“Türkiyə sözügedən sazişi bağlasa belə, bu, Ermənistanla münasibət qurmaq anlamına gəlmir” Siyasət

“Türkiyə sözügedən sazişi bağlasa belə, bu, Ermənistanla münasibət qurmaq anlamına gəlmir”

Fərəc Quliyev: "Avrasiya İqtisadi İttifaqında başqa dövlətlər də var və burada əsas rolu Rusiya oynayır"

"Türkiyənin Avrasiya İqtisadi Birliyi ilə gömrük sazişi imzalayacağı təqdirdə Ermənistanla sərhədlərin açılması ilə bağlı yayılan informasiyalar düşmən ölkənin daxili auditoriyasına hesablanıb". Bunu Azərbaycan - Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Fərəc Quliyev deyib. Deputatın sözlərinə görə, əgər Türkiyə sözügedən sazişi bağlasa belə, bu, Ermənistanla münasibət qurmaq anlamına gəlmir: "Çünki, Avrasiya İqtisadi İttifaqında başqa dövlətlər də var və burada əsas rolu Rusiya oynayır. Bildiyiniz kimi son dövrlər Türkiyə ilə Rusiya arasında yaxınlaşma var və sözügedən ölkələr ticarət dövriyyəsini artırmaq, iqtisadi münasibətlərin daha da genişləndirilmək niyyətindədirlər. Lakin heç bir halda, Ermənistana münasibət dəyişməyəcək. Çünki bununla bağlı qardaş ölkə Türkiyənin də kəskin mövqeyi var". F. Quliyev qeyd edib ki, Ermənistan bu cür informasiyalar yaymaqla guya vəziyyətinin yaxşı olduğunu, işğalçılıq siyasətinə görə başqa dövlətlər tərəfindən qınanmadığını göstərməyə çalışır: "Düşmən ölkə öz ölkəsindəki bütün çirkinlərin üstünü örtmək üçün hər dəfə belə yollara əl atır. Lakin hər zaman olduğu kimi bu dəfə də Ermənistanın təxribat cəhdi baş tutmayacaq. Düşmən ölkə belə şeylərlə özünə təsəlli verməyə çalışsa da, bunun heç bir əhəmiyyəti olmayacaq".
Deputat Fəzail İbrahimli isə vurğulayıb ki, Türkiyə istənilən dövlətlə müqavilə imzalayıb münasibət qura, istənilən ittifaqa daxil ola bilər: "Bu Türkiyənin özünün müstəqil siyasi xəttidir, strateji kursudur. Türkiyə dövlətinə Azərbaycan tərəfindən təzyiq, ultimatum verilməsi istisnadır. Türkiyə böyük dövlətdir, onun xarici siyasətini özü müstəqil həll edir".O qeyd edib ki, digər tərəfdən Türkiyə hansısa iqtisadi birliyə daxil olarsa, bunun prinsip və şərtləri var: "Necə ola bilər ki, Türkiyə AİB-ə daxil olmaq üçün sərhədlərin açılması öhdəliyini üzərinə götürsün? Hesab edirəm ki, bunlar hamısı Ermənistan tərəfinin uydurmasıdır. Əgər Türkiyədən AİB-ə üzv olmaq üçün sərhədi açmaq tələb edilərsə, Türkiyə heç vaxt bu birliyə daxil olmaz".
Deputat qeyd edib ki, Azərbaycanın həmişə güman yeri Türkiyə, Türkiyənin ən yaxın dostu təəssübkeşi Azərbaycan olub: "Hətta Türkiyə prezidenti olmayan tədbirdə Azərbaycan prezidenti bildirib ki, Türkiyə prezidenti yoxdur, mən varam. Azərbaycan prezidenti dövlət səviyyəsində türkiyəli həmkarına qarşı olan münasibətə sinəsini gərib".
F. İbrahimli əlavə edib ki, Türkiyə dövləti, siyasəti ilə yanaşı Türkiyə xalqı var. Türkiyə xalqı heç vaxt belə bir addımın atılmasına rəvac verə bilməz: "Xalqın seçdiyi dövlət başçısı da xalqın istəyinin ifadəçisidir. Buna görə də hesab edirəm ki, sərhədlərin açılması barədə səsləndirilən fikirlər suyu bulandırmaq, münasibətləri gərginləşdirmək xarakteri daşıyır. Heç vaxt Türkiyə hansısa ittifaqa üzv olmaq üçün Azərbaycanla münasibətləri yarımçıq qoymaz. İttifaqa daxil olmadan belə Türkiyə və Rusiyanın kifayət qədər yaxşı münasibətləri var".
Deputat bildirib ki, Türkiyə ittifaqa üzv ola bilər, amma həmin ittifaqda Azərbaycan qədər ona mənən yaxın heç bir xalq və dövlət ola bilməz: "Hesab edirəm ki, sərhədlərin açılması türk xalqının qınağına səbəb olar və bu Azərbaycanla qardaşlıq münasibətinə xəyanət kimi qiymətləndirilə bilər. Fikrimcə, Türkiyə AİB-ə öz şərtlərini qoyub sonra üzv ola bilər".