“Qazaxıstan Azərbaycan üçün vacib srateji tərəfdaşdır” Siyasət

“Qazaxıstan Azərbaycan üçün vacib srateji tərəfdaşdır”

Asim Mollazadə: "Azərbaycan və Qazaxıstan modelləri islam dünyası üçün çox vacibdir"

Əli Hacızadə: "İki xalq arasındakı isti münasibətlər həm də ortaq etnik köklərlə bağlıdır"

Azərbaycanla Qazaxıstan 1992-ci il avqustun 27-də qurulmuş diplomatik münasibətlərin 25 illiyini qeyd edir. Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra ikitərəfli siyasi münasibətlər qurduğu ilk türkdilli respublika Qazaxıstan olub. Bu gün postsovet məkanında ən əlverişli münasibətlər məhz bu iki ölkə arasında yaranıb. 2004-cü ilin martında Azərbaycan prezidenti İlham Əliyevin Astanaya, 2005-ci ilin mayında isə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Bakıya səfəri Azərbaycan-Qazaxıstan münasibətləri üçün əlavə stimul olub.
Milli Məclisin deputatı Asim Mollazadənin sözlərinə görə, Qazaxıstan Azərbaycanın çox vacib srateji tərəfdaşıdır. Ölkələrimizi ortaq tarix, dil və mədəniyyət birləşdirir. Bizim həmçinin ortaq taleyimiz və tariximizi bir-birinə bağlamış faciələrimiz var. "Bu gün Azərbaycanla Qazaxıstan vahid bir trenddə inkişaf edirlər. Ölkələr özlərinin energetika sahəsindəki imkanlarından istifadə edir, uğurlu demokratik ölkə qurmaq üçün mümkün olan hər şeyi edir. Əminəm ki, həm Azərbaycan, həm də Qazaxıstan üçün vacib strategiya Böyük İpək yolu, enerji və nəqliyyat dəhlizləridir. Bununla yanaşı, ortaq tarixi-mədəni köklərin qorunmasına və müasir mədəniyyətlərin paralel inkişafına əsaslanan ümumi ideyanın inkişafı da vacibdir", - deyə A.Mollazadə bu əlamətdar tarixi BNews.kz üçün şərh edərkən bildirib.
Parlamentari qeyd edib ki, Azərbaycanla Qazaxıstan bir çox beynəlxalq təşkilatlarda ortaq mövqedən çıxış edir: "Azərbaycan Qazaxıstanın AŞPA-da "xüsusi dəvətli qonaq" statusu alması üçün çox çalışır. Qazaxıstanla Avropa arasında qarşılıqlı münasibətlərin inkişaf etdirilməsində niyyətimiz çox ciddidir. Qazaxıstan həmçinin ATƏT-in üzvüdür. Bu beynəlxalq təşkilata sədrlik etmiş (2010-cu ildə) ilk postsovet ölkəsi olaraq, qurumun dəyərlərinin inkişafına öz tövhəsini verib".
"Həmçinin çox vacibdir ki, ölkələrimiz dünyəvi dövlətlərdir. Azərbaycan və Qazaxıstan modelləri islam dünyası üçün çox vacibdir, çünki məhz bu model bu gün çətin günlər yaşayan bir çox ölkə üçün nümunə ola bilər. Azərbaycan və Qazaxıstan bizim bölgənin sabilik və sülh içində yaşaması üçün mümkün olan hər şeyi edir", - deyə deputat bildirib.
A.Mollazadənin sözlərinə görə, mehriban qonşuluq münasibətlərinin bünövrəsi Nursultan Nazarbayevlə Heydər Əliyev tərəfindən qoyulub və bu ənənə bu gün də uğurla davam etdirilir. "Fikrimcə, xalqlarımız üçün uğurla həyata keçirilən sürətli inkişaf proqramı Qazaxıstanla Azərbaycan arasında diplomatik və siyasi əlaqələrin inkişafına təkan verəcək. Bizim xalqları ortaq tarix, mədəniyyət və dil birləşdirir. Bu amillər bizi TürkPA, TÜRKSOY kimi təşkilatlarda da bir araya gətirir. Sonuncuda Qazaxıstan təmsilçisi sədrlik edir və o, bizim ortaq mədəniyyətimizin dünyaya çatdırılması üçün əlindən gələni edir", - deyə həmsöhbətimiz qeyd edib.
Diplomatik əlaqələrin qurulduğu 25 il ərzində Azərbaycanla Qazaxıstan arasında yaranmış münasibətləri başqa ölkələr üçün nümunə saymaq olar. Bunu isə "The Great Middle East" layihəsinin rəhbəri, politoloq Əli Hacızadə deyir. Onun sözlərinə görə, bölgədə və ondan kənarda bitib-tükənməyən münaqişə və mübahisələr fonunda Bakı ilə Astana rasional, ölçülüb-biçilmiş yanaşmanın tətbiqilə ölkələr arasında yetərincə etibarlı və qarşılıqlı faydalı münasibətlər qurmağın mümkünlüyünü hər kəsə göstərib.
"Azərbaycanla Qazaxıstan arasında diplomatik münasibətlər Azərbaycan üçün çox çətin bir dönəmdə qurulub. Zaman göstərib ki, Azərbaycan-Qazaxısan münasibətlərinin böyük perspektivləri var. Əminliklə deyə bilərəm ki, bizim aramızda mövcud olan nəhəng əməkdaşlıq potensialı tam isifadə edilməyib və bizim can atmacağımız çox şeyimiz var", - deyə o bildirib. Onun sözlərinə görə, Qazaxıstan Azərbaycan üçün vacib srateji tərəfdaşdır: "İki ölkə iqtisadiyyatı üçün siyasi dialoq, iqtisadi əməkdaşlıq, o cümlədən energetika və logistika sahələrində tərəfdaşlıq çox vacib əhəmiyyət daşıyır. Azərbaycan Qazaxıstandan enerji daşıyıcılarının nəqli yollarının şaxələndirilməsində vacib rol oynaya bilər. Bu, bir tərəfdən hər iki ölkəyə maliyyə gəlirləri, digər tərəfdən isə Qazaxıstan iqtisadiyyatına böyük müstəqillik vəd edir".
Ekspert həmçinin tərəflərin Xəzərin bölünməsi ilə bağlı mövqelərinin üst-üstə düşdüyünə də diqqət çəkib. O, əmindir ki, iki ölkə rəhbəri arasındakı qarşılıqlı anlaşma və səmərəli dialoq olmasaydı, ortaq məxrəcə gəlmək də mümkün olmazdı.
"Yeri gəlmişkən, Qazaxısan prezidenti Azərbaycan cəmiyyətinin ən çox hörmət etdiyi siyasi liderlərdəndir", - deyə politoloq bildirib. Onun sözlərinə görə, iki ölkə və xalq arasındakı isti münasibətlər həm də ortaq etnik köklərlə bağlıdır. Qazaxıstan türk dünyasının çox vacib hissəsidir. "Bundan başqa, Qazaxıstanla Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində məhsuldar əməkdaşlıq etdiyini də vurğulamaq lazımdır. Bu, bir sıra ölkələr üçün örnək sayıla bilər. Nəhayət, sonda iki qardaş ölkənin diplomatlarını və ictimaiyyətini diplomatik münasibətlərin 25-illiiyi münasibətlə təbrik etmək istərdim. Yuxarıda vurğuladığım kimi, bizim inkişaf etdirməli və can atmalı olduğumuz çox şeyimiz var", - deyə azərbaycanlı politoloq bildirib.