Elmar Məmmədyarov BMT-nin sabiq baş katibi ilə görüşüb Siyasət

Elmar Məmmədyarov BMT-nin sabiq baş katibi ilə görüşüb

Azərbaycan xarici işlər naziriElmar Məmmədyarov Bakıda keçirilən 41-ci Ümumdünya Skaut Konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan BMT-nin sabiq baş katibi Pan Gi Munla görüşüb.
XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycanla Koreya Respublikası arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə ediliB, iki ölkə arasında gündəlikdə olan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Nazir E. Məmmədyarov Pan Gi Munun ölkəmizə səfərini yüksək qiymətləndirib və belə görüşlərin ikitərəfli münasibətlərə əhəmiyyətli töhfə verdiyini bildirib. Nazir Pan Gi Munun BMT baş katibi kimi fəaliyyəti dövründə ölkəmizlə təşkilat arasında əməkdaşlığın inkişaf etdirilməsində oynadığı rolu təqdir edib.
Görüşdə bu il Azərbaycanla Koreya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd edildiyi və bu məqsədlə hər iki ölkədə müxtəlif tədbirlərin keçirildiyi vurğulanıb.
Pan Gi Mun iki ölkə arasında əlaqələri genişləndirmək üçün böyük potensialın olduğunu, bu xüsusda neft, qaz, nəqliyyat, yüksək texnologiyalar və turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və birbaşa uçuşların həyata keçirilməsinin vacibliyini qeyd edib.
O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində cari vəziyyətlə maraqlanıb. Nazir Elmar Məmmədyarov danışıqlar prosesinin hazırkı durumu və statusu barəsində qonağı məlumatlandırıb və münaqişənin BMT TŞ-nın müvafiq qətnamələrində də əks olunduğu kimi, yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməli olduğunu diqqətə çatdırıb. Həmçinin regional sülhə və təhlükəsizliyə ciddi təhdid olan bu münaqişənin həlli üçün Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalı olduğunu vurğulayıb. Nazir Koreya hökumətinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın ədalətli mövqeyini və münaqişənin məhz Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllini dəstəklədiyinə görə təşəkkür edib.
Pan Gi Mun 41-ci Ümumdünya Skaut Konfransının təşkilinə görə Azərbaycan tərəfinə təşəkkür edib və belə tədbirlərin dünyada gənclər arasında ideya və ünsiyyət mübadiləsinin həyata keçirilməsinə töhfə verdiyini qeyd edib.
Görüşdə Koreya yarımadasındakı vəziyyət, dünyadakı münaqişələrin həllində BMT-nin rolunun artırılması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.