“Rusiya sərhədləri dəyişdirmək istəmir” Siyasət

“Rusiya sərhədləri dəyişdirmək istəmir”

"Moskvadakı Kornegi analitik mərkəzinin saytında Dağlıq Qarabağ problemi ilə bağlı yeni təhlildə diqqət çəkən məqam Qərblə aralarında böyük ziddiyyətlər olan Rusiyanın bu məsələyə yanaşmada nəyə görə oxşar mövqedən çıxış etmələrinin səbəbinin açıqlanmasıdır". Bu sözləri millət vəkili Sahib Alıyev deyib.
Onun sözlərinə görə, biz burada din faktorunun müəyyən rol oynadığı düşüncəsində olmuşuq daha çox. Ancaq Kornegi Mərkəzinin təhlilində belə bir cümlə var, "ABŞ və Avropa Birliyi Rusiyanın Qarabağ yönündəki səylərində postsovet məkanında sərhədləri dəyişdirmək cəhdini görmür". Beləliklə, mərkəzin gəldiyi nəticə budur ki, Rusiya Dağlıq Qarabağ problemini Azərbaycanın, yaxud da Ermənistanın sərhədlərini dəyişdirilmək, yəni işğal altındakı torpaqları birindən qoparıb o birinə birləşdirmək yoluyla həll etmək istəmir.
Əlbəttə, bu bizim üçün önəmlidir. Ancaq bizim üçün, ümumiyyətlə, problemin həlli ondan az önəmli deyil. Rusiya, eləcə də, əksər məsələlərdə fikirləri tərs gəlib Dağlıq Qarabağ məsələsinə yanaşmada onun mövqeyini bölüşən Qərb problemin həllində maraqlıdırmı? Bax, bu sualın cavabı yoxdur. Bəlkə ona görə ki, problemin həllinin bu qədər uzadılmasının özü elə cavabdır".