Bakı S-500 Prometey ala bilərmi? Siyasət

Bakı S-500 Prometey ala bilərmi?

Azərbaycan hər zaman ən müasir silahlara maraq göstərib və ehtiyac yaranacağı təqdirdə S-500 Prometey zenit raket kompleksini də alacaq.
Bu barədə açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov danışıb. Polkovnik hələlik sözügedən raketlərin alınmasına xüsusi ehtiyacın olmadığını bildirib:
"S-500 sistemi yeni nəsil raket sistemidir. Təbii ki, Azərbaycan hər zaman ən müasir silahlara maraq göstərib və ehtiyac yaranacağı təqdirdə həmin raketləri də alacaq. Ancaq hələlik buna elə də böyük ehtiyac yoxdur, çünki Azərbaycanın silah-sursat bazası həm keyfiyyət, həm müasirlik, həm də bu gün ölkə qarşısında qoyulan tapşırıqların yerinə yetirilməsi baxımından yetərli qədərdir. Bildiyiniz kimi, ölkənin silahlandırması daim davam edir. Bu, ilk növbədə yeni silahların, yeni imkanların üzə çıxmasıdır. İkincisi, Ermənistanın silahlandırılması ilə bağlıdır. Üçüncüsü, Azərbaycanın öz təhlükəsizliyini təmin etmək üçün qarşısına qoyduğu tapşırıqlarla bağlıdır.
Prinsipcə, S-500 raketlərinin potensial alıcısı olaraq sadalanan dövlətlər böyük dövlətlərdir və onların qarşısında öz təhlükəsizlikləri ilə bağlı xüsusi öhdəlikləri var. Çünki həmin dövlətlərin qarşısında duran ölkələr də güclüdür. Ona görə də ola bilsin ki, böyük dövlətlər həmin raketlərin alınmasına daha çox ehtiyac duyurlar. Azərbaycan isə öz silah parkını, silahlı qüvvələrinin təminatını ölkənin bugünkü imkanlarından və qarşıda qoyulan tapşırıqlardan irəli gələrək təmin edir".
Qeyd edək ki, rusiyalı hərbi ekspert Andrey Frolov Azərbaycanın S-500 Prometey və Antey-4000 sistemlərinin əsas alıcılarından biri ola biləcəyini açıqlayıb. O, bu sistemə Hindistan, Çin, Vyetnam, Əlcəzair, Qazaxıstan, Türkiyə, Misir, İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Qətərin də maraq göstərdiyini bildirib.