“Fransa ATƏT MQ həmsədrliyində ballast dövlətə çevrilir” Siyasət

“Fransa ATƏT MQ həmsədrliyində ballast dövlətə çevrilir”

"Hazırda Fransa Dağlıq Qarabağ tənzimlənməsində heç bir təşəbbüs irəli sürə bilmir. Eks-prezident F. Olandın Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşü ilə bağlı irəli sürdüyü təşəbbüs Ermənistan tərəfindən rədd olundu.
Fransanın Dağlıq Qarabağ tənzimlənməsində ballasta çevrilməsində əsas rol bir qrup Fransa parlamentariləri və siyasətçilərinə məxsusdur". Bu fikri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bildirib. Onun sözlərinə görə, bir qrup Fransa parlamentarisi və siyasətçisi "Artsax" (Dağlıq Qarabağ)-Fransa Dostluq Qrupu yaratmaqla Dağlıq Qarabağın müstəqil dövlət kimi görünməsi istiqamətində fəaliyyət göstərdilər: "Fransada erməni icmasının rəhbərlərindən biri Murad Papazyan F. Olandın Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı fikirlərini açıqladı; Ətraf rayonlar Azərbaycana qaytarılmalı imiş; Papazyanın aranjemanında bu 7 yox 5 rayondur. F. Olanda görə 1988-ci ilədək Dağlıq Qarabağda yaşamış azərbaycanlıların Dağlıq Qarabağa qayıdaraq Dağlıq Qarabağ erməniləri ilə birlikdə Dağlıq Qarabağın statusu barədə referendumda iştirak etməli imiş; M. Papazyanın aranjemanında Dağlıq Qarabağ azərbaycanlıları cəmi 25 faizdir və referendum müstəqillik referendumudur. Fransalı erməni bunu etiraf etdiyi halda erməninin ələ aldığı Fransa parlamentinin deputatı F.Roşbluan isə yalnız Dağlıq Qarabağ ermənilərini və onların müstəqil dövlətçiliyini görürdü. Dəfələrlə Fransa cəmiyyətinin aktiv hissəsinin nümayəndələrini qoşunların təmas xəttinin ön hissəsinə gətirmişdi. Məhz bəzi Fransa siyasətçilərinin hesabına Fransa ATƏT MQ-də ballast dövlətdir. Belə fəaliyyət yalnız Ermənistana sərfəlidir: "Fransa tərəfi belə dedi", "Fransa ilə də məsləhətləşək" adı ilə S. Sərkisyan geniş imitasiya resursları əldə edir. Roşbluan yaxın günlərdə bir qrup parlamentarilər ilə Dağlıq Qarabağın azərbaycanlı icmasını Fransaya dəvət edəcəksə, bu halda müəyyən qədər gözləmək olar".