Milli Məclisdə separatizmi dəstəkləyən məmurun məsələsi qaldırıldı Siyasət

Milli Məclisdə separatizmi dəstəkləyən məmurun məsələsi qaldırıldı

Vahid Əhmədov: "Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə xələl gətirən mövqe sərgiləyən şəxslərlə bağlı tədbir görülsün"


Milli Məclisinin payız sessiyasının ilk plenar iclası keçirilib. Milli Məclisin spikeri Oqtay Əsədov açıq elan edib. Spiker bildirib ki, payız sessiyasının ilk plenar iclasın gündəliyinə 34 məsələ daxildir. Bunlar "Milli Məclisin 2017-ci il payız sessiyasının qanunvericilik işlər planı haqqında", "Xəqani Sərxan oğlu Abdullayevin Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvlüyündən azad edilməsi haqqında" Milli Məclisin qərar layihələri, o cümlədən Azərbaycanın bir neçə ölkə ilə imzaladığı sazişlərin ratifikasıyasıdır.
Bundan başqa, "Hərbi vəzifə və hərbi xidmət haqqında", "Yol hərəkəti haqqında", "İpoteka haqqında" qanuna dəyişiklik, "Daşınmaz əmlakın dövlət reysteri haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reysteri haqqında", "Korrupsiyaya qarşı mübarizə haqqında", "Dövlət sərhədi haqqında", "Polis haqqında", "Azərbaycan Mərkəzi Bankı haqqında", "İnvestisiya fondları haqqında", "Diplomatik xidmət haqqında", "Əmək pensiyaları haqqında", "Muzeylər haqqında", "Rəsmi statistika haqqında", "Sanitariya-epidemioloji salamatlıq haqqında", "Sərhəd qoşunları haqqında", "Təhsil haqqında", "Heyvanlar aləmi haqqında", "Müdafiə haqqında", "Yanğın təhlükəsizliyi haqqında", "Dövlət əmlakının özəlləşdirilməsi haqqında", Azərbaycan Polisinin 100 illiyi (1918-2018)" yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna, eləcə də Mülki Məcəlləyə və Əmək Məcəlləsinə dəyişiklik layihələri də gündəliyə çıxarılıb.


"Bir sıra mənbələrdən Azərbaycan əleyhinə yazılar dərc edilir"


Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib ki, "Siyasi partiyalar haqqında" qanuna dəyişiklik edilməlidir: "Bu məsələni bir neçə dəfə qaldırmışam. Hesabat verməyən siyasi partiyalarla bağlı tədbir görülməlidir. Azərbaycanda siyasi partiyalar illik maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim edirlər. Bəzi partiyalar maliyyə hesabatlarını düzgün göstərmirlər". O qeyd edib ki, maliyyə hesabatlarında şəffaflıq olmalıdır: "Qeyri-hökumət təşkilatları da şəffaf maliyyə hesabatları təqdim etməlidir". Komitə sədri deyib ki, hesabat verən partiyalar maliyyənin mənbəyini göstərməlidirlər.
Siyavuş Novruzov Avropa Şurası ilə Azərbaycan arasındakı münasibətlərə də toxunub: "Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. Avropa Şurasının öhdəliklərini tam yerinə yetirir. Elə ölkələri var ki, 10 illərdir, öhdəlikləri yerinə yetirmir. Bu ölkələrlə bağlı tədbir görülmür. Yalnız Azərbaycan və Türkiyə ilə bağlı məsələni qabardırlar. Bu da onu göstərir ki, Azərbaycan müstəqil dövlətdir, heç bir "böyük qardaş"la hesablaşmır. Azərbaycana qarşı qaryaxma kampnaiyasını aparanlar erməni lobbiləri tərəfindən maliyyələşirlər. Azərbaycanın öz dəyərləri var, məsələyə bu prizmadan yanaşmaq lazımdır. Göstəriş vermək lazım deyil". Deputat bildirib ki, Azərbaycanın müstəqil siyasət aparması, bütün beynəlxalq təşkilatlarda çox yüksək şəkildə təmsil olunması, iqtidar-xalq birliyi bir sıra qüvvələri narahat edir. "Bir sıra mənbələrdən Azərbaycan əleyhinə yazılar dərc edilir, bəyanatlar səsləndirilir. Hesab edirəm ki, bu qərəzlilik aradan qaldırılmalıdır. Bəzi beynəlxalq təşkilatlar Azərbaycan haqqında qərəzli qərarlar qəbul etmək istəyirlər. Elə ölkələr var ki, Avropa Şurasının, digər təşkiların üzvüdür və üzərilərinə düşən öhdəlikləri yerinə yerirmir. Amma bunlar haqqında heç bir iş görülmür, qərar qəbul edilmir. Türkiyə və Azərbaycan haqqında isə qərəzli fikirlər səsləndirilir. Bizim siyasət balanslaşdırılmış siyasətdir. Azərbaycan bir çox beynəlxalq, nüfuzlu yarışlara ev sahibliyi edir. Bu da xaricdə yaşayan erməni lobbisini və Azərbaycanda onlara dəstək verənləri narahat etməyə başlayıb".


"Banklara olan kredit borcu 2 milyard manata yaxınlaşıb"


Deputat Vahid Əhmədov deyib ki, artıq Azərbaycanda insanların banklara olan kredit borcu 2 milyard manata yaxınlaşıb: "Keçən il isə bu 1,6 milyard manat idi. Bu, həddindən artıq böyük məbləğdir və Azərbaycanın maliyyə bazarına təsir edən amillərdən biridir. Bu gün banklar 28-30 faizlə insanlara kreditlər verir". Deputat bildirib ki, keçmiş kreditlərin həcmi azalmaqdansa, daha da artır: "Maliyyə Bazarlarına Nəzarət Palatası yaranandan sonra mən hesab edirdim ki, banklarla ciddi məşğul olacaq. Çox təəssüflər olsun ki, biz bunu görmədik. Düzdür, Mərkəzi Bank pul kütləsinə nəzarəti həyata keçirir, manatı qoruyub saxlayır. Bu müsbət haldır. Amma mən bank sistemində sağlamlaşdırmanı görmürəm. Cənab prezident də çıxışında demişdi ki, 2016-cı ildə Azərbaycan iqtisadiyyatına ən böyük ziyanı banklar vurub. Biz Milli Məclisin İqtisadi siyasət komitəsindəyik. Gəlin yığışaq, banklarla söhbət edək ki, niyə görə kredit faizləri həddən artıq yüksəkdir?"
Deputat bildirib ki, banklarda vaxtı keçmiş kreditlərin miqdarı getdikcə artır və bu borcları silmək çətinləşir. "Bunu necə siləcəklər? Perspektiv varsa biz də bilək də. Axı bu Azərbaycan iqtisadiyyatına təsir edən amillərdən biridir. Oqtay müəllim, (Oqtay Əsədov) mən keçən il də bununla bağlı sizə müraciət etmişdim.
Gəlin, bank rəhbərlərini komitənin iclasına çağıraq, bizə məlumat versinlər də bu proses hara gedir. Onların bu istiqamətdə fikirlərini alaq".
Vahid Əhmədov həmçinin Laçın Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Füzuli Tanrıverdiyevin cəzalandırılması məsələsini qaldırıb. Vahid Əhmədov bununla bağlı Baş prokuror Zakir Qaralova da müraciət edib: "Zakir Qaralovdan xahiş edirəm ki, bu məsələyə diqqətlə yanaşılsın. Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə xələl gətirən mövqe sərgiləyən şəxslərlə bağlı tədbir görülsün. Necə ola bilər ki, sən üzərində Azərbaycan pasportu gəzdirirsən, amma Kürdüstan dövlətinin yaradılmasını təbliğ edirsən. Özü də bu məmurdur".


"Problemli kreditlərlə bağlı qanun layihəsi hazırlanmalıdır"

Deputat Əli Məsimli diqqətə çatdırıb ki, Azərbaycanda problemli kreditlərlə bağlı qanun layihəsi hazırlanmalıdır. Əgər əvvəllər problemli kreditlərin ümumi kredit portfelində payı 10%-dən az idisə, hazırda çoxdur". O deyib ki, vaxtı keçmiş kreditlərin vaxtının uzadılmasının heç bir əhəmiyyəti yoxdur. Ə. Məsimli qeyd edib ki, bu problemi birdəfəlik həll etmək lazımdır. "Kiçik biznesin stimullaşdırılması istiqamətində də addımlar atılmalıdır"-deyə Əli Məsimli əlavə edib.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib ki, son illər Azərbaycanda xüsusilə gənclər arasında energetik içkilərə maraq kəskin artıb: "Ölkədə insan orqanizmi üçün zərərli olan bu içkilərin satışına hər hansı məhdudiyyətin qoyulmaması onu daha da əlçatan edib. Digər tərəfdən, energetik içkilərlə bağlı reklam kampaniyaları, insanların kütləvi toplaşdığı yerlərdə onların pulsuz paylanılması bu içkilərə marağı, xüsusilə yeniyetmələrin və gənclərin ona olan aludəçiliyini gücləndirib". Deputat bidrib ki, Azərbaycanda energetik içkilərin kütləvi şəkildə yayılması, xüsusilə gənclərin buna maraq göstərməsi artıq narahatlıq doğuran problemdir: "Ümumiyyətlə, son illərdə energetik içkilərdən qəfil ölüm halları çoxalıb. Bütün dünyada, o cümlədən Azərbaycanda gənclər və yeniyetmələr arasında energetik içkilərin fəsadları artıb. Energetik içkilərin inkişaf etməkdə olan orqanizmə vurduğu fəsad daha çoxdur. Bu içkilər insanın istər psixoloji durumuna, istər ürək-damar sisteminə, istərsə də maddələr mübadiləsinə mənfi təsir göstərir. Bu içkilərin qəbulundan yuxu, əsəb sistemi pozulur, bunları qəbul edən insanlar bəzən öz fəaliyyətlərinə nəzarət edə bilmirlər". M.Quliyev hesab edir ki, Azərbaycanda energetik içkilərin satışını qadağan etmək mümkün olmasa da, onun satışının məhdudlaşdırılması, uşaqlara əlçatanlığının minimuma endirilməsi üçün tədbirlər görülə bilər: "Energetik içkilər Azərbaycanda aksiz dərəcəsi təyin olunan mallar siyahısına daxil edilməli, qiymətinin bahalaşması üçün ona əlavə aksiz vergiləri tətbiq edilməlidir. Üzərilərinə 18+ işarəsi yazılsın. Bu halda həmin içkiləri hər kəs, xüsusilə yeniyetmələr ala bilməyəcək. İstər KİV-lərdə, istər reklam şitlərində, istərsə mağazaların özündə belə reklam olmamalıdır. Digər tərəfdən, onların satışı da tütün məmulatları və alkoqollu içkilərin satışı kimi tənzimlənməli və lisenziya əsasında həyata keçirilməlidir".


Əli