“Faşistlərin bütün abidələri dağıdılmalıdır“ Siyasət

“Faşistlərin bütün abidələri dağıdılmalıdır“

Faşistlər və onların əlbirləri yaxşı və pis deyə ikiyə bölünə bilməzlər.
Bu barədə "Report"un Rusiya bürosuna rusiyalı hərbi ekspert Aleksandr Perenciyev bildirib.
Xatırladaq ki, o, bu yaxınlarda "Change.org" saytında postsovet məkanında faşizmin qəhrəmanlaşdırılmasının qarşısının alınması tələbi ilə petisiya təşkil edib. Nümunə kimi isə Böyük Vətən müharibəsi zamanı faşistlərin tərəfində döyüşən Qaregin Njdeyə Yerevanda abidə ucaldılması göstərilib. Petisiya artıq təxminən 75 min səs toplayıb.
Onun sözlərinə görə, ərizəni dərc etdikdən sonra Ermənistandan ona narazılıq məktubları gəlib və Qaregin Njdeni faşist kimi qələmə verməməyi tələb ediblər.
"Bu, sadəcə, tarixi təhqir etməkdir. Faşistlər və onların əlbirləri yaxşı və pis deyə ikiyə bölünə bilməzlər. Axı marşal Baqramyan kimi komandirlər olub və onlar çoxdurlar. Hələ lap qədim tarixi də vərəqləmək olar. Ermənilər qədim xalq olduqlarını iddia edirlər, bəs görəsən, onların tarixində faşist Njdedən daha layiq heç kim yoxdur?!", - Aleksandr Perenciyev bildirib.
Petisiya barədə danışan Aleksandr Perenciyev bu məsələnin artıq o azərbaycanlı nümayəndələrlə söhbətlərdə müzakirə edildiyini və məsələ üzrə mövqeyini aydın izah etdiyini vurğulayıb.
"Mən Azərbaycan tərəfi ilə də ərizə barədə müzakirə aparmışam və bu məsələni milliləşdirməməyi xahiş ertmişəm. Bu, psotsovet məkanının ümumi faciəsidir. Digər tərəfdən, Njdenin abidəsi barədə yazmasaydım, məni ikili standartlarda ittiham edərdilər. Buna görə də vicdanla danışmaq lazımdır: bütün faşist abidələri məhv edilməldir", - Aleksandr Perenciyev qeyd edib.
Rusiyalı politoloq petisiya təşkil etməkdə əsas məqsədinin bu məsələnin Rusiyanın Dövlət Dumasında nəzərdən keçirilməsini təmin etməkdir.
"Rusiya parlamentində bu məsələ ilə bağlı dinləmələr keçirilməsini görmək istərdim. Deputatlarımız bu mövzuda bütün Rusiya cəmiyyəti adından aydın fikir ortaya qoymalıdırlar. Ərizə Dövlət Dumasında baxılmaq üçün qəbul edikdən sonra bütün keçmiş ittifaq respublikalarına göndəriləcək", - hərbi ekspert fikrini tamamlayıb.