İzmirdə məhkəmə qarşısında partlayış Siyasət

İzmirdə məhkəmə qarşısında partlayış

Dünən yerli vaxtla saat 16:00-da İzmirdə məhkəmə binası qarşısında partlayış bomba yüklü avtomobillə törədilib.
Anadolu Agentliyinin verdiyi məlumata görə, partlayış məhkəmənin C qapısında, yalnız hakim və prokurorların avtomobillərinin saxlanılmasına icazə verilən duracaqda törədilib.
Partlayışdan sonra atışma başlayıb. Partlayışı törədən terrorçulardan biri hadisə yerində öldürülüb. Hadisə yerindən qaçan digər terrorçu da polis tərəfindən zərərsizləşdirilib.
Partlayış nəticəsində 1 polis və 1 məhkəmə işçisinin şəhid olduğu, 11 nəfərin yaralandığı bildirilir.
Məhkəmə binası qarşısında törədilən terror aktının təfərrüatları məlum olub.
Terrorçuların olduğu iki avtomobil məhkəmə binasının qarşısındakı duracağa daxil olmağa çalışıb, ancaq polis bunun qarşısını alıb. Bunu görən terrorçular avtomobillərdən birini partladıb. Sonra atışma başlayıb. Terrorçulardan biri orada, digəri isə 150 metr uzaqlıqda öldürülüb.
İzmir valisi Erol Ayyıldız jurnalistlərə açıqlamasında bildirib ki, məhkəmə binası qarşısında polislər şübhəli avtomobili saxlamaq istəyib, bu zaman terrorçular avtomobildən düşüb, atəş açaraq qaçmağa başlayıblar. Daha sonra terrorçular avtomobili partladıblar. Atışma nəticəsində 2 terrorçu öldürülüb, bir polis və bir məhkəmə işçisi şəhid olub.
Terrorçulara məxsus 2 avtomat silah və 8 əl bombası aşkarlanıb. Məhkəmə binasının qarşısında bir avtomobil də aşkarlanıb. Həmin avtomobil polis tərəfindən təhlükəsizlik məqsədi ilə partladılıb.
Erol Ayyıldız bildirib ki, terror aktının törədilmə forması və öldürülən terrorçuların şəxsiyyəti hadisənin PKK tərəfindən törədildiyi qənaətinə gəlməyə əsas verir.
Vali 3-ü polis olmaqla, 7 yaralının olduğunu nəzərə çatdırıb. Erol Ayyıldız üçüncü terrorçunun olub-olmadığının araşdırıldığını da qeyd edib.
Vali onu da bildirib ki, planlaşdırılan irimiqyaslı terror aktının qarşısı məhz polislərin sayıqlığı nəticəsində alınıb: "Polislərin səyi nəticəsində terrorçular əsas məqsədlərinə çata bilməyiblər".