BAXCP strateji yol xəritələrini yüksək qiymətləndirir Siyasət

BAXCP strateji yol xəritələrini yüksək qiymətləndirir

İdarə Heyəti: "Azərbaycan xalqını Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin həyata keçirilməsi prosesində təşəbbüskar olmağa, islahatlara dəstək verməyə, ölkənin yenidən qurulmasında fəal iştirak etməyə çağırırıq"

Dünən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib.
İclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub.
BAXCP İdarə Heyətinin iclasında müzakirə olunan ilk məsələ Türkiyədə, paytaxt İstanbulda baş verən terror aksiyası ilə bağlı olub. BAXCP İdarə Heyəti bu dəhşətli cinayəti qətiyyətlə qınayıb: "İstanbulun Beşiktaş rayonunda törədilmiş terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi dərindən kədərləndirdi. Baş vermiş bu dəhşətli faciə ilə əlaqədar həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara Allahdan şəfa diləyirik".
İdarə Heyətinin müzakirə etdiyi növbəti məsələ Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə bağlı olub. BAXCP İdarə Heyəti strateji yol xəritələrinin təsdiq edilməsini yüksək qiymətləndirib: "BAXCP İdarə Heyəti Azərbaycan xalqını Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin həyata keçirilməsi prosesində təşəbbüskar olmağa, islahatlara dəstək verməyə, ölkənin yenidən qurulmasında fəal iştirak etməyə çağırır. BAXCP İdarə Heyəti hesab edir ki, xalqın təşəbbüskarlığı, işgüzar dəstəyi və strateji yol xəritələrinin həyata keçirilməsi prosesində fəal iştirakı olmadan heç bir hökumət bu və ya digər proqram vasitəsilə vəziyyətin yaxşılığa doğru dəyişməsinə nail ola bilməz".
BAXCP İdarə Heyətinin iclasında strateji yol xəritələrinin siyahısında elm və təhsillə bağlı istiqamətin də yer almasının vacibliyi vurğulanıb. Qeyd olunub ki, həyata keçirilməsi nəzərdə tutulan islahatların əhatə etdiyi siyahıda peşə təhsili və təliminin inkişafına yer ayrılsa da, elm və təhsillə bağlı istiqamət diqqətdən kənarda qalıb: "Hesab edirik ki, islahatların davamlılığını təmin etmək üçün elm və təhsilin inkişafı ilə bağlı da strateji yol xəritəsi hazırlanmalı və həyata keçirilməlidir".
BAXCP İdarə Heyətinin iclasında partiyanın bəzi şəhər və rayon təşkilatlarında keçirilən hesabat-seçki konfranslarının nəticələri də müzakirə olunub. BAXCP-nin baş katibi Yaşar Kələntərli partiyanın Sumqayıt şəhər və Laçın, Sabunçu, Şabran rayon təşkilatlarında baş tutan konfranslar barədə İdarə Heyətinin üzvlərini məlumatlandırıb. Baş katib hesabat-seçki konfranslarının partiyanın Nizamnaməsinə və rayon, şəhər təşkilatları haqqına əsasnaməyə uyğun şəkildə keçirildiyini bildirib.