“Bu sistemi Rusiya qanunvericiliyindən götürmüşük...” Siyasət

“Bu sistemi Rusiya qanunvericiliyindən götürmüşük...”

Milli Məclisin dünən keçirilən plenar iclasında cari il iyunun 13-də qəbul edilmiş "Dövlət qulluğu haqqında" qanunda dəyişikliklər edilməsi barədə" qanuna Prezidentin etirazı haqqında qərar layihəsinə baxılıb.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bu dəyişikliyin qəbul edilməməsi ilə bağlı tövsiyə məqsədəuyğun hesab edilib.
Məsələ ilə bağlı fikir bildirən deputat Zahid Oruc bildirib ki, parlamentdə dəfələrlə dövlət qulluğu ilə bağlı düzəliş və dəyişikliklər qəbul edilib: "Bu gün 34 min dövlət qulluqçusu ştatı var. 2000 vakansiya boş qalmaqda davam edir. Bu o deməkdir ki, insanlar universiteti necə qurtarmasından asılı olmayaraq bu yerlər boş qalır. Azərbaycan insanının işə necə ehtiyacı olduğunu bilirik".
Deputat deyib ki, biz bu sistemi Rusiya qanunvericiliyindən götürmüşük: "Rusiya federal dövlətdir, biz isə unitar dövlət quruluşuna malikik. Hesab edirəm ki, biz bu təsnifata yenidən baxmalıyıq".
Spiker isə deyib ki, dövlət qulluğu ilə bağlı hesabat verilir: "Hər il nə qədər insan qəbul olunur, nə qədər insan pensiyaya çıxırsa bununla bağlı hesabat verilir. 2000 yerin boş olduğunu heç kim deyə bilməz. Əgər hesabat verilmirsə, bu qədər yerin boş olduğunu necə bilirsən".
Məsələ səsverməyə qoyularaq qəbul edilib.
Milli Məclisin dünən keçirilən iclasında həmçinin "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna dəyişikliklər edilib. Dəyişikliyə əsasən, Xarici Kəşfiyyat Xidmətindən və Dövlət Təhlükəsizliyi Xidmətindən ehtiyata keçirilmiş hərbi vəzifəlilərin hərbi qeydiyyatı və onlara hərbi biletin verilməsi həmin orqanlar tərəfindən həyata keçiriləcək. Xarici Kəşfiyyat Xidməti və Dövlət Təhlükəsizliyi Xidməti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri kimi dövlət sirri təşkil edən və haqqında məlumat yayılması yolverilməz olan fəaliyyəti həyata keçirirlər.
Müəyyən şəxslərin hərbi xidmətdə saxlanılması və həmin orqanlara mənsubiyyətinin açıqlanmaması prinsipi onlar ehtiyata buraxılan zaman pozula bilər. Belə ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna əsasən, çağırışçıların və bütün hərbi vəzifəlilərin hərbi qeydiyyatı onların yaşayış yeri üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən açıq siyahılarla aparılır.
Öz növbəsində "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" qanuna əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin ehtiyatını təşkil edən şəxslər həmin orqanlarda hərbi qeydiyyata alınırlar və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada təlim toplanışı keçirirlər.
Qeyd olunanları, həmçinin qanunlar arasında yaranmış ziddiyyəti aradan qaldırmaq məqsədilə "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna dəyişikliklər edilməsi təklif olunur.
Qanuna dəyişiklik səsə qoyularaq qəbul edilib.
Milli Məclis daha bir qanuna dəyişiklik edib. Belə ki, "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" Qanunun 12-ci maddəsinin üçüncü hissəsinə "və digər" sözlərindən sonra "kütləvi qırğın silahlarının" sözləri əlavə edilib.
Habelə "Polis haqqında" Qanuna dəyişiklik edilib. Bu dəyişiklik sözügedən qanunu "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamədə dəyişikliklər edilməsi barədə" qanuna uyğunlaşdırmaq məqsədi daşıyıb.
Dəyişikliklərə əsasən, "Polis haqqında" Qanununun 28-ci maddəsinin IV hissəsindən, 33-cü maddəsinin I hissəsinin 3-cü bəndindən və 34-cü maddəsinin I hissəsinin 9-cu bəndindən "ləyaqətsiz" sözü çıxarılıb.