“ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi dəyişməzdir” Siyasət

“ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi dəyişməzdir”

Rüstəm Məmmədov: "Bu, həmsədrlərdən asılı olan məsələ deyil"

Fikrət Sadıxov: "Məhz 6 maddədən ibarət plan da Azərbaycan torpaqlarının işğaldan azad edilməsini nəzərdə tutur"

Avqustun 28-dən etibarən ABŞ-ın ATƏT-in Minsk qrupunda yeni daimi həmsədri vəzifəsini Riçard Şofer icra edəcək. ATƏT-in Minsk qrupunun hazırki amerikalı həmsədri Riçard Hoqland "Amerikanın səsi" radiosunun Ermənistan xidmətinə açıqlamasında deyib ki, Dağlıq Qarabağın qarışıq tarixini nəzərə alaraq, tərəflər qarşılıqlı anlaşma əsasında leqal gələcək statusunu müəyyən etməlidir. Onun sözlərinə görə, Azərbaycanın nəzarətində olmayan ərazinin keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarında müvəqqəti statusu təyin edilməlidir, bu, ən azı muxtariyyəti və təhlükəsizliyi təmin edəcək: "Dağlıq Qarabağ ətrafındakı ərazilər Azərbaycana qaytarılmalıdır. Azərbaycanın suverenliyini nəzərə almadan heç bir həldən söhbət gedə bilməz. Azərbaycanın bu ərazilərdə suverenliyi bərpa edilməlidir. Ermənistan və Qarabağı birləşdirən dəhliz olmalıdır. Dəhliz nəqliyyatın təhlükəsizliyini təmin etmək üçün geniş olmalıdır. Lakin bütün Laçın rayonunu əhatə etməməlidir. Davamlı həll qaçqın və məcburi köçkünlərin öz evlərin qayıtmaq hüquqlarını tanımalıdır. Həll planına beynəlxalq təhlükəsizlik təminatçıları sülhməramlılar məsələsi də daxil edilməlidir. Sülhün yaxşı hazırlanmış sülhməramlılar olmadan təmin edildiyi heç bir ssenari yoxdur".
Bunu dəyərləndirən politoloq Rüstəm Məmmədov bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrinin dəyişməsi ilə münaqişənin həllinə dair hər hansı yenilik gözləmirəm: "ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyi dəyişməzdir". Onun sözlərinə görə, bu, həmsədrlərdən asılı olan məsələ deyil: "Həmin şəxs ATƏT-in Minsk qrupunun komandasının üzvü olacaq və o, ABŞ-ın xarici siyasətini həyata keçirən insandır". Politoloq danışıqlarda passivliyin olduğunu deyib və əlavə edib ki, bu, Rusiya ilə ABŞ-ın mövqeyindən asılıdır: "Həmin məsələ ilə bağlı onların mövqeyi formalaşmalıdır. Bundan sonra münaqişənin həlli ilə bağlı müəyyən irəliləyiş baş verə bilər".
"Rusiya Cənubi Qafqazı təsir dairəsində saxlamağa çalışır. Ermənistanla görüşünün məğzi ondan ibarət idi ki, sözügedən dövlət son vaxtlar şıltaqlıq edib Rusiyanın təsir dairəsindən çıxmaq istəyir. Onların görüşündə Dağlıq Qarabağ münaqişəsi də müzakirə edilib. Hesab edirəm ki, Rusiyanın əsas məqsədi Ermənistanın təsir dairəsindən çıxmasına imkan verməməkdir", - deyə politoloq dünən Ermənistan və Rusiya prezidentlərinin görüşünü şərh edərkən bildirib.
Politoloq Fikrət Sadıqov isə "sentyabr ayında Nyu-Yorkda ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən Azərbaycan və Ermənistan prezidentlərinin görüşü planlaşdırılıb. Görüş ərəfəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müəyyən təkliflər də irəli sürülür. Təkliflərdə həm torpaqlarımızın işğaldan azad olunması, həm də danışıqlar prosesinin mərhələli şəkildə davamı və digər məsələlər öz əksini tapır. Amerikalı müvəqqəti həmsədr Riçard Hoqlandın söylədiyi 6 bənddən ibarət plan da onlardan biridir",- deyə vurğulayıb. Dağlıq Qarabağ münaqişəsinin həllində müəyyən canlanmanın müşahidə olunduğunu dilə gətirən politoloqun sözlərinə görə, hazırda 6 bənddən ibarət planın konkret nədən ibarət olduğunu açıqlamaq çox çətindir. Münaqişənin həllindəki canlanmanı bir neçə məqamla izah edən F.Sadıqov söyləyib ki, Azərbaycan ilk növbədə bütün, ən əsası da həmsədr ölkələrə sübut etdi ki, istənilən vaxt torpaqlarını işğaldan azad edə bilər: "Bunu ötən ilin aprel döyüşləri, eləcə də digər hadisələr sübut etdi. Digər tərəfdən həm ABŞ, həm də Fransada seçilən yeni dövlət başçılarının təfəkküründə müəyyən dəyişikliklərin olduğunu görürük. Hiss olunur ki, yeni prezidentlər hansısa yenilik gətirməklə yanaşı münaqişənin həllində nəticənin əldə olunmasının tərəfdarıdırlar. Bütün bunlar Azərbaycanın xeyrinə olan məsələlərdir. Təbii ki, bu məsələlərin arxasında ölkəmizin gücü, iradəsi diplomatik uğurları dayanır". Politoloq hesab edir ki, məhz 6 maddədən ibarət plan da Azərbaycan torpaqlarının işğaldan azad edilməsini nəzərdə tutur: "Çünki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində əsas addım torpaqlarımızın işğaldan azad olunması prosesi olmalıdır. Bu baxımdan planda sağlam düşüncəli bir ideyaların olduğunu düşünürəm. Bir neçə gün bundan öncə Rusiya və Ermənistan prezidentlərinin Soçidəki görüşü də bu məqsədə xidmət edirdi. Artıq Ermənistan başa düşməlidir ki, digər dövlətin torpağını əbədi olaraq işğal etmək mümkün deyil. Bunun özü düşmən ölkənin maraqlarına birbaşa zərbədir. Azərbaycan artıq regionda güclü oyunçuya çevrilib. Bütün bunlar hesab edirəm ki, məsələnin həlli ilə bağlı qərarın qəbul edilməsini vadar edir".