“Krasnoyarskda azərbaycanlıların sayı artıb” Siyasət

“Krasnoyarskda azərbaycanlıların sayı artıb”

Səadət Qarayeva: "Təəssüf ki, orada yaşayan azərbaycanlıların maraqlarını həqiqi mənada qoruyan deputat nümayəndəsi yoxdur"

Rusiyanın Krasnoyarsk şəhərində yaşayan soydaşımız Səadət Qarayeva deputatlığa namizəddir. Səadət xanım Qadın Dialoqu Ümumrusiya Siyasi Partiyasından Krasnoyarsk Diyar Qanunverici Orqanına seçkilərdə namizədliyini irəli sürüb. Xatırladaq ki, Dünya Azərbaycanlılarının IV Qurultayında Prezident İlham Əliyev diaspor üzvlərinin qanunvericilik orqanlarında təmsilçiliyinin vacibliyini xüsusi vurğulayıb. Səadət Qarayeva da dövlət başçısının tövsiyəsinə uyğun olaraq seçkilərə qatılıb. Nəzərə çatdıraq ki, Səadət Qarayeva Rusiyadakı Azərbaycan diasporu üzvləri arasında ilk qadın deputatlığa namizəddir. Əgər o, seçkilərdə qalib gələrsə, Azərbaycan diasporu tarixində ilk qadın millət vəkili olacaq. Qeyd edək ki, Krasnoyarsk Azərbaycan Cəmiyyətinin sədr müavini, "Odlar yurdu" rəqs ansamblının bədii rəhbəri olan S.Qarayeva ixtisasca hüquqşünasdır: Artıq uzun illərdir ki, müxtəlif siyasi partiyalarla əməkdaşlıq edirik və seçkilərdə namizədliyini verən şəxslərə dəstək olurduq ki, onlar da bizim Azərbaycan diasporunun maraqlarına dəstək olsunlar. Krasnoyarskda yaşayan azərbaycanlıların və başqa qeyri-millətlərin sayı xeyli sayda artıb və təəssüflər olsun ki, onların maraqlarını həqiqi mənada qoruyan, dəstəkləyən deputat nümayəndəsi yoxdur. Dünya Azərbaycanlılarının IV Qurultayında çıxış edən Prezident İlham Əliyevin diaspor nümayəndələrinə müraciətdə bizlərin qanunvericilik orqanlarına inteqrasiya olunmağımızın mühümlüyünü vurğuladı. Bunları nəzərə alaraq, deputatlığa namizəd olmağım barədə təklif gələndə razılıq verdim".
Səadət Qarayeva deyib ki, seçkilərə namizədliyimlə bağlı razılıq verdikdən sonra, təmsil olunduğum partiyanın rəhbərinin tapşırığı ilə Krasnoyarsk şəhərinin bütün rayonlarında yolkənarı bannerlərdə şəklimi yerləşdirdilər: "Həmin gündən tanıyanlar bizimlə əlaqə saxlayıb öz dəstəklərini bildirirlər. Kütləvi tədbirlərdə hətta tanımadığım insanlar da yaxınlaşır və dəstək olduqlarını bildirirlər. Qazaxıstan, Tacikistan, Dağıstan və s. diasporların da rəhbərləri, nümayəndələri köməkliklərini təklif edirlər. Rəsmi olaraq hələ seçki kampaniyasına başlanılmayıb, deyə ancaq danışıqlarla kifayətlənirik. Seçkilər sentyabrın 18-nə təyin olunub. Azərbaycanlılar bannerin önündə şəkil çəkdirərək sosial şəbəkələrdə yerləşdirib dəstək olmağa çağırış edirlər. Yaşadığımız regionda ekoloji problemlər mövcuddur, bu da yerli əhalinin sağlamlığına mənfi təsir edir. Bununla yanaşı, əhaliyə göstərilən tibbi yardım lazımi səviyyədə deyil. Aztəminatlı əhaliyə göstərilən sosial yardım da onların tələbatını ödəmir. Düzü, görüləcək işlər çoxdur. Və bizim partiya bugünkü mövcud olan problemləri duyur və bunlarla mübarizə aparmaq fikrindədir. Bunu da qeyd etmək istərdim ki, sosial problemləri qadınlar daha həssas hiss edirlər və onlar həmişə bu problemlərin daxilində olurlar. Bu bacarıq bizə təbiətdən verilib, çünki qadın öncə anadır, ailənin qorucusudur. Bir azərbaycanlı kimi təbliğatıma maneə yaratmırlar. Dünyanın hər yerində olduğu kimi, seçkilərin yazılmamış mövcud qaydaları var.
Seçkiqabağı təbliğat iki-üç ay olur. Əgər buna qədər cəmiyyətdə etimad qazanmamısansa, bu müddətdə heç nə etmək olmaz. Krasnoyarsk diyarında mən 10 ildir, həyat yoldaşım isə 30 ildir ictimai, xeyriyyə işləri ilə aktiv məşğul oluruq. Bu müddətdə müxtəlif sahələrdə çox işlər görmüşük. Gördüyümüz işləri nəzərə alaraq, bir çox dövlət orqanları tərəfindən fəxri fərman, təşəkkür məktublarına layiq görülmüşük".