq yolda hökuməti və Azərbaycan xalqını müşayiət etmək bizim üçün şərəfli vəzifədir və biz missiya zamanı başladılan dialoqu davam etdirəcəyik".
Qeyd edək ki, BMT-nin Özbaşına Həbslər üzrə İşçi Qrupu 16-25 may tarixlərində Azərbaycanda azadlıqdan məhrumetmə ilə əlaqədar vəziyyəti öyrənmək üçün ölkəyə səfər edib. Səfər çərçivəsində insan hüquqları üzrə ekspertlər - qrupun sədri Setondci Rolan Adcovi və sədr müavini Xose Gevara Bakı, Gəncə və Naxçıvanda dövlət nümayəndələri, vətəndaş cəmiyyəti və digər maraqlı tərəflərlə görüşlər keçiriblər. Ekspert qrupunuBMT-nin İnsan hüquqları üzrə Ali Komissarlığında yerləşən İşçi Qrupun Katibliyinin əməkdaşları müşayiət edib. Qrup səfərin nəticələrinə dair yekun hesabatını 2017-ci ilin sentyabr ayında BMT İnsan Hüquqları Şurasına təqdim edəcək.