AŞPA prezidenti Pedro Aqramunt istefa verib Siyasət

AŞPA prezidenti Pedro Aqramunt istefa verib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramunt istefa verib.
Bu barədə o, özünün "Twitter" səhifəsində yazıb.
"Bu gün şəxsi səbəblərdən AŞPA-ya sədrlik etməmək qərarı verdim",- deyə Pedro Aqramunt bildirib.
Qeyd edək ki, Pedro Aqramuntun vəzifədən uzaqlaşdırılması məsələsi uzun müddətdir gündəmdədir. İlk dəfə AŞPA-nın yaz sessiyasının iclasında ona etimad məsələsi qaldırılıb. Səbəb kimi P. Aqramuntun Suriyaya səfəri və orada Bəşər Əsədlə görüşü göstərilib. AŞPA sədri yaz sessiyasında çıxışa başlayan kimi assambleya üzvlərinin əksəriyyəti ayağa qalxaraq onun istefasını tələb ediblər.
Bu il iyunun 27-də AŞPA-nın yay sessiyasının plenar iclasında "Parlament Assambleyasında məsuliyyət prinsipinin tanınması və həyata keçirilməsi" adlı hesabat müzakirəyə çıxarılıb. İsveçrəli deputat, xanım Lilian Mori Paskyenin hazırladığı hesabatda AŞPA-nın prezidentinin, vitse-prezidentlərinin və komitə sədrlərinin vəzifələrindən çıxarıla bilməsi məqsədilə qurumun daxili prosedurunda dəyişiklik edilməsi nəzərdə tutulur. Çıxışlardan sonra hesabat səs qoyulub və 154 lehinə, 30 əleyhinə, 13 bitərəf olmaqla, qəbul edilib. Bu hesabatın qəbulundan sonra qurumun sədri Pedro Aqramuntun vəzifədən uzaqlaşdırılacağı gözlənilirdi.
Xatırladaq ki, Avropa Şurası Parlament Assambleyası (AŞ PA) sədr Pedro Aqramuntun istefasını təsdiq edib.