“Dünyada türkdilli ölkələrdən ibarət yeni bir güc mərkəzi formalaşması reallığa çevriləcək” Siyasət

“Dünyada türkdilli ölkələrdən ibarət yeni bir güc mərkəzi formalaşması reallığa çevriləcək”

Jalə Əliyeva: "Hesab edirəm ki, bu hədəflərə çatmaq üçün güclü potensial mövcuddur"

"Artıq türk xalqları arasında birliyin güclənməsi tarixi bir zərurətə çevrilib. Xüsusilə, dünyanın qloballaşdığı şəraitdə bu birlik öz əhəmiyyətini daha da aktuallaşdırır". Bunu millət vəkili, Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Jalə Əliyeva deyib. Deputat bildirib ki, sovetlər birliyi süqut etdikdən sonra türkdilli dövlətlər arasında əlaqələrin genişlənməsi istiqamətində addımlar atılmağa başlayıb və bir sıra ciddi nəticələr əldə edilib. Türkdilli Dövlətlərin Əlaqələndirmə Şurasının yaradılması da bu fəaliyyətin nəticəsidir. Türk dövlətləri arasında daha çox Azərbaycan və Türkiyə dərin münasibətlərə malikdir: "Dövlətlərimiz arasında münasibətlər dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Əlbəttə, Azərbaycanın digər türkdilli ölkələrlə yaxşı əlaqələri mövcuddur. Amma biz bütün türkdilli ölkələr arasında əlaqələrin daha da dərinləşməsinə maraqlıyıq. Bütün türk dövlətlərinin strateji müttəfiqliyə qədər yüksəlməsi önəmlidir. Nəzərə alsaq ki, Mərkəzi Asiyada yerələşən türkdilli ölkələr də təbii sərvətlərə malikdir və onlar türk birliyini gücləndirmək üçün vahid enerji layihələrini həyata keçirə bilər. Bununla da, dünyada türkdilli ölkələrdən ibarət yeni bir güc mərkəzi formalaşması reallığa çevriləcək. Hesab edirəm ki, bu hədəflərə çatmaq üçün güclü potensial mövcuddur".
J. Əliyeva, eyni zamanda, bildirib ki, türkdilli dövlətlərin birliyini, həmrəyliyini, sıx əməkdaşlığını, işbirliyini həm də dünyada və bölgədə yaşanan münaqişələr, sonu görünməyən qanlı qarşıdurmalar şərtləndirir və zəruri edir: "Çünki heç kimə sirr deyil ki, dünyamız, xüsusilə, yerləşdiyimiz bölgə, müsəlman dünyası qaynar qazan kimi qaynayır.Münaqişələr, hərbi qarşıdurmalar, vətəndaş müharibələri, terror hadisələri bir-birini əvəzləyir. Milyonlarla insan qaçqın-köçkün durumundadır, evsiz-eşiksizdir, ölənlər, qətlə yetirilənlər, terraktlara qurban gedənlər, yaralananlar, itkin düşənlər, əsir alınanlar saysız-hesabsızdır, artıq onların dəqiq sayını belə hesablamaq mümkün deyil. Çox təəssüflər olsun ki, silahlı münaqişədən, hərbi təcavüzdən, işğaldan əziyyət çəkən ölkələrdən və xalqlardan biri bizik. Artıq gələn il Qarabağ münaqişəsinin başlamasının, işğalçı və təcavüzkar Ermənistanın Azərbaycana qarşı növbəti dəfə haqsız və əsassız ərazi, torpaq iddialarının baş qaldırmasının 30 ili tamam olacaq. Ötən illər ərzində də bir milyondan artıq insanımız qaçqın-köçkün düşüb, minlərlə vətəndaşımız Qarabağ savaşında şəhid, əlil olub, itkin düşüb, girov, əsir götürülüb. Torpaqlatımızın 20 faizi hələ də düşmən tapdağı altındadır. Lakin çox təəssüflər olsun ki, dünya birliyi, beynəlxalq ictimaiyyət, nüfuzlu beynəlxalq qurumlar, xüsusilə də, ATƏT-in Minksk qrupu və vasitəçilik missiyasını həyata keçirən həmsədr dövlətlər münaqişənin həllində qətiyyətli, obyektiv, ardıcıl mövqe nümayiş etdirmir, işğalçı ilə işğala məruz qalanı ayırmaqda, hər kəsi öz adı ilə çağırmaqda, təcavüzkara qarşı təsirli təzyiq mexanizmləri tətbiq etməkdə maraqlı görünmür. Əksinə, bir çox hallarda işğalçını, təcavüzkarı növbəti təcavüzkar hərəkətlərə, sülh danışıqlarını pozmağa yönəlik addımlara stimullaşdırır, ona açıq və gizli dəstək verirlər. Bu baxımdan da, münaqişə illərdir həllolunmaz vəziiyətdə qalır. Ancaq Azərbaycan dövləti, hakimiyyəti və xalqı da bununla-işğal faktı ilə barışmaq, güzəştə getmək niyyətində olmadığını dünyaya qətiyyətlə bəyan etməkdən çəkinmir. Ötən ilin uğurlu Apel döyüşləri də Azərbaycanın ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı məsələsində necə prinsipial və qətiyyətli olduğunu göstərdi. Bu baxımdan hesab edirəm ki, Qarabağ münaqişəsinin həllində türkdilli dövlətlərin daha sıx birliyinə və müttəfiqliyinə ehtiyac var. Qardaş dövlətlər bu məsələdə Azərbaycana daha çox dəstək göstərməlidirlər, indiyə qədər etdikləri ilə kifayətlənməməlidirlər. Hətta, belə hesab edirəm ki, türkdilli dövlətlərdən biri olaraq qardaş və dost Türkiyə Qarabağ münaqişəsinin ədalətli həlli üçün ATƏT Minsk qrupunun həmsədrliyinə gətirilməlidir, həmsədr dövlətlərdən biri də məhz Türkiyə olmalıdır. Buna böyük ehtiyac var".