Sarkisyan: “Putinlə Qarabağ barədə müzakirə aparmadıq” Siyasət

Sarkisyan: “Putinlə Qarabağ barədə müzakirə aparmadıq”

Ermənistan prezidenti Serj Sarkisyan Rusiya prezidenti Vladimir Putinlə görüşündə Dağlıq Qarabağda sülhməramlıların yerləşdirilməsi məsələsini müzakirə etməyib. Erməni mətbuatı xəbər verir ki, bu barədə Sarkisyan erməni gənclərlər görüşündə deyib. "Biz, ümumiyyətlə, Qarabağ problemi barədə müzakirə aparmadıq. Mən sadəcə olaraq hazırda təmas xəttində mövcud vəziyyətlə bağlı situasiyanı təqdim etdim və qonşumuzun niyyətləri barədə öz baxışlarımı çatdırdım. Bu qədər. Biz bu cür məsələ müzakirə etmədik", - deyə Sarkisyan bildirib.
Serj Sarkisyanın Putinlə görüşü və ATƏT-in Minsk Qrupunda fəaliyyətini başa vuran amerikalı həmsədr Riçard Hoqlandın Qarabağla bağlı açıqlaması arasında bağlılığın olması haqda suala gəlincə, Sarkisyan deyib: "Hoqland postunu tərk edir və o rəsmi şəxs kimi deyil, öz mövqeyini sərbəst şəkildə ifadə etmək istəyib. Yadınızdadırsa, bundan öncə də eyni hal baş vermişdi. Hoqlandın fikirlərinə gəldikdə isə bunlar mənim üçün yeni xəbər deyil və ümumi yanaşmadır. Bu barədə ATƏT-in Minsk Qrupunun həmsədrləri dəfələrlə bəyan edib. Bu müddəalar 10 ildən çoxdur ki, irəli sürülüb. Bu cür bəndlərin həyata keçirilməsi üçün onları həftələrlə, aylarla sənədləşdirmək lazımdır. Çünki bu sənəddə istənilən söz, vergül də vacib əhəmiyyət daşıyır".