“Azərbaycanda FETÖ təhlükəsi yox dərəcəsindədir” Siyasət

“Azərbaycanda FETÖ təhlükəsi yox dərəcəsindədir”

Politoloq Qabil Hüseynlinin müsahibəsini oxucularımıza təqdim edirik

- Türkiyə mediası Prezident Rəcəb Tayyib Ərdoğanın sentyabrın 10-11-də Azərbaycana gələcəyi barədə məlumat yayıb. Ərdoğanın ölkəmizə növbəti səfərinin aktuallığını artıran məqamlar hansılardır?
- Ehtimal edirəm ki, cənab Ərdoğanın bu səfəri əvvəlkilərə nisbətən daha çox nəticəli və məzmunca zəngin olacaq. Regionda bir çox dəyişikliklər baş verir və bunlar iki dövlət tərəfindən ciddi surətdə qiymətləndirilməlidir. Ermənistan-Rusiya qoşun birləşmələrinin yaradılması, Ermənistandakı hərbi bazaların əsgər heyətinin artırılması, həm də onlara yeni texnikanın verilməsi təkcə Azərbaycan üçün yox, həm də Türkiyə üçün təhdid vəd edir. Belə olan şəraitdə uzun müddətdir müzakirə edilən Azərbaycanla Türkiyə arasında hərbi saziş məsələsi gündəmə gələ, bunun forması tapıla bilər. 1923-cü ilin mayında Rusiya ilə imzalanmış Qars müqaviləsinə görə, Türkiyə Naxçıvanın təhlükəsizliyi üçün birbaşa cavabdehdir və bu nöqteyi-nəzərdən Naxçıvanda türk hərbi bazasının heç olmazsa, birinin açılması müzakirə obyekti ola bilər.
- Vahid ordu məsələsi zaman-zaman təklif edilir, real addımların atılmasını mümkün sayırsınız?
- Bəli, Naxçıvan ərazisində vahid ordu yaradılması ideyası ətrafında fikir mübadiləsi aparıla bilər. Təhdid xarakterli birləşmələr yaradılıb ki, ona mütləq alternativ cavab hazırlanmalıdır. Zənnimcə, gündəmdə viza məsələsi də dayanacaq. Çünki artıq vizasız gediş-gəlişin təmin edilməsinin vaxtı çatıb. Doğrudur, hava limanında, dəniz vağzallarında, quru keçid məntəqələrində birbaşa viza verilir, həm də vizaya görə ödənişlər də 2 dəfə azaldılıb, amma vizasız gediş-gəliş sisteminə keçilməsi hər iki ölkə üçün strateji əhəmiyyət kəsb edə bilər. İndiyədək ona mane olan cəhətlər də öz əhəmiyyətini itirib.
TANAP layihəsi istiqamətində də yeni addımlar atıla bilər. Bu, hər şeydən əvvəl Azərbaycan-Türkmənistan ikitərəfli əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi ilə bağlıdır. Həm də üstəlik Türkiyə-Azərbaycan-Türkmənistan xarici işlər nazirlərinin görüşməsi və nəticədə üç dövlətin prezidentlər səviyyəsində payızda zirvə toplantısının keçirilməsinə dair razılıq var. Bütün bunlar onu göstərir ki, Türkmənistan qazının Xəzərin dibindən Transxəzər neft kəməri vasitəsilə TANAP layihəsinə qoşulması da gündəmdə olan məsələlərdəndir. Bu istiqamətdə Türkiyənin səyləri ilə geniş iş aparılır və fikrimcə, Azərbaycanla bu məsələ də müzakirə obyekti ola bilər. Bundan başqa, Türkiyə-Gürcüstan-Azərbaycan dövlətləri ilə bağlı üçtərəfli məsələlər ətrafında da müzakirələr aparıla bilər. Çünki indiyədək bu üç ölkənin xarici işlər nazirlərinin görüşləri keçirilib və üçlər ittifaqının prezidentlər səviyyəsində zirvə toplantısı hazırlanır. Strateji, siyasi, iqtisadi cəhətdən Türkiyə və Azərbaycan üçün regionda yeni perspektivlər açılır və bunu hər iki tərəf dərin təhlil edib düzgün istiqamətləndirməyi müzakirə edəcək. Hər halda gəlişmələr regionda yaranmış müəyyən disbalansları balanslaşdırmaq üçün mühüm əhəmiyyətə malik ola bilər.
- Ötən il hərbi çevrilişə cəhddən sonra FETÖ ilə ciddi mübarizəyə başlanılıb. Türkiyəyə dəstək verən ölkələrin başında Azərbaycan dayansa da, bu qruplaşma ölkəmizdə ciddi surətdə qol-qanad açmışdı. Sizcə, rəsmi Ankaranın hələ də FETÖ ilə bağlı şübhələri qalırmı və bu istiqamətdə müzakirələr aparıla bilərmi?
- Bu müqayisə üçün çox ciddi əsas görmürəm. Azərbaycan bir neçə dəfə FETÖ ilə bağlı tədbirlər həyata keçirib və bunun nəticəsində FETÖ-nün dayaqları olan təhsil müəssisələri, ayrı-ayrı kadrlar tamamilə təmizlənib və demək olar ki, çıxdaş edilib. Azərbaycanda FETÖ təhlükəsi yox dərəcəsindədir və burada hansısa FETÖ-çünün gizlənməsi qeyri-mümkündür. Hesab edirəm ki, bu məsələ qapanmış vəziyyətdədir.
- Türkiyənin İqtisadiyyat naziri Nihat Zeybəkçi Türkiyənin Avrasiya İttifaqı ilə gömrük sazişi bağlamaq niyyətində olduğunu bəyan edib. Ermənistan Xarici İşlər nazirinin müavini də başda olmaqla, erməni mediası belə ajiotaJ yaradır ki, bu, Türkiyə-Ermənistan sərhədlərinin açılması halında mümkündür. Bu situasiyanı necə dəyərəndirirsiniz?
- Türkiyənin Avrasiya İttifaqına istiqamətlənməsi barədə birmənalı fikir söyləmək çox çətindir. Amma Türkiyə bu istiqamətdə hərəkət edir və Azərbaycanı da müəyyən suallar qarşısında qoyur. Doğrudan da Avrasiya İttifaqına girmək gec-tez Ermənistanla da münasibətlərin yaxşılaşdırılmasına gətirib çıxarmalıdır. Amma ortada Dağlıq Qarabağ problemi var və bu problemin həlli istiqamətində Rusiya və Ermənistan tərəfindən hər hansı bir pozitiv addım atılmır. Heç bir şərtsiz Türkiyənin Avrasiya İttifaqına qoşulması zənnimcə, Azərbaycanla ciddi müzakirələrə səbəb ola və belə bir addımın atılması Azərbaycanı dilemma qarşısında qoya bilər. Onsuz da Rusiya tərəfindən Azərbaycana ciddi təzyiqlər var və Azərbaycanı Avrasiya İttifaqına yönləndirmək üçün cəəhdlər edilir. Qardaş dövlət Türkiyə bu istiqamətdə addımlar atacaqsa, bu, Azərbaycanla razılaşdırılmalı, xeyri və ziyanı götür-qoy edilməlidir. Hər halda Türkiyənin bu addımını başa düşmək asan deyil.
- Türkiyə ilə Almaniya arasında yaşanan gərginliyi necə şərh edərdiniz?
- Türkiyənin Qərb dövlətləri ilə münasibətlərini pozması arzuolunan bir şey deyil. Xüsusilə Almaniya ilə heç nəyin üstündə münasibətlərin korlamasına gətirib çıxaran söz duelindən ibarət olan bu məsələlərdə qardaş Türkiyənin özünü daha təmkinli aparmasını arzu edərdim. Türkiyə-Almaniya münasibətləri digər Avropa dövlətlərindən fərqli olaraq həmişə strateji xarakter daşıyıb və hər iki tərəfə ciddi xeyir gətirib. Almaniyada yaşayan türklərə müraciət edib Angela Merkelə səs verməməyə açıq şəkildə çağırışa ehtiyac yox idi. Onsuz da vətənpərvər adamlar öz işlərini yaxşı bilirlər. Bunu aşağı səviyyədə həyata keçirmək o qədər də çətin deyildi. Türkiyə NATO-nun üzvüdür, Qərblə münasibətləri korlamadan da Rusiya ilə münasibətləri yaxşı səviyyədə saxlamaq olar. Bu addımları atarkən, ən yaxın tarixə diqqət yeritib nəticələr çıxarılsa, daha məqbul olar.
Nərgiz Ehlamqızı
Teleqraf