“Ermənistan siyasətini yalan məlumatlar üzərində qurur” Siyasət

“Ermənistan siyasətini yalan məlumatlar üzərində qurur”

Musa Qasımlı: "İrəvanın informasiya siyasətinin mexanizmi belədir"

"Təcavüzkar və terrorçuların oturduğu Ermənistan hakimiyyəti daxili və xarici informasiya siyasətini düşünülmüş şəkildə sırf yalan məlumatlar və onların uydurma şərhləri üzərində qurur". Bu fikri millət vəkili, professor Musa Qasımlı deyib. O qeyd edib ki, Ermənistanın informasiya siyasətinin mexanizmi belədir: "Hakimiyyət yalan məlumatları KİV-lərə ötürür. Onlar bu yalan məlumatları yayırlar. Şərhçilər həmin yalan məlumatları uydurma bir şəkildə təhlil edirlər. KİV-lər yenidən həmin qondarma şərhləri tirajlayırlar. Yalan məlumatlar və şərhlərin əsasında yalan ictimai rəy formalaşdırılır və nəticədə ermənilərin özlərinə vurğunluğu artır".
Deputat bildirib ki, Azərbaycan ordusu haqqında yalan məlumatların yayılması da bu baxımdan istisna deyil. Musa Qasımlının sözlərinə görə, belə məlumatların yayılması əsasən bu amillərlə bağlıdır: "Rəsmi İrəvan Ermənistan ordusunda olan rüsvayçı vəziyyətdən erməni ictimai rəyini yayındırır, ordu yarışlarında Azərbaycan hərbçilərindən geridə qalan Ermənistan ordusunun zəifliyini ört-basdır etməyə çalışır. Həmçinin, övladlarını əsgərliyə yollamaq istəməyən insanları aldadır, süngü üzərində oturduğu hakimiyyətini möhkəmləndirir, Azərbaycan əhalisinin rəyinə təsir etməyə çalışırlar".
Musa Qasımlı sonda qeyd edib ki, ona görə də bizim KİV-lərin vəzifəsi həmin dezinformasiyaları konkret faktlarla alt-üst, ifşa etməkdir. Ordumuz Prezident İlham Əliyevin qayğısı nəticəsində dünyanın güclü orduları sırasındadır. Bunu bir çox beynəlxalq reytinq təşkilatları da təsdiq ediblər. Ermənistan ordusunun Azərbaycan ordusunun gücünə yaxınlaşması isə yalnız xəyaldır".