“Düşmən üçün müqəddəs heç nə yoxdur” Siyasət

“Düşmən üçün müqəddəs heç nə yoxdur”

Sahib Alıyev: "Məscidə soxulublar ki, döyüşlər yenidən başlasa, ordumuz oraya zərbə endirməyəcək"

Ermənistan bütün parametrləri üzrə Azərbaycan qarşısında uduzduğunu gördüyündən ənənəvi olaraq iyrənc və cılız metodlardan yararlanmağa başlayıb. Belə ki, xəbərlərdən də məlum olduğu kimi işğalçı ölkə Avstriyanın paytaxtı Vyanada prezidentər səviyyəsində keçirilən görüşdən dərhal sonra işğal altında olan Azərbaycan ərazilərində növbəti təxribatlara əl atıb. Qəsb etdiyi Azərbaycan ərazilərində hərbi təlimlər keçirən Ermənistan bununla kifayətlənməyərək təlimlərdən sonra Ağdam məscidini hərbi qərargaha çevirib. Bununla Ermənistan bir tərəfdən beynəlxalq səviyyədə tanınan dini dəyərləri vandalcasına pozduğunu bir daha nümayiş etdirib, digər tərəfdən Azərbaycandan hədsiz dərəcədə qorxduğunu sübuta yetirib. Eyni zamanda işğalçı ölkə Ağdam məscidini hərbi qərargaha çevirməklə təmas xəttində yenidən gərginliyi artıracağını, atəşkəs rejiminə davamlı şəkildə əməl etməyəcəyini açıq şəkildə bildirib. Yəni İrəvan əmindir ki, hərbi əməliyyatlara başlayacağı Azərbaycan ondan fərqli olaraq məscidə zərbə endirməyəcək. Bununla da ermənilər hərbi üstünlük əldə edəcəklər. Ermənilərin bu iyrənc, cılız addımına beynəlxalq səviyyədə ciddi raksiya bildirilməsə də, lakin dünyanın bir çox sülhpərvər insanları işğalçı ölkənin məscidi hərbi qərargaha çevirməsini qətiyyətlə pisləyiblər.
Belorusiyanın "naviny.by" saytının jurnalisti Adarya Quştın da ermənilərin hiyləyə əl atdıqları qənaətindədir. O, bildirib ki, Ermənilər Ağdam məscidin hərbi ştaba çevriblər: "Bilirlər ki, azərbaycanlılar məscidinə raket zərbələri endirməyəcəklər, onlar bu faktdan istifadə edirlər".
Ağdam məscidinin ermənilər tərəfindən hərbi qərargaha çevrilməsinə münasibət bildirən millət vəkili Sahib Alıyevin sözlərinə görə, bu o deməkdir ki, düşmən üçün müqəddəs heç nə yoxdur: "İkincisi, bu fakt onların necə böyük qorxu içərisində olmalarından xəbər verir. Yəqin aprel döyüşləri zamanı anlayıblar ki, Azərbaycan ordusu düşmənin komandanlığının harada yerləşdiyini dəqiq təsbit edə və zərərsizləşdirə bilir. İndi gedib məscidə soxulublar ki, döyüşlər yenidən başlasa, ordumuz oraya zərbə endirməyəcək. Budur Sərksiyanın generallarının əsl sifəti. 18 yaşlı gəncləri, cinayətkarlarla birgə ön xəttə göndərir, özləri isə məsciddə gizlənirlər".
Politoloq Məhəmməd Əsədullazadə deyib ki, Azərbaycan aprelin əvvəlində erməni sillahlı bölmlərinin təxribatının qarşısını alarkən düşmən üzərində taktiki və geniş hərbi üstünlüyü ilə seçildi və düşməndən strateji əhəmiyyətli yüksəkliklər geri alındı: "Bu hərbi əməliyyatlarda Azərbaycan silahlı qüvvələri təkcə ön xəttə deyil, düşmənin dərinlikdə yerləşən hərbi nöqtələrini və qərargahlarını dəqiq zərbələrlə sıradan çıxadı. Azərbaycanın müasir silahları ilə düşmənin Madagiz və Cəbrayılda yerləşən hərbi qərargahları bu əməliyyatlarda sıradan çıxarıldı və düşmənin yüksək rütbəli zabitləri məhz bu qərargahlarda oturub, döyüşü idarə edirdilər. Azərbaycanın bu zərbələrindən sonra artıq düşmən panikada idi və ön xəttə yaxın daha da etibarlı qərargah qurmaları sual altında qalmışdı. Daima öz qonşularına qarşı məkrliyi və İslama qarşı düşmənçiliyi ilə seçilən ermənilər Azərbaycan xalqının və müsəlmanların ibadət yerlərini dağıtmaqdan da çəkinmirlər və məscidləri öz çirkin əməllərini icra etmək üçün yerləşim yeri kimi istifadə edirlər". Məhəmməd Əsədullazadə deyib ki, bu günə qədər işğal olunmuş ərazilərdə yarı uçurulmuş İslam dini ocaqlarından ferma kimi istifadə edən ermənilər, Azərbaycanın silahlı qüvvələrinin zərbələrindən qorunmaq üçün öz hərbi qərargahlarını məscidlərə köçürüblər: "Ağdam məscidini hərbi qərargah etməklə, Azərbaycanın zərbələrindən qorunmağı planlaşdırıblar. Özləri bilir ki, Azərbaycan xalqı onlardan fərqli olaraq ibadət yerlərini, məscidləri hədəfə almayacaq. Ona görə belə yerlərdə sığınırlar. Ağdam məscidi hərbi qərargaha çevirməklə Azərbaycan xalqının dini hissiyatlarına toxunurlar və öz qorxaqlıqarını nümayiş etdirirlər. Ermənilərin bu addımı beynəlxalq səviyyəyə qaldırılmalı, İslam ölkələrinə bu barədə ətraflı məlumat verilməlidir. Bu dini ocaqlar təkcə bizim deyil, bütün müsəlmanların ibadət yerləridir. Bir məsciddən hərbi məqsədlər kimi istifadə olunması qəbuledilməzdi və lazım olanda humanitar məqsədlər üçün istifadə edilir. Ermənilər belə addımı atmaqla qorunmağı düşünürlər. Amma Azərbaycan silahlı qüvvələri atəşdən istifadə etmədən belə həmin qərargahı ordan təmizləmək iqtidarındadır". Politoloq deyib ki, iyun ayında prezidentlərin növbəti görüşü gözlənilir və bu görüşdə erməni tərəfi yenidən heç bir güzəştə getməsə, Azərbaycan Ağdam məscidini düşməndən təmizləməli olacaq: "Qonşu müsəlman ölkələrinin bu susqunluğu düşməndə dini yerlərə daha da hörmətsiz yanaşmasına gətirib çıxarır". Politoloq onu da bildirib ki, erməni tərəfinin bütün təxribat və aqressiv hərəkətlərinə baxmayaraq Azərbaycan hələ də sülh danışıqlarına sadiqliyini ortaya qoyur, Dağlıq Qarabağ probleminin diplomatik yolla həllinə ümid bəsləyir: "Təəsüf ki, biz qarşı tərəfdən bu münasibəti görmürük".