“Ermənistanın mülki əhalini atəşə tutması hərbi cinayətdir“ Siyasət

“Ermənistanın mülki əhalini atəşə tutması hərbi cinayətdir“

Musa Qasımlı: "Yaranmış vəziyyət üçün bütün məsuliyyət Ermənistan hakimiyyətinin üzərinə düşür"

Ermənistanın Azərbaycanla sərhəddə yerləşən ərazilərdən azərbaycanlıların yaşadığı kəndlərdə mülki əhalini atəşə tutması bir sıra məqsədlər güdür. Bunu Milli Məclisin deputatı Musa Qasımlı avqustun 7-də Tovuz rayonunun Qaralar kəndində Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində 13 yaşli kənd sakini Ramil Yusibovun yaralanmasına münasibət bildirərəkən deyib.
M.Qasımlı bildirib ki, bununla Ermənistan sərhəddə yaşayan dinc sakinlərimizi qorxutmağa çalışır: "Eyni zamanda, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil olan ölkələri, ilk növbədə Rusiyanı bu işə cəlb etmək istəyir, diqqəti Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionu və ətraf rayonlardakı vəziyyətdən yayındırır". Deputat vurğulayıb ki, Ermənistanın bu hərəkəti göstərir ki, qonşu ölkə əsas hədəf kimi mülki əhalini seçir: "Bu isə Ermənistan hakimiyyətinin siyasətinin mahiyyətini göstərir. Mülki əhalini atəşə tutmaq hərbi cinayətdir. Yaranmış vəziyyət üçün bütün məsuliyyət Ermənistan hakimiyyətinin üzərinə düşür".
Qeyd edək ki, Ermənistan hərbi hissələri avqustun 7-də saat 20 radələrində Azərbaycanın işğal olunmuş ərazilərindən Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Qaralar kəndini iriçaplı silahlardan atəşə tutaraq mülki əhalinin qəsdən məhv edilməsi məqsədilə növbəti təxribat törədiblər. Nəticədə Qaralar kənd sakini - 2004-cü il təvəllüdlü Yusibov Ramil Sabir oğlu ot biçinindən gələrkən qəlpə xəsarətləri alaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 116.0.10 (silahlı münaqişə zamanı mülki əhaliyə və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə hücum etməklə beynəlxalq humanitar hüquq normalarını pozma), 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.