“Yeni amerikalı həmsədr münaqişəsinin həllinə davamlı təsir göstərəcək” Siyasət

“Yeni amerikalı həmsədr münaqişəsinin həllinə davamlı təsir göstərəcək”

Piter Yase: "Şeferə vəzifəsinin öhdəsindən gəlmək çətin olacaq"

Qabil Hüseynli: "Yeni amerikalı həmsədrinin fəaliyyətə başlaması Dağlıq Qarabağ münaqişəsinin həllinə yeni ab-hava gətirəcək"

ABŞ ATƏT-in Minsk qrupunun həmsədri vəzifəsinə Endrü Şoferi təyin edib. ABŞ Dövlət Departamentinin məlumatında qeyd olunur ki, ABŞ Minsk qrupunun işinə sadiq qalır, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün tərəflərə kömək göstərməyə davam edir, münaqişənin beynəlxalq hüquq çərçivəsində ədalətli həll yolunu dəstəkləyir və Endrü Şofer tərəflərə bu məqsədlərə çatmağa kömək edəcək. Məlumatda o da qeyd olunur ki, Azərbaycan və Ermənistan hökumətləri səlahiyyətlərinin icrasına başlayan Endrü Şoferin təyinatı haqqında məlumatlandırılıb.
Dövlət Departamentinin nümayəndəsi Hizer Noyert isə bəyənatla çıxış edib. H.Noyert təsdiq edib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn, o cümlədən Helsinki Yekun Aktının norma və prinsipləri əsasında ədalətli həllini dəstəkləyir: "ABŞ Minsk qrupu prosesinə və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və uzunmüddətli həllinin əldə olunması məsələsində tərəflərə yardım göstərilməsinə sadiqdir... Endryu Şeffer tərəflərə bu məqsədlərə nail olunmasında köməklik göstərməyə hazırdır".
Dövlət Departamentinin sözçüsü qeyd edib ki, Amerika tərəfi Azərbaycan və Ermənistan hökumətlərini bu gün qüvvəyə minən təyinat barədə məlumatlandırıb.
Bu təyinat danışılar prosesinə töhfə verə bilərmi?

ABŞ-dan olan siyasi ekspert Peter Tase "mən əminəm ki, ATƏT-in Minsk qrupunun yeni amerikalı həmsədri Endryu Şefer Dağlıq Qarabağ münaqişəsinin həllinə davamlı təsir göstərəcək".- deyə bildirib: "Onun fəaliyyəti Cənubi Qafqaz regionunda sülh və stabilliyə dəstək olacaq".
O qeyd edib ki, yeni həmsədr kimi Şeferə vəzifəsinin öhdəsindən gəlmək çətin olacaq: "Eyni zamanda diplomatın çalışqanlığı, beynəlxalq arenadakı uzunmüddətli karyerası, əzmkarlığı, əla danışıqlar aparmaq bacarığı onu konkret nəticələr əldə etməyə kömək edəcək və münaqişənin sona çatmasına imkan verəcək".
O əlavə edib ki, Şefer ABŞ-ın regiondakı obyektiv maraqlarını uğurla təmsil edəcək və Minsk qrupunun effektivliyini artıracaq: "Şefer danışıqlar masasına yeni liderlik tərzi gətirəcək və diplomat Ceyms Uorlikin etdiyi səhvləri etməyəcək".
Tase bildirib ki, Dağlıq Qarabağ və ətraf 7 rayondan erməni əsgərlərinin çıxması regionda sülh və stabilliyin bərpa edilməsi üçün vacibdir: "Ermənistanın hazırkı siyasəti Qafqazda sülhə nail olmaq, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi üçün əsas maneədir".
Politoloq Qabil Hüseynli deyib ki, ATƏT-in Minsk qrupunun yeni amerikalı həmsədrinin fəaliyyətə başlaması Dağlıq Qarabağ münaqişəsinin həllinə yeni ab-hava gətirəcək. Yeni həmsədrin pozitiv təkliflər irəli sürdüyünü deyən politoloqun fikrincə, bu təkliflər problemin həllinə impuls verə bilər: "Təbii ki, bütün həmsədrlər öz ölkələrinin mövqeyini irəli sürürlər. Bu baxımdan da amerikalı həmsədr ABŞ-ın yeni, əvvəlkindən xeyli fərqlənən mövqeyini irəli sürəcək. Bildiyiniz kimi hazırda Amerika tamamilə fərqli bir mövqe ilə çıxış edir. Bu mövqe bizi tam şəkildə qane etməsə də, erməniləri tamamilə qane etməyən bir mövqedir. Bu baxımdan bunu irəliyə doğru atılmış addım hesab etmək olar". Q.Hüseynli qeyd edib ki, ABŞ-ın hazırki mövqeyi xeyli şəkildə obyektivliyə yaxındır. Politoloq rusiyalı həmsədrin dəyişilməsinə ehtiyac olduğunu dilə gətirib: "Artıq 10 ilə yaxındır ki, rusiyalı həmsədr dəyişilmir. Hazırda onun dəyişilməsinə ehtiyac var. Çünki, indiki məqamda müzakirələr prosesində "tormozlayan" tərəf Rusiya və onun həmsədridir".

Əli