Kreml Bakı siyasəti ilə nələr itirir? Siyasət

Kreml Bakı siyasəti ilə nələr itirir?

Erməni lobbisinin Rusiyada böyük güc olması artıq faktdır. Belə ki, şimal qonşumuzun mədəni həyatından tutmuş kütləvi informasiya vasitələrinə qədər hər yerdə bu lobbi üzvü olan və ya onunla sıx əlaqə saxlayan çox sayda şəxs tapmaq mümkündür. Bu lobbinin belə sıx yayılmasına əsas təsir göstərən amillərdən biri də Rusiyanın müəyyən dövrlərdə ermənilərdən Qafqazda öz təsir vasitələri üçün istifadə etmələri olub. Maraqlı məqam ondan ibarətdir ki, I Pyotr dövründən başlayan bu himayədarlıq artıq öz cızığından çıxmağa başlayıb. Artıq erməni lobbisinin üzvləri Rusiya hakimiyyətinin ən yuxarı pillələrində özlərinə yer etmək prosesinə start veriblər.
SSRİ zamanında hökumətin ən yuxarı pillərində ermənilərə rast gəlmək mümkün idi. Rusiya müstəqil olduqdan sonra bu hal müəyyən qədər səngidi. Buna səbəb Rusiya ictimaiyyətinin qeyri-rus rəhbərləri Rusiyanın bütün bəlalarının günahkarı görmələriydi. Cəmiyyətdəki millətçilik hissi sonrakı dövrlərdə müəyyən qədər geriləməyə başladı. Bunun nəticəsi olaraq 2004-cü ildə Rusiyada xarici işlər naziri vəzifəsinə əslən erməni olan Sergey Lavrov təyin edildi. Onun bu vəzifəyə təyinatı erməni lobbisinin Rusiyada ən böyük uğuru sayıla bilər.
Lavrov erməni olmasına baxmayaraq, uzun müddət öz gerçək milliyətini gizləmişdi. İndiyə qədər Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında o, rus kimi təqdim edilir. Əslində isə Lavrov Tiflisdən olan Kələntəryan soyadlı erməni idi. Sonralar İrəvanda səfərdə olarkən erməni olduğunu etiraf edən Lavrov öz milliyətindən utanmadığını da dilə gətirdi:
"Mənim köküm Tiflisdəndir, ona görə ki, atam oradandır. Məndə erməni qanından başqa heç bir qan axmır. Bu qan mənə heç bir şeydə mane olmur".
Lavrovun atası Viktor Kələntəryan haqqında indiyə qədər heç bir məlumat yoxdur. Bilinən odur ki, Lavrovun anası SSRİ Xarici Ticarət Nazirliyində çalışıb. Görünür, məhz bu amil Lavrovun Moskvanın ən yaxşı məktəblərində təhsil almasına şərait yaradıb.
Lavrov heç vaxt erməni lobbisi ilə əlaqələrinin olduğunu təsdiqləməyib. Belə ki, Rusiya kimi nəhəng dövlətin baş diplomatı olan Lavrov müxtəlif vasitələrlə əlaqələri gizlətməyə çalışıb. Əslində isə Tiflis ermənisinin Rusiya Erməniləri İttifaqının sədri Ara Abramyan, Rusiyanın ən varlı ermənisi sayılan Samvel Karapetyanla xüsusi əlaqələri mövcuddur. Hər iki şəxs Rusiya hakimiyyəti ilə yanaşı, Ermənistanın hakim dairələri ilə də geniş əlaqələrə sahibdirlər.
Belə ki, Samvel Karapetyan Ermənistana ən böyük yatırım qoyan investorlar sırasında yer alır. Karapetyan və Abramyan həmçinin Qarabağdakı separatçılara açıq-aşkar dəstək verməkləri ilə məşhurdurlar.
Lavrovla yüksək münasibətlərə malik olan erməni milyarderlər sırasında Levon Ayrapetyanın da adını çəkmək olar. "Erməni soyqırımı" yalanının əsas dəstəkçisi və Qarabağa ən böyük maliyyə yardımlarını edən bu şəxs hazırda həbsdədir.
Lavrovun erməni lobbisi ilə geniş əlaqələri Ara Abramyanın apreldə özünə 60 illik yubiley keçirməsi zamanı bir daha qabarıqlığı ilə müşahidə edildi. Rusiya hakimiyyəti üçün elə də önəmli fiqur olmayan Abramyanın ad gününə Kremlin baş diplomatının təşrif buyurması müəyyən sualların yaranmasına səbəb oldu. Maraqlı olan digər məqam isə Abramyanın yubileyində Lavrovla bərabər Ermənistan Prezidenti Serj Sərkisyan və Qarabağ separatçılarının lideri Bako Saakyanın da olması idi. Əsas sual da buradan yarandı: Azərbaycanın ərazi bütövlüyünü tanıyan, onu özünün strateji tərəfdaşı adlandıran bir ölkənin baş diplomatı separatçı liderlə necə yanaşı dayana bilərdi?
Təbii ki, nə Lavrov, nə də Rusiya Xarici İşlər Nazirliyi bu suallara cavab verdi. Erməni mətbuatı isə Lavrovun ayaqüstü həm Sərkisyan, həm də Saakyanla görüşdüyü haqqında məlumat yaydı. Üç erməninin hamının gözü qarşısındakı bu görüşdə nəyi müzakirə etdiyi hələ də sirdir.
Tiflis ermənisinin Azərbaycan əleyhinə fəaliyyəti təkcə onun nazir olduğu dönəmlə kifayətlənmir. Nazir olmazdan əvvəl (1992-cı ilin aprelindən 1994-cü ilin yanvarına qədər olan müddət – red.) Lavrov Rusiya xarici işlər nazirinin müavini kimi çalışıb. Bu müddət ərzində Rusiyanın MDB dövlətləri ilə əlaqələrini kurasiya edib. Maraqlı məqam odur ki, MDB ölkələrində ən gərgin dönəm məhz bu vaxta təsadüf edir. Belə ki, bu tarixi dönəm ərzində MDB-də Abxaziya, Dnestryanı, Ən dəhşətli vəziyyət Qarabağda müşahidə olunub. Yenicə müstəqilliyə çıxan Azərbaycanın Qarabağ bölgəsi Ermənistana verilən hərbi-siyasi dəstək sayəsində işğal olunub. Moskvanın bölgə üzrə siyasətinə nəzarət edən Lavrov bu vəzifəsi sayəsində Azərbaycanı Qarabağla bağlı danışıqlarda məhz Kremlin kəskin təzyiqləri ilə üz-üzə qoymağa məcbur edib.
Aprel müharibəsindən sonra Lavrovun Qarabağla bağlı bəyanatları artdı. Ən mühüm məqamlardan biri də tezliklə Rusiya, Ermənistan, hətta Azərbaycan mətbuatında Lavrov planından bəhs edilməsi idi. Mətbuatın yazdığına görə, planın hədəfi Azərbaycanın işğal olunmuş beş rayonunun qaytarılması idi. Rusiya mətbuatı hətta müxtəlif ekspertlər vasitəsilə bu planın guya prezidentlərin danışıqlar masasında olduğu haqqında informasiya yaydı.
Əslində isə məsələ bir qədər fərqli idi. Belə ki, Aprel müharibəsi zamanı İrəvan Bakının hərbi qüdrəti ilə üz-üzə qalmışdı. Bölgədə status-kvonun pozulmasını istəməyən Moskva müharibə başladıqdan bir neçə saat sonra illərdir qoruduğu susqunluğunu pozdu. Kreml müxtəlif vasitələrlə tərəfləri sakitləşdirməyi bacardı. Bakını məhz bu "plan xülyası" vasitəsilə ləngitməyi bacaran Lavrov sonradan İrəvanın müəyyən qədər güc toplamasına da şərait yaratdı.
Lavrovun Bakıya qarşı qərəzli mövqeyi iyul ayında daha çox özünü nümayiş etdirdi. Belə ki, Ermənistanın açdığı atəş nəticəsində 2 yaşlı Zəhranın həlak olmasına reaksiya verməyən Rusiya Xarici İşlər Nazirliyi bu hadisədən az sonra Azərbaycanı erməni əsilli Rusiya vətəndaşlarını ölkəyə buraxmamaqda ittiham etdi. Bu isə erməni lobbisinin iki ölkə münasibətlərinin gərginləşməsi istiqamətində irəliyə doğru atdığı ən böyük addım idi. Bu müvəffəqiyyəti isə lobbiyə Lavrov qazandırdı.
Azərbaycan onsuz da dəfələrlə Rusiyanı erməni lobbisinin bu ölkədəki güclü fəaliyyəti ilə bağlı müxtəlif vasitələrlə xəbərdar edib. Reallıqda isə Lavrovun atdığı addımlar həm də Rusiyanın Azərbaycan siyasətinin tərkib hissəsini təşkil edir. Qafqazda böyümək və regional gücə çevrilmək potensialı olan yeganə ölkəyə qarşı Moskvanın bu cür münasibəti müəyyən qədər anlaşılandır. Ancaq əlbəttə bu siyasətin bir qədər qıcıq doğuran səviyyədə reallaşması işini erməni Lavrov üzərinə götürüb.
Bu siyasətin fəsadları ilə getdikcə artmaqdadır: Qərbin iqtisadi təqyiqləri qarşısında öz sərhədlərinə doğru çəkilməkdə olan Rusiyanın iqtisadi-siyasi maraqlarını Qafqazda Ermənistan kimi heç bir potensialı olmayan dövlət yerinə yetirmək imkanında deyil. Azərbaycana qarşı bu siyasət isə Cənubi Qafqazın ən böyük dövlətini Rusiyaya qarşı ehtiyatlı davranmağa vadar edir. Başqa sözlə, dövlət maraqları naminə deyil, etnik kimlikdən doğan kin üstündə qurulan siyasət nəticə etibarilə Rusiyanın Qafqaz siyasətini iflasa uğradır.
Ermənistanın "əbədi müttəfiqliyindən" isə söhbət gedə bilməz. Bu ölkə Rusiyanın iqtisadi imkanlarının zəifləməyə başladığı andan artıq öz simasını göstərməyə başlayıb: Qərblə yaxınlıq, "Şərq Tərəfdaşlığı" çərçivəsində danışıqların aktivləşdirilməsi, NATO təlimlərində iştirakla İrəvan Rusiyaya "sədaqətini" göstərməkdədir.