“Ermənistan çalışır ki, danışıqlar baş tutmasın” Siyasət

“Ermənistan çalışır ki, danışıqlar baş tutmasın”

Elman Nəsirov: "Danışıqlar prosesi öncəsi təxribatlara əl atırlar"

"ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərinin əsas məqsədi Azərbaycan və Ermənistan prezidentlərinin görüşü barədə razılığın əldə edilməsidir. Ayrı-ayrı KİV-lərin yaydığı məlumata görə, ilin sonuna qədər belə bir görüşün keçirilməsi planı var. Amma məsələ ondandır ki, Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə qeyd edib ki, bizə substantiv danışıqlar lazımdır. Biz danışıqlar naminə danışıqlar istəmirik".
Bu fikirləri deputat Elman Nəsirov bildirib. Deputat qeyd edib ki, Ermənistan tərəfi çalışır ki, danışıqlar baş tutmasın. Onun sözlərinə görə, danışıqlar prosesi öncəsi, danışıqlar prosesi və ya ardınca Ermənistan təxribatlara əl atır, insidentlər törədir ki, danışıqlar nəticə verməsin. E. Nəsirov hesab edir ki, Ermənistan danışıqların baş tutmamasına çalışır: "Danışıqlar baş tutduğu halda atəşkəs rejiminin qorunub saxlanılması müzakirə olunsun. Əsas fundamental məsələlər diqqətdən kənarda qalsın. Bu Ermənistanın ənənəvi taktikasıdır. Fundamental məsələ dedikdə, ilk növbədə Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən söhbət gedir".
Deputat fikrincə, həmsədrlər fərqində olmalıdır ki, onların səfərlərinin nəticə verməməsinin səbəbi Ermənistana münasibətdə konkret siyasi iradə ortaya qoyulmaması və qətiyyətli davranış nümayiş etdirilməməsidir: "Ermənistan prezidenti BMT kürsüsündən dünyaya bəyan etdi ki, onlar beynəlxalq hüququn yalnız xalqların öz müqəddəratını təyin etmək prinspini qəbul edirlər. Ermənistan prezidenti beynəlxalq hüququn birinci prinsipi – ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsipini qəbul etmir".
E. Nəsirov əlavə edib ki, həmsədrlər bunu görsə də, Ermənistana qarşı addım atmırlar. Ermənistana qarşı təzyiq mexanizmini işə salmırlar, sanksiya tətbiq etmirlər. Azərbaycan prezidenti bunu BMT kürsüsündən bəyan edib və Ermənistana hərbi caninin rəhbərlik etdiyini vurğulayıb".
Deputat deyib ki, həmsədrlər qətiyyətli mövqe ortaya qoyub Ermənistanı sülhə məcbur etməlidirlər. İşğala son qoyulması üçün real addım atmalıdırlar: " Lakin həmsədrlər öz işlərini regiona səfər və ümumi, ünvansız bəyanatlar verməklə bitmiş hesab edirlər. Bu isə nəticə etibarilə münaqişənin dinc yolla deyil, müharibə yolu ilə həllinə xidmət etmiş olur, vəziyyətin gərginləşməsinə təsir edir. Müharibə başlasa, onu dayandırmaq çox çətin məsələyə çevriləcək. Hesab edirəm ki, həmsədrlər qətiyyətli addım atmalıdır. Əks halda hadisələr mürəkkəb ssenari üzrə inkişaf edə bilər. Aprel döyüşündəki proseslər yeni məcrada təkrarlana bilər".