“İnformasiya müharibəsində də düşməndən güclü olmalıyıq” Siyasət

“İnformasiya müharibəsində də düşməndən güclü olmalıyıq”

Əflatun Amaşov: "İnformasiya müharibəsində qalib tərəf olmaq üçün media sahəsinə daha çox diqqətin ayrılmasına ehtiyac var"

İnformasiya müharibəsində də düşməndən güclü olmalıyıq.
Milli Məclisin dünən keçirilən iclasında "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi ilə bağlı çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov belə deyib.
Azərbaycan dövlətinin KİV-lərin iqtisadi bazasının möhkəmləndirilməsi məqsədilə ayrılan vəsaiti ildən-ilə artırdığın bildirən Əflatun Amaşov bunu müsbət hal kimi dəyərləndirib və qeyd edib ki, bu istiqamətdə ayrılan vəsaitin həcmi sahənin həssaslığına adekvat olmalıdır: "Fikrimi əsaslandırmaq üçün bir məqama diqqət yetirmək istərdim. Ölkədə müdafiə qabiliyyətinin artırılmasına əhəmiyyətli vəsait ayrılır. Çünki biz müharibə vəziyyətindəyik. Qarabağı güclü ordu azad edəcək. Lakin informasiya müharibəsində də düşməndən güclü olmalıyıq. Tarixən belə olub. İnformasiya cəbhəsində qazanan tərəf müharibəni də asanlıqla udub.
Söhbət yalnız Ermənistanla müharibədən getmir. Mövcud duruma nəzər yetirək. BMT-nin işğal olunmuş torpaqlarımızın azad olunmasına dair 4 qətnaməsi var. İrəliləyiş isə yoxdur. Əlbəttə, burada Azərbaycana münasibətdə ikili yanaşma da öz sözünü deyir. Ancaq düşünürəm ki, biz informasiya müharibəsində tam şəkildə qalib tərəf olsaq, təkcə həmin 4 qətnamənin tələblərinin icrasının yox, bizim üçün vacib olan digər mühüm məsələlərin həllində də ardıcıl ola bilərik. Mediamız vasitəsi ilə təsir göstərə bilərik. Bunun üçünsə bir daha deyim, ölkənin müdafiə qabiliyyətinin artırılmasına ayırdığımız diqqət kimi, informasiya müharibəsinin aparılmasına da diqqət ayırmalıyıq. Bəlkə bu ayrıca konsepsiya şəklində olmalıdır. Bu da ola bilər. Hər bir halda informasiya müharibəsində qalib tərəf olmaq üçün media sahəsinə daha çox diqqətin ayrılmasına ehtiyac var".