“Avropada ikilistandartlar, separatizmin dəstəklənməsi nəyin göstəricisidir?” Siyasət

“Avropada ikilistandartlar, separatizmin dəstəklənməsi nəyin göstəricisidir?”

"Bir sıra Avropa dövlətlərinin, digər dünya güclərinin bir çox məsələlərə ikili standartlarla yanaşmasının fəsadlar verəcəyi barədə Azərbaycan dövlət başçısının, eləcə də, bir çox nüfuzlu ziyalı, analitik və politoloqların xəbərdarlıqlarını xatırlatmaq istərdim. Deyiləndə ki, separatizmə, terrora, işğala, başqasının mədəni dəyərlərini özününküləşdirmələrə və s. vahid mövqe ortaya qoyulmasa, sabah-birisigün belə yaramazlıqlar, həmən o ikilistandart tətbiq edənlərin də üz-üzə qalacağı, nəsibini alacağı gerçəklik olacaq, diqqət etmirdilər. Parisdə, Londonda və b. Qərb paytaxtlarında, şəhərlərdə, bugünlərdə ABŞ-da – Las-Veqasda baş verən terror, Kataloniyada keçirilən məlum referendum və b. olayları sadalamaqla belə, dünyanın hara gəlib çıxdığını görərik". Bunu Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı deyib. "Bilirsiz, Qarabağdakı separatizmə, Ermənistanın Azərbaycan torpaqlarını elan olunmamış müharibə və havadarlarının ciddi dəstəyi ilə işğalına göz yumub da Kataloniyadakı referndumu qeyri-qanuni adlandıranda Qərbin də, başqa bir sıra güclərin də iç üzü bütün parlaqlığı – daha doğrusu, çirkinliyi ilə görünür. Özü də, ermənilər öz müqəddəratını bir dəfə, həm də tarixi Azərbaycan torpaqlarına "təyin" edib və Qarabağda artıq ikinci "müqəddərat təyinetmə"dən söhbət gedirsə, Kataloniyda bu birinci müqəddarat təyinetmədir. Habelə, qardaş Türkiyədə terror olaylarına sıradan bir olay kimi yanaşıb da, Parisdə terror olunca əl-ələvermələr haqlı suallar doğurur. Əslində, bu sual da deyil, bir daha və bir daha həqiqətin üzə çıxması, ikilistandartların gizlədilə bilməz hala gəlməsidir.
Biz din ayrı-seçkiliyi qoymazkən, multikulturalizmi, birgəyaşayış normalarını, mədəniyyətlər və sivilizasiyalararası dialoqu təşviq edərkən, sanki humanizmimiz, qonaqpərvərliyimiz özümüzə qarşı çevrilir. "Biz" deyərkən, ikilistandartlardan əziyyət çəkən bütün ölkələri, xalqları nəzərdə tuturam.
Bəs, Avropada ikilistandartlar, separatizmin dəstəklənməsi nəyin göstəricisidir? İlk növbədə, türk dünyasına, müsəlman aləminə inkişaf haqqı tanımamaq istəyinin tərkib hissəsidir. Türk, müsəlman torpaqları üzərində xəyallar quran, öz çirkin, qeyri-qanuni, qeyri-insani və Tanrıya xoşgetməyən planlarını həyata keçirmək istəyənlərin adıyaman işlərinin sonucudur bu. Bu, daha çox pul qazanmaq, daha güclü olmaq üçün başqalarını daha kasıb duruma düşürmək, asılı etmək istəyinin ortaya çıxardıqlarıdır. Hazırda dünyanın yaralı yerlərinə, hər gün insan qanı axıdılan şəhərlərə, kəndlərə baxın – ortaya çıxan bu coğrafiya nəyin ifadəsidir?"